Yazını böyüt
Yazını kiçilt
Karantin rejiminin ciddiləşməsi, insanların bayıra çıxma məhdudiyyəti ilə əlaqədar olaraq Azərbaycan dövləti 200 mindən artıq aztəminatlı ailənin sosial və maddi durumunun yaxşılaşması ilə əlaqədar tədbirlər görməyə başladı. Prezident İlham Əliyev bununla əlaqədar müvafiq sərəncam imzaladı. Aidiyyatı qurumlara tövsiyyə və tapşırıqlarını çatdırdı. İki gün öncə isə iki aylıq ödənilən 190 manatlıq sosial təminatın 200 min yox, 600 min insanı əhatə edəcəyi ilə bağlı məlumatlar yayıldı. Prezident nazirlərlə görüşündə bu barədə informasiya verdi.
Artıq 190 manatlıq yardımı bir çoxları alıb. Proses hələ tam başa çatmadığından sosial təminat vəsaitini alanların sayı da artacaq.
Gəncə şəhərində yaşayan Elmir Babayev hafta.az-a açıqlamasında bildirib ki, ölkə rəhbərliyinin vətəndaşların qeydinə qalması bunun bir daha əyani sübutudur:
“Heç yerdə işləmirəm. İki uşağım var. Yoldaşım da işsizdir. Adımıza torpaq yoxdur. Doğrusu, nə edəcəyimizi bilmirdim. Elə evdəcə qeydiyyatdan keçdim. Üç gün sonra evimizin yaxınlığındakı poçta getdim. Sadələşdirilmiş prosedurla hər şeyi həyata keçirdilər. Cəmi 10 dəqiqə vaxtım getdi. 190 manatı alıb bazarlıq eləmək üçün marketə getdim. Vətəndaşları, bizim kimi kasıb adamları düşündüyünə görə cənab prezidentə təşəkkür edirəm”.
190 manatı alanlardan biri də Elmir Babayevin xalası oğlu Zərgər Hüseynovdur. Zərgər Hüseynov deyir ki, ehtiyatla və qənaətlə xərcləyənlər üçün bu vəsait bəs edir:
“Bəzi adamlar var, şikayətlənirlər ki, 190 manat azdır. Zəruri ərzaqları və təlabat mallarını alsalar bu pul bəs edir. Hələ 15-20 manat da artıq qalır. Baxın, dövlət həm bizi virusdan qoruyur ki, evdən bayıra çıxmayaq, həm də pul verir ki, ailəmizə baxaq. Hamı çətinliyi başa düşməlidir. Müvəqqəti narahatlıqdı. Koronavirus bütün dünyaya meydan oxuyur. Çin, İtaliya kimi ölkələrin dizini yerə gətirdi. Ona görə də naşükürlük eləmək olmaz”.
Mingəçevir şəhərindən Sevda adlı xanım da 190 manatlıq sosial yardımı alanlardandır. Deyir ki, tək yaşayır. Heç yerdə işləmir. Ciddi karantin rejiminə qədər bazarda gündəlik işlərdə işləyirmiş. Sonra qonşularının köməyi ilə “e-sosial” saytından qeydiyyatdan keçib. 3-4 gün sonra isə poçta gedərək onun üçün təyin olunmuş vəsaiti alıb:
“Heç bir sənəd istəmədilər. Tək şəxsiyyət vəsiqəsi ilə yaxınlaşdım. Pulumu aldım. İndi də evdə oturub karantinin bitməyini gözləyirəm. Daimi iş yerim yoxdur, işsizəm. Gündəlik işlərdə məşğul oluram”.