20 yanvar Azərbaycan, torpağı uğrunda ölənləri - gənc ailələrini, istedadlı yeniyetmələrini, analarını, uşaqlarını, atalarını, vətənsevər gənclərini Şəhid kimi öz ağuşuna aldı.
Həmin gün -qələbəyə gedən yolun başlanğıcı oldu...
Hafta.az 20 yanvar - faciə və qəhrəmanlıq tariximizə ictimai-siyasi xadimlərin nəzəri ilə baxacaq.
Milli Məclisin Komitə sədri Fəzail İbrahimli:
-20 yanvar Azərbaycan xalqının şərəf və faciə tarixidir. Ona görə şərəflidir ki, Azərbaycan insanı öz azadlığı uğrunda mübarizəyə qalxmışdı. İmperiya zəncirinə boyun əymir, onu qırmaq istəyirdi...
Sovet imperiyası bizim əzəli, əbədi torpağımızı - Dağlıq Qarabağı ermənilərə güzəşt etmək üçün müxtəlif oyunlar çıxardırdı. Mən də o dövrdə kifayət qədər yetkin adam idim. Universitetin müəllimi kimi biz bəzən gecə saat 2-yə qədər Moskvaya müraciət ərizəsi yazırdıq. Sonradan məlum oldu ki, bu oyunu quran elə Moskvanın özüdür, onun başında duran Qorbaçov və həyat yoldaşıdır. Belə olan halda xalq imperiyadan üz çevirdi və nəticədə öz azadlığı barədə düşünməyə başladı. Topxana meşəsində kəsilən ağaclara etiraz əlaməti olaraq insanlarımız Azadlıq meydanına toplaşdı. Azərbaycanda müxtəlif siyasi qruplar bu prosesdən istifadə etməyə başladılar. Amma millətin ruhunu qırmaq mümkün olmadı. Millət ayağa qalxdı, əli yalın hüquqlarını qorumaq istədi. Nəticədə Azərbaycan xalqına qaşı cinayət törədildi. Azərbaycan böyük itkilər, qurbanlar verdi. Amma millətin əzmi qırılmadı.
Bu gün “20 yanvar” ziyarətin fəlsəfəsi dəyişib. Həmişə şəhidlərin o çöhrəsinə baxanda insan özünü aciz, gücsüz hiss edirdi. Şəhidlər Xiyabanının yanından keçəndə onlara deyirdim ki, sizin qanınız yerdə qalmayıb. Biz müstəqil dövlətdə yaşıyırıq, siz bunun istəyirdiz. Bu gün şəhidlərin qarşısından keçən hər kəs deyir ki, ruhunuz şad olsun, qanınız yerdə qalmayıb. Azərbaycan torpaqlarını işğaldan azad etdik, haqqınızı bərpa etdik. Bu gün Azərbaycan dünya dövlətlərinin sırasında dayanan qüdrətli dövlətdir. Bu mənada Yanvar faciəsi şəhidlərinin anıldığı bu gün insanlarda bir ruh yüksəkliyi var idi. Yanvar şəhidlərinin sırasına Vətən Müharibəsində zəfər salnaməsini yazan şəhidlərimiz də daxil oldu. Bu gün onların hər birinin ruh şaddır. Dövlətimiz güclüdür, milətimiz qüdrətlidir, Ali Baş Komandanımız güclüdür və xalqımız dünya millətlərini sırasında köllə deyil, qüdrətli, azaddır”.
YAP-ın sədr müavini Əli Əhmədov:
“20 Yanvar faciəsi tariximizin ən qanlı hadisələrindən biridir. Bu faciə xalqımızın azadlıq mübarizəsinin, dəyanət və ləyaqət duyğularının unudulmaz simvoludur. Bakı qırğınını törətməklə çürüməkdə olan sovet imperiyası özünün qaniçən mahiyyətini ifşa etdi, onun rəhbəri Mixail Qorbaçov isə tarixdə əli qana batmış sovet rəhbəri kimi şərəfsiz iz qoydu. İmperiyanın qaçılmaz süqutu geriyədönməz xarakter aldı.
Azərbaycan xalqı Bakı qətliamının qurbanlarını unutmur. Şəhidlər Xiyabanı azadlıq qurbanlarının xatirəsinə əbədi ehtiramın ifadəsidir. Lakin 20 Yanvar faciəsində qətlə yetirilənlərin xatirəsinə ən böyük abidə Müstəqil Azərbaycan, 44 günlük Vətən müharibəsi nəticəsində azadlığına qovuşan Qarabağdır.
Allah 20 Yanvar şəhidlərinə, Azərbaycanın azadlığı yolunda canından keçən bütün şəhidlərimizə rəhmət etsin”.
Milli Məclisin deputatı Elman Nəsirov:
“Bu gün Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir ünvan vardır. Bu, 20 Yanvar faciəsi qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər Xiyabanıdır.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı misli görünməmiş bir cinayət baş verdi. Əliyalın insanlara qarşı Sövet ordusu qətliam həyata keçirdi. 20 Yanvar tariximizə Milli Hüzn Günü kimi daxil oldu. Bu həm də xalqımızın müstəqillik uğrunda Qəhrəmanlıq tarixi idi.
O vaxt Bakı Dövlət Universitetinin 1-ci kurs tələbəsi idim. Sırf təsadüf nəticəsində sağ qaldım. Faciənin ayrı-ayrı detallarını gözümlə görmüşəm. Xatırlamaq belə üzücü və dəhşətli gəlir.
20 yanvar faciəsinin günahkarları: SSRİ-nin birinci və sonuncu prezidenti M.Qorbaçov, Bakıda qətliam törədən ordunun fəaliyyətinə birbaşa rəhbərliyi həyata keçirən Primakov, müdafiə naziri Yazov, SSRİ MK-nın katibi Girienko, SSRİ MK-nın millətlərarası münasibətlər şöbəsinin müdir müavini Mixaylov, daxili işlər naziri Bakatin, habelə Ə.Vəzirov başda olmaqla Azərbaycan rəhbərliyi hələ də beynəlxalq məhkəmə qarşısında mühakimə olunub, layiqli cəzalarını almamışlar. Bu məqamda qeyd edək ki, sabiq SSRİ prezidenti M.Qorbaçov 1995-ci ilin aprel ayında Türkiyədə səfərdə olarkən 1990-cı il yanvar qırğınından bəhs edib, “Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımda ən böyük səhvim idi”,- deyərək öz günahını etiraf etmişdir. Bu etiraf heç bir halda onu məsuliyyətdən azad etmir.
Zaman kecdikcə bir sıra həqiqətlər meydana cıxır, 20 Yanvar faciəsinin qaranlıq məqamları aydın olur. 100 cildlik istintaq materiallarının 68 cildi Bakıdan Moskvaya, kecmiş SSRİ Prokurorluğuna aparılmışdır və indiyədək qaytarılmayıb. 68 cildlik cinayət işinin materiallarının əldə edilməsi 20 Yanvar faciəsinin miqyasını və baiskarlarının məsuliyyət dərəcəsini tam dəqiqliklə uzə cıxara bilər.
Beynəlxalq birlik isə hələ də bu ədalətsizliyə dözür. Buna baxmayaraq, inanırıq ki, Azərbaycan xalqının qanına əli batmış bu cinayətkarlar gec-tez öz layiqli cəzalarını alacaqlar. Əminliyimizin ciddi əsasları vardır.
Son 31-ildə ilk dəfədir ki, 20 Yanvar faciəsinin növbəti ildönümünü yeni tarixi reallıqda-xilaskar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində tarixi zəfərə imza atdığı bir zamanda qeyd edirik. O tarixi qələbə ki, bütün şəhidlərimizin ruhunu şad etmişdir. O, qələbə ki, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Ağdamımızı, Kəlbəcərimizi, Laçınımızı, Hadrutumuzu, Suqovuşanımızı, Şuşamızı və bütövlükdə işğal altındakı bütün ərazilərimizi öz əbədi sahibinə-Azərbaycan xalqına qaytaramışdır. Yaşasın Xilaskar Ali Baş Komandanımız! Yaşasın Müzəffər Ordumuz! Yaşasın Qalib Xalqımız!
Allah Şəhidlərimizə rəhmət eləsin!”
Konstitusiya Araşdırmaları Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev:
-20 Yanvar – milli tarix təqvimimizdə nadir günlərdən biridir ki, həm böyük qürur hissi, fəxrlə, həm də dərin hüzünlə, qüssə ilə qeyd edirik, yad edirik. 20 Yanvar hadisələri, milli müstəqillik yolunda mübarizənin önünü açdı, əziz şəhidlərimiz isə ilk çığır açanlar oldular. 20 Yanvar hadisələri, SSRİ, Sovet imperiyası rəhbərliyinə göstərdi ki, Azərbaycan xalqı siyasi elitanın əksəriyyətinin mütiliyinə baxmayaraq milli maraqları və idealları uğrunda can verməyə, qan tökməyə, ölümünə çarpışmağa, əliyalın tank, top, qarşısına belə keçməyə hazırdır. Bu hansısa siyasi qüvvələrin fəaliyyətinin, yaxud məmur kabinetlərində hazırlanan ssenarilərin məhsulu deyil, bu əsrlərdən süzülüb gələn, əcdadlarımızın mirası olan, ana südüylə, folklor, mədəniyyət, ədəbiyyatla, genetik kodla nəsldən-nəslə ötürülən müstəqillik duyğularının coşması, tarixi ədalətsizliyə ümümxalq etirazıdır. Bu hadisələrin qəhrəmanı xalq, sadə insanlar oldu. 20 Yanvarda Bakı küçələrində şəhidlərin, yaralananların tökülən qanı xalqımızın dirilik suyu oldu. 20 Yanvar hər bir vətəndaş, soyadaşımız üçün qəhrəmanlıq simvolları yaratdı.
31 il əvvəl sovet tankı, topu qarşısında çıxanların, o cümlədən mənim də sipərim, müstəqiliy amallarımıza sarsılmaz inam, vətəni qorumaq borcuydu. Məhz bu amallar, dərin inam 20 Yanvarda küçə və meydanlara çıxanları, müstəqillik, azadlıq hayqıranları təslim olmağa qoymadı, hətta xəsarət alanlar belə sona qədər mübarizə əzmi nümayiş etdirdiər. 20 Yanvarda hadisələrində ayağından yaralanan bəndəniz bunun əyani şahidirdir və şübhəsiz ki, o nəslin sarsılmaz mübarizliyi, döyüşkən ruhu 30 il sonra İkinci Qarabağ savaşında parlaq qələbəmizi təmin etdi. Təsadüfi deyil ki, Ali Baş Komandan İlham Əliyev Şuşanın azad olunmasıyla bağlı müjdəni məhz Şəhidlər Xiyabanında şəhidlərimizə verdi. Allah şəhidlərimizə rəhmət eləsin! Onların yaratdığı məktəbin məzunları 2020-ci ildə yenə tarix yazdılar, Birinci Qarabağ savaşındakı erməni vəhşiliklərinin qisasını aldılar, işğalçıları torpaqlarımızdan qovuldar. Bu gün onların ruhları şaddır, qalib soydaşları onları ziyarət edəcəklər. Ruhları şad olsun!”
Millət vəkili Könül Nurullayeva:
“Bu gün Qanlı Yanvar faciəsindən 31 il ötür, faciə qurbanlarını dərin ehtiram və hüznlə anırıq!
Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar olaraq Keşlə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanına baş çəkdim, şəhidlərimizin uca ruhunu yad etdim. Qanlı Yanvar faciəsi qurbanlarının simasında I və II Vətən Müharibəsində dünyasını dəyişən bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə acil şəfalar arzulayıram. İnanıram ki, vətən uğrunda bugünədək canından keçmiş bütün igidlərimizin və günahsız əhalimizin ruhu hal-hazırda şaddır və rahat uyuyur.
Lakin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə neçə-neçə ailələrin, körpələrin, yaşlıların, ürəyində min bir arzu ilə yaşayan gənclərin, Larisanın, Ülvinin, ayrılığa dözməyən İlham və Fərizənin gözlərini dünyaya əbədi yumdurdu. Sovet İttifaqının qoşun dəstələri fövqəladə vəziyyət elan etmədən mərkəzi Bakı şəhəri olmaqla Azərbaycana daxil oldu, dinc əhalimizə divan tutdu, onları qəddarcasına qətlə yetirdi. Tariximizə adını qara hərflərlə yazdı Qanlı 20 Yanvar faciəsi...
Ancaq bu gün biz, Azərbaycan xalqı, əminik ki, günahsız yerə qanı tökülmüş 20 Yanvar faciəsi qurbanlarının ruhu rahat uyuyur. Onların və ümum şəhidlərimizin canı-qanı bahasına bu gün Azərbaycan müstəqil və suveren dövlətdir, Qarabağ isə Azərbaycandır!”
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva:
20 yanvar 1990-cı ildən bizi 31 il ayırır. Ancaq bu uzaqlaşma deyil, bəlkə, tarixi getdikcə daha dərindən idrak etməkdir. 20 yanvardan 300 il keçsə də, xalqın yaddaşı, qan yaddaşı, ictimai fikir, hər gələn nəsil o günü unudan deyil.
20 yanvar şəhidlərinin dəfn mərasiminin təşkili, yüz minlərlə insanın heç bir qadağaya baxmayaraq, dəfndə iştirakı xalq ruhunun cəsarətini göstərdi. Və zərrə qədər şübhə yoxdur ki, SSRİ imperiyasının çöküşünün əcəl zəngi məhz Bakıda, yanvarın 19-dan 20-ə keçən gecə çalınıb! O gecə bir imperiya üçün çalınan əcəl zəngi, bir respublika üçün dövlət müstəqilliyinə gedən yolun xəbərçisi idi. 170 nəfərə yaxın şəhid, 800 nəfərə yaxın yaralı... dağıdılan obyektlər, sırdana çıxarılan avtomobillər, bir sözlə, qana tutulmuş şəhər..! 20 yanvar 1990-cı ildə soyuq Bakıya Günəş doğmadısa da, istiqlal günəşi üfüqdə göründü...
20 yanvar xalqın əzmini sındıra bilmədi, xalq öz iqtislal arzusundan əl çəkmədi. Hər xalq 20 yanvardan, o dövrün acı gerçəkliklərindən keçib dirçələ bilməz yaxud uzun illər diçələ bilməz. Özü də, bir yandan Qorbaçov Kremlinin, SSRİ siyasi-hərbi rəhbərliyinin ədalətsizliyi ilə, digər yandan onların və başqalarının himayəsinə sığınmış Ermənistanın torpaq iddiaları ilə - faktiki iki cəbhədə və faktiki əliyalın mübarizə aparan xalqdıq o illərdə... Azərbaycan xalqı böyük xalqdır, dirçəldi, dövlət müstəqilliyini qazandı, şəhidlərin ruhu şad oldu.
Şəhidlər Xiyabanında 20 yanvardan sonra, 20 yanvar şəhidlərinin müqəddəs yolunu davam etdirərək, suverenlik və ərazi bütövlüyümüz uğrunda şəhid olan Vətən oğul-qızları da torpağa tapşırılıb. Ölkəmizin elə şəhəri, rayonu, el-obası yoxdur orada şəhid məzarı olmasın. Şair demiş, torpağımız hər yerdə şəhid məzarı ilə möhürlənib, elə ona görə də, müstəqilliyimiz əbədidir. Bu əminliyi 44 günlük Vətən Müharibəsində bir daha yaşadıq, bir daha gördük, bir daha inandıq. Xalqımız böyük xalqdır, vəfalı xalqdır, dönməz xalqdır! Bu yerdə, Ümummilli liderin sözlərini xatırlatmaq istərdim: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki mən azərbaycanlıyam”!
Millət vəkili Məşhur Məmmədov:
“Bu gün xalqın yaddaşına qanlı hərflərlə yazılan 20 Yanvar faciəsindən bizləri nə az, nə çox, 31 il ayırır. 31 il az müddət deyil, amma hər il qədirbilən xalqımız eyni hüznlə, eyni izdihamla 20 Yanvar Şəhidlərinin məzarını ziyarət edir, onların xatirəsni ehtiramla yad edir.
Dövlət səviyyəsində hüzn günü kimi qeyd edilən 20 Yanvar elə dövlətin 20 yanvar şəhidlərinə diqqət və ehtiramıdır.
İllər keçsə də Şəhidlərə ehtiram dəyişməz qalacaq, onların xatirəsi həmişə ehtiramla anılacaq, məzarları xalqın ziyarətgahına çevriləcək.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!”
Millət vəkili Razi Nurullayev:
"Bütün xalqımıza əmin-amanlıq, yaralılarımıza cansağlığı və şəhidlərimizə rəhmət diləyirəm. 20 yanvar şəhidlərimizin ruhu şad olsun. Şhidlərin məzarına tər qərənfillər düzüb, ruhlarına dualar oxudum. Allah Azərbaycanı qorusun! Prezident İlham Əliyevə güc-qüvvət arzulayıram ki, xalq naminə qətiyyətli addımlarını davam etdirsin. Bizim xalqımız gözəl həyata, ləyaqətli yaşayışa və hörmətə layiqdir".
Millət vəkili Arzu Nağıyev:
“20 Yanvar faciəsi postsovet məkanında azadlıq hərəkatı kimi yadda qalan ən mühüm hadisələrdən biri oldu. 1988-ci ildən başlayaraq Azərbaycanın Azadlıq hərəkatı, Ermənistanla sərhəddə baş verən hadisələr, ermənilərin Qarabağ iddiası, bunların hamısı bir zəmin idi ki, 90-cı il hadisələri baş versin. Bu hadisələrlə bağlı sovet xüsusi xidmət orqanlarının ssenarisi var idi. Sovet rəhbərliyi faciəni törətməklə Azərbaycan xalqının qürur və mənliyini sındırmaq istəyirdi, lakin onlar buna nail ola bilmədilər. 20 Yanvar faciəsindən sonra 2 milyondan çox insanın Azadlıq meydanına toplaşması dünyaya bir mesaj idi. Bütün dünya gördü ki, Azərbaycan xalqı lazım olan anda yumruq kimi birləşir. Bu gün Şəhidlər Xiyabanı bizim and və ziyarət yerimizdir”.
Tahirə Qafarlı