“Ölkə Prezidenti cənab İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirə çox önəmlidir və çox mühüm əhəmiyyət kəsb edir. Qeyd edim ki, bu, 2019-cu ildə keçirilən sayca ikinci müşavirədir”.
Bunu hafta.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib. Deputatın sözlərinə görə, bu tipli müşavirə bu ilin fevral ayında da keçirilmiş və onun ölkə həyatına, iqtisadi inkişafa, islahatlar prosesinə çox böyük müsbət təsiri olmuşdu: “Çünki həmin müşavirədən cəmi bir neçə gün sonra analoqu olmayan tarixi Fərman, yəni, problemli kreditlərin həllini nəzərdə tutan məlum sənəd imzalanmışdı. Eyni zamanda, ölkədə maaşlar, pensiyalar, minimum əməkhaqqı, sosial müavinətlər artırılmış, sosial-iqtisadi islahatlarla bağlı növbəti mərhələ başlanmışdı. Avqustun 31-də isə bu yöndə müşavirə keçirildi və burada bir çox ciddi məsələlər müzakirə, təhlil olundu, tapşırıqlar, göstərişlər verildi”.
Millət vəkilinin fikrincə cari ilin 6 ayı ərzində kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13% artıb. Bitkiçilik məhsullarının həcmində 25,6% (1,77 mlrd.manat), heyvandarlıq məhsullarının həcmində 2,9% artım (1,9 mlrd. manat) qeydə alınıb: “Aqrar sahənin Ümumi Daxili Məhsulda payı 5,6 faizə çatıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyun aylarında kartof istehsalı 10,3%, taxıl istehsalı (qarğıdalı da daxil olmaqla) 40,7%, tərəvəz istehsalı 13,8%, meyvə və giləmeyvə istehsalı 21,1%, bostan məhsulları istehsalı 37,5% artıb. Cari ilin 6 ayı ərzində ölkədə 335,7 min ton kartof, 2541,7 min ton taxıl (qarğıdalı da daxil olmaqla), 675,1 min ton tərəvəz, 125,2 min ton meyvə və giləmeyvə, 54,8 min ton bostan məhsulları istehsal olunub”.
Millət vəkili qeyd edib ki, 2019-cu ilin 6 ayı ərzində 411,8 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulları ixrac olunub. Kənd təsərrüfatı məhsullarının ixrac həcmi ötən ilin müvafiq dövrünə nəzərən 27,9% artıb: “Yanvar-iyun aylarında ölkədən 181,3 milyon dollar dəyərində kartof və tərəvəz məhsulları, 137,2 milyon dollar dəyərində meyvə, 75,7 milyon dollar dəyərində pambıq lifi, 6,4 milyon dollar dəyərində tütün xammalı ixrac olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyun aylarında ölkədən meyvə ixracı 42,2% artıb. 2019-cu ilin 1 iyul tarixinə kimi 798,1 min hektar taxıl sahəsində biçin aparılıb. Ümumi taxıl sahələrinin 76,6%-i, o cümlədən, buğda sahələrinin 69,9%-i, arpa sahələrinin isə 94,5%-i biçilib. Sahələrdən 1,6 milyon ton buğda, 964,6 min ton arpa yığılıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 60,0% və 18,9% çoxdur. 1 iyul tarixinə buğdanın məhsuldarlığı 33.2 sent/ha, arpanın məhsuldarlığı isə 29.9 sent/ha olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,3 sent/ha və 2,2 sent/ha çoxdur”.