2021-ci ildə DGK tərəfindən 418 cinayət xarakterli fakt aşkar edilib

11:06 25.01.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

2021-ci ildə Dövlət Gömrük Komitəsi tərəfindən aşkar edilmiş 418 cinayət xarakterli faktın 101-i qaçaqmalçılıq (qaçaqmalçılıq əşyalarının dəyəri 6,3 milyon manat), 26-sı gömrük ödənişlərinin ödənilməsindən yayınma, 21-i aksiz markasız idxal (425 min manatlıq mal), 191-i 252,2 milyon manat valyuta vəsaitlərini xaricdən qaytarmama, 79-u digər əməllərlə əlaqədar olmuşdur.

Bu barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-istintaq Baş İdarəsi rəisinin 1-ci müavini Güloğlan Muradlı “Qaçaqmalçılıqla mübarizədə əldə olunan nailiyyətlər” mövzusunda çıxışı zamanı jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, bu əməllərin törədilməsində şübhəli bilinən 427 nəfərin (333 Azərbaycan vətəndaşı, 94 əcnəbi) barəsində müvafiq tədbirlər görülmüşdür:

"Son illər ərzində gömrük sahəsində şəffaflığın təmin edilməsi, korrupsiyaya qarşı mübarizənin aparılması, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması istiqamətində Baş İdarəni təşəbbüsü ilə aidiyyəti qurumlarla birgə həyata keçirilmiş tədbirlər nəticəsində gömrük əməkdaşları tərəfindən törədilən korrupsiya əməlləri ilə əlaqədar 20-yə yaxın fakt aşkar edilmiş və toplanmış materiallar qanunauyğun tədbirlər görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. 2021-ci il ərzində axtarışda olan 11 nəfər şəxsin tapılaraq istintaq orqanına gətirilməsi təmin edilmiş, istintaqı aparılan 221 cinayət işindən 95-i ittiham aktları ilə birlikdə ibtidai araşdırmaya rəhbərlik edən prokurora göndərilmiş, həmin işlərdən 90-ı üzrə ittiham aktı təsdiq edilərək cinayət işləri baxılması üçün aidiyyəti məhkəmələrə verilmişdir. 54 nəfər barəsində həbs qətimkan tədbiri seçilmişdir. İcraatına xitam verilmiş 6 cinayət işi üzrə dövlət mülkiyyətinə vurulmuş 295 900 manat ziyan tam şəkildə ödətdirilmişdir".