2026-cı il Süni İntellekt İli elan edildi

19:50 02.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan Prezidenti Kassım-Jomart Tokayev Xarici İnvestorlar Şurasının 38-ci plenar iclasında bildirib ki, ölkə cəlb olunan xarici investisiyaların həcminə görə Mərkəzi Asiyada liderliyini qorumağı və iqtisadiyyatın rəqəmsal transformasiyasını sürətləndirməyi hədəfləyir.

Dövlət başçısının sözlərinə görə, mürəkkəb xarici şəraitə baxmayaraq, ötən il Qazaxıstan iqtisadiyyatı 6,5 faiz artıb, ümumi daxili məhsulun həcmi isə 300 milyard dolları ötüb. Toplanmış birbaşa xarici investisiyaların həcmi 150 milyard dollardan çox olub ki, bu da regiona yatırılan bütün investisiyaların təxminən 70 faizini təşkil edir.

Tokayev həmçinin 2026-cı ili ölkədə Süni İntellekt və Rəqəmsal İnkişaf İli elan edib.

O bildirib ki, Qazaxıstanda artıq Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi, eləcə də Süni İntellektin İnkişafı Şurası yaradılıb. Bundan başqa, Mərkəzi Asiyada ilk superkompüterlər istismara verilib, Data Center Valley layihəsi və regionun ilk ixtisaslaşmış süni intellekt universitetinin yaradılması istiqamətində işlər aparılır.

Prezident vurğulayıb ki, Qazaxıstan rəqəmsal transformasiya sahəsində liderlərdən birinə çevrilməyi və dünyanın ən böyük texnologiya şirkətlərini ölkəyə cəlb etməyi planlaşdırır.