2021-ci ildə dollar məzənnəsini qoruyub saxlayacaq - Müsahibə

10:21 19.01.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Valyutadəyişmə məntəqəsi çox olanda müəyyən problemlər yaranır

Son günlərdə ölkədə xarici valyuta çatışmazlığı ilə bağlı iddialar səsləndirilir. Məhz bunun nəticəsidir ki, artıq xarici valyuta, xüsusilə də dollar və avronun bahalaşacağına dair proqnozlar irəli sürülür. Yayılan iddialar fonunda əhali arasında da müəyyən təşviş hökm sürməkdədir. Bu məsələ ilə bağlı hafta.az Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədovla söhbətləşib.

- Vahid müəllim, son günlər xarici valyuta bazarında ajotaj müşahidə edilir. Sizcə, ölkədə dollar və avro qıtlığına səbəb nədir?

- Bu məsələdə heç bir ajotaja ehtiyac yoxdur. Kimlərinsə sui-istifadə halları yaratması yolverilməzdir. Kimlərsə bazarda hay-küy salır ki, dolların qiyməti bahalaşacaq və  manat ucuzlaşacaq. Biz 2021-ci ilin dövlət büdcəsinə baxanda bu məsələ müzakirə olundu və Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun dediyi kimi, büdcədə də qəbul olundu ki, bu il dollar 1,70 manat  səviyyəsində saxlanılacaq. Digər tərəfdən, dolların qiymətinin dəyişməsinə indi ümumiyyətlə ehtiyac yoxdur. Hazırda Qarabağın azad edilməsi ilə əlaqədar çox ciddi işlər görülür, həmin ərazilərin abadlaşdırılması üçün külli miqdarda vəsait ayrılıb. Həm özəl, həm də dövlət şirkətləri bu ərazilərin bərpasında iştirak edəcəklər. Belə bir vəziyyətdə dolları bahalaşdırmaq nə dərəcədə məqsədəuyğundur?

 Ən azı, bu ilin birinci yarımilində və ümumiyyətlə, 2021-ci ildə dollar məzənnəsini qoruyub saxlayacaq. Ola bilər ki, bu məqsədlə müəyyən ehtiyatlardan istifadə olunsun. Bunda da heç bir problem yoxdur. Bu il bizim çox böyük xərclərimiz var. İstər şəhid ailələrinə, istər qazilərə sosial müavinətlərin ödənilməsi, evlərin tikilib verilməsi üçün vəsaitlər ayrılıb. Yəni, bu il görüləcək işlərimiz çoxdur. Belə bir şəraitdə dollar ətrafında ajotaj yaradanlar bunu məqsədli şəkildə edirlər və bu məsələdə hüquq-mühafizə orqanları öz üzərlərinə düşən işi görməlidirlər.

- Əgər ölkədə dollar qıtlığı yoxdursa,  o zaman banklar dolları niyə limitlə satır?

- Əslində, istənilən qədər valyuta götürmək imkanları var. Ola bilər müəyyən banklar buna getmirlər. İmkanları aşağı səviyyədədir. Amma yenə də deyirəm ki, Azərbaycanda dollarla bağlı heç bir problem yoxdur. Ölkədə kifayət qədər dollar var.

- Bilirik ki, 2017-ci ildə “Valyuta tənzimi haqqında” qanuna edilən dəyişikliklər ”exchange"lərin yenidən fiziki və hüquqi şəxslər tərəfindən yaradılaraq fəaliyyətə başlamasına imkan verdi. Lakin bu proses nədənsə ləngiyir. Sizcə, bu ləngimənin səbəbləri nədən ibarətdir?

- Düzdür, bununla bağlı qanun var və həmin qanun da qüvvədədir. Həmin qanunvericiliyə görə, valyutadəyişmə əməliyyatları ilə məşğul olmaq istəyənlər lisenziya almalı, 50 min manat həcmində kapital qoyuluşu həyata keçirməlidir. Kim istəyir getsin müraciət etsin, açsın. Ola bilər ki, bu işlə məşğul olanların artıq həmin kapitalı yatırmağa imkanı yoxdur. Bir məqam da var ki, indi çoxları bu məsələyə ehtiyatla yanaşır. Valyutadəyişmə məntəqəsi çox olanda müəyyən problemlər də yaranır. Ola bilsin ki, bütün bunlar prosesin ləng getməsinə səbəb olur.

- Hazırda manata ciddi təzyiqlərin olduğu ətrafında fikirlər mövcuddur. Sizcə, 2021-ci il ərzində manat indiki səviyyəsini qoruyub saxlaya biləcəkmi?

- Manata təzyiqlər həmişə olub. Manata təzyiq edən əsas amillərdən biri neftin qiymətidir. Neftin qiyməti düşdükcə manata təzyiq artır, neftin qiyməti artdıqca manata təzyiq azalır. Hazırda neftin 1 barreli 56 dollardan bir qədər yüksəkdir. Hələlik manata hansısa təzyiqdən söhbət gedə bilməz. Əgər təzyiq olsa belə indiki şəraitdə manat qorunub saxlanılacaq.

- Bəs, dünyada baş verən hadisələr fonunda bu il dolların məzənnəsində dəyişiklik gözlənilirmi?

- Bununla bağlı yanvarın 20-dən sonra ABŞ-da baş verəcək hadisələri, atılacaq addımları gözləməliyik. Görək Bayden inaqurasiyasından sonra hansı siyasəti yürüdəcək. Bu dolların məzənnəsi ilə əlaqədar böyük əhəmiyyət kəsb edən məsələdir. Dolların hansı vəziyyətdə olmasından asılı olmayaraq Azərbaycan bu il milli valyutanın məzənnəsini qoruyub saxlamalıdır ki, Qarabağda nəzərdə tutulan böyük quruculuq işlərini apara bilsin.    

Oxunma sayı 306