250 manata məktəb bazarlığı etmək mümkündür - Ekspert

11:13 15.09.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu gündən yeni dərs ili başlayır. Bir neçə həftədir ki, valideynlər yeni dərs ili üçün məktəbli forması və ləvazimatların alış-verişinə başlayıblar. Onlar həm qiymətlərin bahalığından, həm də aldıqları məhsulların keyfiyyətsizliyindən gileylənirlər. Valideynlər hesab edirlər ki, xüsusilə məktəbli geyimlərinin qiyməti məhsulun keyfiyyəti ilə qətiyyən uzlaşmır. Mövzu ətrafında suallarımızı iqtisadçı-ekspert Akif Nəsirli cavablandırıb.  

- Yeni dərs ilinin başlanması ilə əlaqədar Azərbaycanda ailələrin büdcə yükü də artıb. Məktəbli formalarının və məktəb ləvazimatlarının qiyməti orta statistik azərbaycanlı ailəsinin aylıq gəlirlərinə adekvatdırmı?

- Hazırda məktəb bazarlığına daxil olan məhsullar keyfiyyətindən asılı olaraq 200-500 manat arasında dəyişir. Yəni, 200-250 manata məktəb bazarlığı etmək mümkündür. Bu, orta statistik azərbaycanlı ailəsinin büdcəsində xeyli gərginlik yaradır. Düzdür, mən deməzdim ki, ümumiyyətlə, ailələr bu məbləği qarşılaya bilməzlər. Əlavə yük ailədə müəyyən çətinliklər yaradır. Bunun üçün təbii ki, bir çox ailələr bəzi işlərini təxirə salıb əvvəlcədən pul da yığırlar. Deyə bilərlər ki, paltarlar standart qiymətədir. Hesab edirəm, bu da düzgün deyil və qiymət keyfiyyətə görə müəyyən edilməlidir.

- Geyimlərlə bağlı qiymət standart olsa da, valideynlər hesab edirlər ki, geyimlərin qiyməti məhsulun keyfiyyəti ilə qətiyyən uzlaşmır. Bu barədə nə deyə bilərsiniz?

- Valideynlərlə tamamilə razıyam. İstənilən mühitdə rəqabət yoxdursa, orada keyfiyyətdən, qiymətlərin ucuzlaşmasından söhbət gedə bilməz. Bazar iqtisadiyyatı şəraitində bu iki parametri rəqabət tənzimləyir. Rəqabət olduqda şirkətlər bir-biri ilə bazar uğrunda mübarizə aparırlar. Onların mübarizəsi qiymətləri aşağı salmaq və keyfiyyəti yüksəltməkdən ibarətdir. Etiraf edək ki, bizdə belə mühit yoxdur. Bu sahədə inhisarçılıq Bakı Tikiş Evinə verilib. Bakı Tikiş Evi də arxayındır ki, onların bazarını heç kim əlindən ala bilməyəcək. Yəni, valideyn məcburdur ki, məhsul keyfiyyətsiz olsa da, həmin fabrikin məhsulunu alsın. Ona görə də mümkün qədər aşağı keyfiyyətli məhsullardan istifadə edirlər ki, daha çox gəlir əldə etsinlər. 25 manata təklif olunan məktəbli şalvarlarının maya dəyəri 7-8 manatdır. Bizim bazarın digər problemi isə mövsümi olaraq qiymətlərin artırılmasıdır. Onsuz da indi bütün məhsullar bahadır. İstər yeni dərs ili başlayanda, istərsə də hansısa bayramlarda qiymətlər təkrar bahalaşır. Məsələ burasındadır ki, bazar iqtisadiyyatı modelinin normal işlədiyi ölkələrdə bunun əksini müşahidə edirik. Elə qonşu Türkiyəni götürək. Hələ bu ölkədə bazar iqtisadiyyatı modeli tam oturuşmayıb. Orada mövsümə uyğun qiymətlər aşağı düşür, şirkətlər müxtəlif sərfəli kampaniyalar həyata keçirirlər. Azad bazar iqtisadiyyatında çalışan sahibkar üçün ən çətin məsələ qiyməti artırmaqdır. Tutaq ki, bəzi məhsulların maya dəyəri bahalaşır, dünyada enerjidaşıyıcılarının qiyməti artır. Bütün bunlara baxmayaraq, azad bazar iqtisadiyyatında çalışan sahibkar qiyməti artırmaqdan ehtiyat edir,  bir neçə ay zərərlə işləməyi də gözə alır. Bazarda kifayət qədər rəqib var və ona görə də bazarı itirməkdən qorxur. Bakı Tikiş Evinin isə belə bir qorxusu yoxdur.

- Bazarda kifayət qədər oyunçu olarsa, vəziyyət  müsbətə doğru dəyişə bilər?

- Əlbəttə. Bu sahəni monopoliyadan azad etmək lazımdır. O zaman həm qiymətlər normallaşacaq, həm də alıcılara təklif olunan məhsulların keyfiyyəti yüksələcək. Eyni zamanda, valideynlər forma almaq üçün uzun növbələrdə dayanmaq məcburiyyətində qalmayacaqlar. Bizdə məhsulların dəyəri dövriyyə ilə nizamlanır. Hansı məhsul ki, bu gün çox satıldı, sabah həmin məhsul təxminən 1 manata qədər bahalaşmalıdır. Amma xaricdə dövriyyə artdıqca qiymətləri azaldırlar. Rəqabət mühiti var və sahibkar üçün alıcı məmnuniyyəti önəmlidir. Yəni, problemdən yeganə çıxış yolu rəqabət mühitinin yaradılması və bazara yeni oyunçuların daxil olmasına imkan verilməsindədir.

Oxunma sayı 801