Qaradağ rayonunda 26 İyun Silahlı Qüvvələr Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Hafta.az yazır ki, tədbir Lökbatan qəsəbəsindəki Şəhidlər Xiyabanında şəhidlərin məzarlarının ziyarəti ilə başlayıb.
Tədbirdə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Millət vəkilləri Aydın Hüseynov, Səbinə Xasayeva, İcra Hakimiyyəti yanında şuranın üzvləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin rəisi, polkovnik Vüqar Seyidov, İcra Hakimiyyəti Aparatının şöbə müdirləri, şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları və qaziləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Heydər Əliyev Mərkəzində keçirilən tədbiri Qaradağ RİH-nin başçısı Süleyman Mikayılov açaraq deyib ki, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə ilk müntəzəm hərbi hissə - əlahiddə korpus yarandı. "Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunun yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda, indiki Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirilib. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad etdi. 1991-ci il oktyabrın 9-da Ordunun yaranması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi", - deyib S.Mikayılov.
Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən 26 iyun tarixinin Silahlı Qüvvələr Günü elan edildiyini xatırladan başçı əlavə edib ki, bu günün bayram kimi tarixləşməsinin müəllifi müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevdir.
"Ordumuz 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində Füzuli istiqamətində, Murovda yüksək peşəkarlıqla uğurlu hərbi əməliyyatlar keçirərək çoxsaylı yaşayış məntəqələrini, strateji əhəmiyyət kəsb edən yüksəklikləri düşməndən azad etdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Bunun nəticəsidir ki, 2016-cı ilin aprelində cəbhənin təmas xəttində ermənilərin təxribatının qarşısı ordumuz tərəfindən qəhrəmancasına alınıb, xeyli ərazi azad edilib. Eyni zamanda, Naxçıvan ərazisində Günnüt kəndi, strateji yüksəklik ələ keçirilib" deyən S.Mikayılov qeyd edib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuz mütləq qələbə əldə etmiş, torpaqlarımızı düşməndən azad edərək Zəfər bayramına imza atıb.

Natiq bildirib ki, bu müharibədə Qaradağ rayonundan 914 nəfər ehtiyatda olan hərbi qulluqçu döyüşlərdə iştirak edib. Onlardan 154 nəfəri yaralanıb, 30 nəfər qəhrəmancasına şəhid olub.
Başçı çıxışında qeyd edib ki, rayon sakini olan müharibə iştirakçılarından 1 nəfər ordenlə, 26 nəfər isə medalla təltif olunub. Üstəlik, dövlət tərəfindən 43 ailə mənzillə təmin edilib.
Millət vəkilləri Aydın Hüseynov, Səbinə Xasayeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin rəisi polkovnik Vüqar Seyidov çıxış edərək Silahlı Qüvvələr günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun qazandığı zəfərlər haqqında məlumat verib, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa, iştirakçılara uğurlar diləyiblər.
Çıxış edən şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya, xalqımıza, eyni zamanda keçirilən tədbirə görə rayon rəhbərliyinə təşəkkürlərini bildirdilər.
Çıxışlardan sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin imzası ilə təltif olunmuş 18 şəhidin yaxınlarına, döyüşlərdə xəsarət almış və iştirak etmiş digər şəxslərə orden, medal və vəsiqələr təqdim olunub. Daha sonra şəhid ailələrinin, qazi və iştirakçıların arzu və istəkləri dinlənilib.