Türkiyənin sabiq baş naziri Tansu Çillər, 1997-ci ilin 28 fevral hadisələri zamanı yaşananları mediaya danışıb. Bildirib ki, dönəmin prezidenti olan Süleyman Dəmirəl nəinki hökumətə arxa durmayıb, əksinə dəstək istədikdə koalisiyalı hökumətin rəhbərlərini ordunun hücuma hazır olduğunu deməklə hədələyib. Günün mövzusu olduğunu nəzərə alaraq, həmin dövrdə baş nazirin müavini olmuş xanım Çillərin mətbuata açıqlamalarını toplayaraq, müsahibə şəklində oxucularımıza təqdim edirəm:
- Nəinki 28 fevral hadisələri zamanı, hətta Rifah Partiyası ilə koalisiya qurmadan öncə də ciddi təhdidlərlə üz-üzəydim. Müxtəlif səviyyələrdə mesajlar gəlirdi qulağıma. Hətta iş o həddə çatmışdı ki, birbaşa prezident Süleyman Dəmirəl mənə və baş nazir Nəcməddin Ərbakana “Hərbçilər artıq hazırdır” xəbərdarlığı göndərirdi. Təhdidlər o qədər artmışdı ki, övladlarım, ailəm hədəfə çevrilmişdi. Məcbur qalaraq bəyan elədim ki, nə edəcəksiniz mənə edin, ailəmə toxunmayın.

- Rifah Partiyasının iqtidarı niyə arzulanmırdı, axı xalq səs vermişdi onlara. Bəlkə bu iqtidarın müasirliyi dinlə qarışdıracağından çəkinirdi ordu?
- Bir misal çəkim: Rifah Partiyasının üzvü olan bir bələdiyyə sədri Qüds gecəsi təşkil etmişdi. Hətta tədbirdə İran səfiri və İranın İstanbuldakı baş konsulu müasirliyin ziddinə çıxışlar etmişdilər. Cavab nə oldu – hökumət anındaca həmin bələdiyyə sədrni işdən çıxardı, İran səfiri ilə konsulu isə Türkiyədən qovuldular. Buna baxmayaraq, nədənsə, Rifahyol hökumətinin guya müasirliyə qarşı olması haqda ictimai rəy formalaşdırılırdı. Əlbəttə, bu, hökumət rəhbərliyi olaraq bizi narahat edirdi. Odur ki, mən prezident Dəmirəlin yanına gedib bu cür anti-hökumət görüşünün qarşısını almaqda dəstək istədim. Ondan soruşdum ki, hökumətin müasirliyə zərər verəcək hər hansı tədbirini görüb-eşidibmi? Bu arada, onunla söhbət elədiyim vaxt Sincandan tanklar keçirdi. Dedim ki, əgər tankların keçidi hökumətə xəbərdarlıqdırsa, bunun heç bir qanuni əsası yoxdur və dövlət təcili tədbirlər görməlidir. Hətta təklif elədim ki, Dövlət Təftiş Şurası təcili məsələni araşdırmalıdr. Amma Dəmirəl nə etdi, cavab verdi ki, o, komandanlıq zəncirini poza bilməz. Dedi ki, sən Güreş Paşanı hədəf aldın, komandanlıq zənciri pozuldu, sənin nə fikirləşdiyini bilirəm və bunun reallaşmasına imkan vermək olmaz. Ordan çıxıb baş nazir Ərbakanın yanına getdim. O, çox kübar, mədəni insandı, millətə xidmət onun əsas şüarı idi. Dedim ki, baş qərargah rəisini və ordu komandanlarını təcili işdən azad etməliyik. Amma hörmətli Ərbakan cavab verdi ki, mümkün deyil. Çünki belə bir sərəncan versək də, prezident onu təsdiqləməyəcək. Yəni qərarımızı veto edəcək. Onda dedim ki, gəl biz sərəncamı verək, qoy prezident imalamasın. Hər halda baş verənlərin məsuliyyətini tarix qarşısında o daşısın. Millətə də baş verənləri açıb danışaq. Baş nazir dedi ki, məclis də xoş sonluq vəd etmir, bizi istefaya göndərə bilərlər. Hansı ki, hökuməti istefaya öndərmə prosesi artıq başlamışdı.
- Hökumətin devrilmək üzrə olduğunu Ərbakan yaxşı bilirdi. Maraqlıdır, hökumət daha geniş səlahiyyətlərə sahib idi, niyə özü qəti tədbir görmürdü?
- Cənab Ərbakan ordu ilə razılaşmaq istəyirdi. Əslində ona da təklif etdim ki, gəlin baş verənləri Dövlət Təftiş Şurasına çıxaraq, araşdırma başlansın. Razılaşmadı, dedi ki, gəl bu məsələni böyütmədən bağlayaq. O, əmin idi ki, ordu hökuməti sevir, hörmət edir və birlikdə ölkəyə daha yaxşı xidmət göstərmiş olarlar. Bu səbəbdən də xəyal qırıqlığı yaratmaq istəmədi. Beləcə, biz baş verənləri sakitcə yola verdik. Hansı ki, bu qədər böyük, dövlət və millət səviyyəsində gedən prosesi gizlətmək mümkün deyildi. Əlbəttə, ordu, əsgərlərimiz mənim göz bəbəyim, başımın tacıdır, amma bəzi hallarda onlara “dur” demək lazım idi.
- Prezidentlə hökumət arasında niyə birlik yox idi? Dəmirəldən dəstək ala bilmədiyinizi dediniz…
- Dəmirəllə danışanda, o, artıq bütün cəhdlərin gec olduğunu düşünürmüş kimi mövqe sərgilədi. Hansı ki, çıxış yolu tapmaq olardı. Zatən baş nazir Ərbakan da uzlaşmaya tərəfdar idi. Amma buna rəğmən prezident Dəmirəl məsələni həll olunmuş hesab edib, nəticəni Baş Qərargaha göndərdi. Qısası, ökumətin dəyişdirilməsi yönümündə ssenari yazılmışdı. Bu ssenaridə isə hörmətli Ərbakanın iqtidar olmayacağı, səs toplayacağı təqdirdə belə hansısa şəkildə qarşısının alınacağı göstərilmişdi.
- Yaxşı, prezident ordunun arzuladığı nəticəni Baş Qərargaha göndərdi, sonra nə oldu? Ərbakan devrilə bilərdi, amma koalisiyanın ən böyük ortağı olaraq siz iqtidarı davam etdirə bilərdiniz…
- Nəcməddin Ərbakanın istefasının ardından hökuməti qurma səlahiyyəti, Doğru Yol Partiyası olaraq bizə verilməli olduğu halda, Ana Vətən Partiyasının sədri Məsut Yılmaza tapşırıldı. Bununla da siyasi müstəvidə "Çankaya çevrilişi” reallaşdırıldı. Bu, məni və partiyadaşlarımı çox üzdü. Məsut Yılmaz səlahiyyəti alınca, ilk bizimlə görüşdü. Dedi ki, baş nazir olmaya bilər – mən olaram hökumət başçısı, yetər ki, koalisiya yaradaq. Soruşdum ki, bizim koalisiya qurmağımızı kim istəyir, əli ilə çiynini işarə etdi, yəni paqonlular - ordu. Cavab verdim ki, mən millətin olmadığı yerdə yoxam. Bundan sonra Ana Vətən Partiyası solçu demokratlarla hökumət yaratdı. Millətin ən çox səs verdiyi bizlər isə, Böyük Millət Məclisində çoxluq olduğumuz halda, azlığa çevrildik…
- Bir maraqlı məqam var: ordu niyə hökuməti tankla-topla devirmədi, siz sadəcə təzyiqlərdən söz açırsınız…
- Bir hökumət tam səlahiyyətsiz vəziyyətə salınır, bu çevrilişdir. Bunu qandal vurmaqla etsəniz də nəticəsi çevrilişdir, qorxutmaqla, şantaj və təzyiq göstərməklə də. Millətin yaddaşında bir baş nazirin son baxışı həmişəlik olaraq qalıb. Hansı ki, o baxışlar əslində yaxın dönəm siyasətinin və siyasətçisinin yaddaşına saplanmış xəncərdir. O qorxu refleksi vətəndaşda, məclisdə və millətdə çox yaygın şəkildə qalır. O vaxt millət vəkilləri, “Rifahyol” hökumətindən ayrılmasaq eyni şeylər bizim də başımıza gələcək” deyərək qorxduqlarını açıq üzə vurudular.
- Bu gün sözügedən çevrilişin Türkiyəyə vurduğu iqtisadi zərərdən söz açılır. Bu barədə nə deyərdiniz?
- O vaxt iqtisadiyyatımızın vəziyyəti əla idi, illik böyümə 8 faiz idi. Elə bu səbəbdən də Ərbakan mənə dedi ki, hökumətin başına keçim, özü isə istefa verəcək. Təbii ki, razılaşmadım. Hansı ki, Rifahyol hökuməti iqtidarda qalsaydı iqtisadiyyatda daha böyük sıçrayışlar olacaqdı. Əsas o idi ki, koalisiya olaraq çox anlayışla işləyirdik. Hətta ən mühafizəkar ünsürlərimiz belə ən müasir və demokratik qərarlara imza atırdı. Amma çox təəssüf ki, 28 fevral çevrilişi Türkiyəyə nəhəng iqtisadi bədəl ödətdirdi. Çevrilişdən dərhal sonra bir-birinin ardıyla bağlanan banklar ölkəni maliyyə böhranına sürüklədi. Bu böhran nəticəsində ölkəyə 291 milyard dollar həcmində ziyan dəydi. Bu gün gənclərimizin ən böyük sıxıntısı işsizlikdir. Hansı ki, həmin 291 milyard dollarla gənclərin işsizlik problemini aradan qaldırmaq olardı.
- O dövrün partiya sədri, dövlət naziri və baş naziri olaraq Türkiyənin indiki vəziyyətinə dair nə deyərdiniz?
- Mən deyərdim ki, millət AKP-yə dövlətimizi və vətəndaşlarımızı hərbi çevrilişlərdən xilas etmək üçün şans verdi. Bu gün bizə qalan yenə də demokratiyanın ən yüksək platformasında birləşməkdir və burada hamımıza yer var. Çevrilişlər, qorxu və təhdidlər dönəmini başa vurmuşuq, amma təəssüf ki, hələ birləşə bilməmişik. Nə qədər gec deyil, birləşməliyik. Çünki hamımız üçün tək bir Türkiyə var.