300 000 manat miqdarında dələduzluq edən Qədimov saxlanıldı

16:34 11.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə etməklə külli-miqdarda pulu mənimsəməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən rayonun Avşar kənd sakini Elyaz Qədimov saxlanılıb. Araşdırmalarla Qədimovun sakinlərə məxsus daşınmaz əmlakları, avtomobilləri, qızıl-zinət əşyalarını, əmək haqqı kartlarını dələduzluq yolu ələ keçirərək 300 000 manata yaxın pulu mənimsədiyi müəyyən edilib.

Qədimovun analoji cinayətlər törətdiyi də istisna edilmir. Əgər onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və Ağcabədi Rayon Polis Şöbəsinə məlumat verə bilərlər.