Tovuz rayon Heydər Əliyev Mərkəzində “Sağlam gələcəyimiz naminə narkomaniyaya yox deyək” mövzusunda dəyirmi masa və veloyürüş keçirilib.
Hafta.az xəbər verir ki, tədbirdə Tovuz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov, Tovuz Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Niyaməddin Əlihəsənov, Tovuz rayon prokurorunun müavini, kiçik ədliyyə müşaviri İlkin Musayev, idarə, müəssisə və təşkilat rəhbərləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Öncə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tovuz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov narkomaniyanın müasir dövrün ən ciddi sosial problemlərindən biri olduğunu bildirib. Qeyd olunub ki, narkotik vasitələr insan sağlamlığına, ailə institutuna və cəmiyyətin inkişafına ciddi təhlükə yaradır. Bu bəlanın qarşısının alınmasında maarifləndirmə tədbirlərinin, xüsusilə də gənclər arasında aparılan profilaktik işlərin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Bildirilib ki, dövlət tərəfindən narkomaniyaya qarşı ardıcıl mübarizə tədbirləri həyata keçirilir və sağlam həyat tərzinin təbliği istiqamətində məqsədyönlü işlər davam etdirilir.
Tovuz Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Niyaməddin Əlihəsənov, Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Pəri Teymurova və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayonu üzrə gənclər və idman sektorunun müdiri Vasif Abdullayev çıxışlarında bildirib ki, narkomaniya cəmiyyətin sağlam inkişafına ciddi təhlükə yaradan mənfi hallardan biridir. Bu bəlanın qarşısının alınmasında dövlət qurumları ilə yanaşı, ailənin, təhsil müəssisələrinin və ictimaiyyətin üzərinə mühüm vəzifələr düşür. Çıxışlarda gənclərin zərərli vərdişlərdən uzaq tutulmasının, onların idmana, təhsilə və faydalı ictimai fəaliyyətə cəlb edilməsinin vacibliyi vurğulanıb, narkomaniyaya qarşı mübarizədə maarifləndirmə tədbirlərinin əhəmiyyəti qeyd edilib.
Daha sonra mövzu ətrafında geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tədbirin sonunda sağlam həyat tərzinin təbliği məqsədilə veloyürüş təşkil olunub. Veloyürüşün marşrutu Tovuz şəhərinin Mərkəzi Meydanından başlayaraq Tovuz şəhər Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkınadək davam edib. Gənclərin fəal iştirak etdiyi yürüşdə narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, sağlam həyat tərzinin təşviqi və cəmiyyətin bu istiqamətdə maarifləndirilməsi ilə bağlı çağırışlar səsləndirilib.