Xankəndidə Azərbaycanın ərazi bütövlüyünü təhdid edən ilk mitinqlərin qaranlıq qalan məqamları
1988-ci il fevralın 13-də - düz, 33 il, tam bir qərinə öncə xarici güclər tərəfindən qızışdırılan separatçı, işğalçı xislətli ermənilər Xankəndidə Azərbaycanın ərazi bütövlüyünü təhdid edən ilk mitinqlərə başladılar.
Hələ Sovet İttifaqının tabeliyində olan Azərbaycan Daxili İşlər Nazirliyi az sonra o zaman Dağlıq Qarabağ Muxtar Vilayəti(DQMV) adlanan torpağımızda sabitliyin pozulmasının qarşısını almaq üçün tədbirlər görməyə çalışdı. Bir qrup yüksəkrütbəli milis zabiti Xankəndinə ezam olundu.
Sonradan “Dağlıq Qarabağ münaqişəsi” adı verilən proseslərin başlanğıc mərhələsində şahidi olmuş belə güc strukturu əməkdaşlarından biri də o zaman DİN Baş Cinayət Axtarışı İdarəsində mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışan milis podpolkovniki Sadir Məmmədov oldu.
Sonradan 1992-ci ilədək Şuşa Rayon Daxili İşlər Şöbəsinin rəisi, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) Daxili İşlər İdarəsinin rəis müavini və Ağdərə Rayon Polis Şöbəsinin rəisi vəzifələrində xidmət etmiş, Qarabağda “zəhmli polkovnik” ləqəbi ilə tanınan hazırda istefada olan polis polkovniki “Həftə içi”nə müsahibəsində bəziləri hələ o günlər quzu cildində görünən, Xankəndidə və s. yerlərdə vəzifə tutan, Moskva və Bakıdakı bəzi köləxislətli yüksək kürsü sahibləri tərəfindən himayə olunan erməni ekstremistləri ilə mübarizəsindən, ilk şəhidlər verdiyimiz 22 fevral 1988-ci il Əsgəran hadisələrindən və s. danışdı.
- Sadir müəllim, siz Xankəndinə nə vaxt ezam edildiniz? İlk günlər erməni separatçılığıyla bağlı nələrin şahidi oldunuz?
- 1988-ci il fevralın əvvəllərində zahirən sakitlik olsa da, artıq Ermənistan və Qarabağda Azərbaycana qarşı separatçı hərəkat başlanmışdı. Vəziyyət son dərəcə gərgin idi. Fevralın 11-də Respublika Daxili İşlər Nazirliyi rəhbərliyi CAİ-nin rəis müavini, polis polkovniki Xəlil Quliyev, İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşı, podpolkovnik Yaqub Mahmudovu və məni o zaman “Stepanakert” adlanan Xankəndinə xidməti ezamiyyətə göndərdi. Biz şəhərdəki “Qarabağ” mehmanxanasında yerləşdik. Həmin gün və fevralın 13-dəki ilk mitinqlərdən ermənilər artıq Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə çıxış edirdilər...
- Bəs siz - Azərbaycan DİN-in yüksəkvəzifəli əməkdaşlarının respublikamızın ərazi bütövlüyü və suverenliyi əleyhinə olan bu mitinqlərə müdaxilə etmək imkanları yox idi?
- Təəssüf ki, yox. Moskvadan gələn göstərişlə biz milislərə ekstremist şüarlarla olsa da, Xankəndidə və Dağlıq Qarabağın digər rayonlarında keçirilən dinc etiraz aksiyalarına müdaxilə etməyə izin verilmirdi. Biz yalnız müşahidə edirdik. Yalnız qarşıdurma, atışma, partlayış və s. olduğu halda müdaxilə edə bilərdik...
Köçəryanın kabinetinə girib onu hədələdim, dedim sən kimsən, hansı əsasla azərbaycanlıları işdən çıxarırsan?
Bir sözlə, Xankəndidə, vilayətdəki mövcud siyasi, kriminal durumla tanış olub əldə olunan bütün məlumatları operativ şəkildə Bakıya çatdırmağa başladıq. Əməliyyat şəraiti get-gedə mürəkkəbləşirdi...
- Moskvadan, Bakıdan hansı rəsmi reaksiyalar gəlirdi?
- Heç nə... Onu deyim ki, bu arada Ermənistanın Qafan rayonundan azərbaycanlıların kütləvi deportasiyası da başlanmışdı. Xankəndidə də aləm qarışmışdı... Bütün baş verənlərə rəğmən Moskva seyrçi mövqedə, Bakı isə gözləyirdi...
1988-ci il fevralın 20-də Azərbaycan KP MK-nın birinci katibi Kamran Bağırov, Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri Həsən Seyidov, MK-nın katibi Həsən Həsənov Xankəndinə gəldilər. Sevindik ki, yəqin, qəti tədbirlər görüləcək. Əksinə, fevralın 23-də DQMV Xalq Deputatları Sovetinin sessiyası çağırıldı, Azərbaycana qarşı xeyli loyal mövqedə olan Boris Gevorkovu vəzifəsindən azad edib, qatı millətçi Henrix Poqosyanı vilayət partiya komitəsinin birinci katibi seçdilər. Bu sessiyanın qərarları göstərdi ki, DQMV-də yaranmış vəziyyətə bütün kanallarla Moskvadan və Yerevandan rəhbərlik edilir. Poqosyan hakimiyyətə gələndən sonra mitinqlər daha da gücləndi. Xankəndinə ezam olunmuş Azərbaycan milisləri Poqosyanın tülkü hiyləsi və təkidi ilə oradan çıxarıldı. Guya bununla da vəziyyət sabitləşəcək, ermənilər sakitləşəcəkdi. Hadisələrin belə anlaşılmaz şəkil alması əhalini, xüsusən, Şuşa, Ağdam camaatını və nəinki onları hətta bütün Azərbaycanı da qəzəbləndirirdi...
- Sizin özünüzün şəxsən DİN rəhbərliyinə verdiyiniz məlumatlar necə cavablandırılırdı?
- Yadımdadır ki, 1988-ci ilin fevralın 13-də, yəni ilk kütləvi mitinq günü Azərbaycan Daxili İşlər nazirinin müavini, general-mayor Kamil Məmmədov Xankəndinə gəldi. Generala vəziyyətin son dərəcə ciddi olduğunu, təcili tədbirlər görülməsə, vəziyyətin daha da ağırlaşacağını məruzə etdim. Erməni əsilli milis əməkdaşları mitinqlərdə və iğtişaşlarda fəal iştirak edirdilər, DQMV Daxili İşlər İdarəsinin rəisi A.İsaqulov onlara açıq dəstək verirdi. Mən Xankəndidə 17 fevral 1988-ci ildə keçirilmiş müşavirədə çıxış edib A.İsaqulovun erməni sakinlərini zorla tətillərə, mitinqlərə çıxardanlardan biri olduğunu göstərdim. O zaman Gəncə şəhər Dİİ-nin rəisi olan rəhmətlik Zahid Dünyamalıyev vəziyyəti yerindəcə öyrənmək üçün tez-tez Xankəndinə gəlirdi. A.İsaqulov onu görəndə tülkü cildinə girib, riyakarlıqla, utanmadan bu ittihamları boynundan atırdı, gah həyasızcasına səsini qaldırır, gah da dava-şuluqluq salırdı, sanki bu işlərdən heç xəbəri yoxmuş kimi, özünü günahsız quzu təki generala təqdim etməyə çalışırdı. Başqa vaxtlar isə qışqıra-qışqıra mənim üstümə yeriyib hədələyir, məndən yuxarılara – SSRİ Daxili işlər nazirinin müavini Yeliseyevə və Azərbaycan Respublikası Daxili işlər naziri Aydın Məmmədova şikayət edəcəyini bildirirdi. Bir dəfə Zahid Dünyamalıyev İsaqulova bərk hirslənib ona “Ən böyük günahkarlardan biri sənsən”, – deyərək xidməti silahı ilə vurub döymək istədi. Araya girib biz qoymadıq...

Bunlara rəğmən həyasız və hiyləgər A.İsaqulov mənim məsələmi SSRİ Daxili işlər Nazirinin müavini Yeliseyev səviyyəsinə qədər qaldırmışdı. O zaman məni Aydın Məmmədov və Nazirliyin cinayət axtarışı rəisinin müavini Xəlil Quliyev müdafiə etdilər. Əsas səbəb isə Xankəndidə əməliyyat şəraitini öyrənməyim və operativ olaraq Bakıya çatdırmağım, İsaqulovun ikiüzlülüyü barədə rəhbərliyə göndərdiyim yazılı məlumatlar idi...
- Sonradan Qarabağdakı separatçı rejimin rəhbəri və Ermənistanın prezidenti olan Xocalı canisi Robert Köçəryan 1988-ci ildə - separatçı erməni hərəkatının başlandığı vaxtlarda Xankəndində ipək kombinatının partiya komitəsinin rəhbəri idi. Yəqin ki, onunla da rastlaşmalı olurdunuz?
- Bəli. O günlər mən Xankəndidə azərbaycanlıların işdən qovulması, azərbaycanlı şagirdlərin məktəb və bağçalara gedə bilməməsi ilə bağlı faktları yazılı surətdə Bakıya göndərirdim. Müəyyən olundu ki, azərbaycanlıları işdən qovduranlar arasında Qarabağ İpək Kombinatının partkomu olan bu Köçəryan da var. Onun kabinetinə girib danladım ki, sən kimsən, hansı əsasla azərbaycanlıları işdən qovdurursan? Köçəryan da riyakarcasına cavab verdi ki, mən qovmuram, özləri öz ərizələri ilə çıxırlar, nə deyirik, qayıtsınlar da işə...
Təəssüf ki, İsaqulov kimi Köçəryan kimilərin də vaxtında cəzalandırılmasına yuxarılar, Moskva imkan vermirdi...
Cəzasızlıqdan yararlanan erməni ekstremistləri isə getdikcə azğınlaşırdılar. 22 fevral 1988-ci ildə ermənilər Şuşadan azərbaycanlıların gəldiyi “QAZ-21”- “Volqa” markalı avtomaşını daş-qalaq etdilər. Maşının şüşələri çilik-çilik olmuş, sərnişinləri isə al-qana qərq etmişdilər...
- Yəqin ki, fevralın 22-də baş vermiş və ilk şəhidlərimizin olduğu Ağdamdan soydaşlarımızın Əsgəran və Xankəndinə doğru yürüşünün də şahidi oldunuz?
- Bəli, məhz ermənilərin Ermənistanda və Qarabağda azərbaycanlılara hücumları haqqında yayılan xəbərlərdən sonra Ağdam camaatı, digər ətraf rayonlardan da toplanmış soydaşlarımız da belə hadisələrə cavab olaraq daş-kəsəklə, yaba-zopa ilə təpədən-dırnağa silahlanmış ermənilərin toplaşdığı Əsgərana doğru yürüməyə qərar verib. 1988-ci il fevralın 22-i səhər saat 10 radələrində qərargaha məlumat verildi ki, Ağdamdan Əsgəran istiqamətində insan axını gəlir. Bu haqda nazirimiz Aydın Məmmədova məruzə etdim. Ondan əmr aldım ki, gedib toqquşmanın qarşısını alaq. Beyləqan rayon DİŞ-in rəisi Şamil Qurbanovla və Bərdə Rayon Daxili İşlər şöbəsinin rəisi Mirzə Əbdürəhmanovla Əsgərana getdik. Gördük ki, Qarqar çayı və şose yolu ilə insan axını Əsgərana doğru gəlir. Əhalini sakitləşdirib, saxlamaq mümkün deyildi. 13-15 yaşlı uşaq lar da qorxmadan irəli gedirdilər. Ermənilər də hazır vəziyyətdə idilər, axını qarşılamaq üçün irəliləyirdilər...

Bakıdan gələn Azərbaycanın ovaxtkı rəhbəri, Mərkəzi Komitənin 1-ci katibi Kamran Bağırov da Əsgəranla Xocalı arasında qalmışdı. Vəziyyət çox idarəolunmaz hala gəlmişdi. Bu vaxt Mərkəzi Komitənin katibi Həsən Həsənov bir yük maşınının kuzovuna çıxıb camaata müraciət etdi, ermənilərin silahlı olduğunu, ölüm-itim olacağını bildirdi. O zaman camaat arasında böyük nüfuzu olan Sosialist Əməyi Qəhrəmanı Xuraman Abbasova, Seyid Miriş də ora gəldilər. Xuraman Abbasova yaylığını açaraq yerə atdı və emosiyalarını cilovlaya bilməyən insanların geriyə qayıtmasını xahiş etdi...
Sonra məlum oldu ki, həmin yürüş zamanı ermənilər Əli Hacıyev və Bəxtiyar Quliyev adlı iki gəncimizi güllə ilə qətlə yetiriblər. Ə.Hacıyev və B.Quliyev, dediyiniz kimi, Qarabağ müharibəsinin ilk şəhidləri oldular...
- Bəs Azərbaycan milisi ilk şəhidlərimizin qatillərinin axtarışı istiqamətində nəsə bir iş görə bildimi?
- O zaman Moskvaya tabe olduğumuz bir vaxtda bunu etmək çox çətin idi. Cinayətin, cəzasızlığın, terrorun baş alıb getdiyi bir vaxtda Qarabağda təhqiqat işlərini aparmaq nə qədər çətin, müşkül məsələ olsa da, biz Əli Hacıyevin qətli ilə bağlı cinayət işinin açılmasına nail olduq. SSRİ Baş Prokurorluğunun mühüm işlər üzrə baş müstəntiqi Karl Maydanyukla yaxın tanışlığım köməyimizə gəldi. Nəhayət, Əli Hacıyevin qatili erməni Cəbi 1988-ci il aprelin 29-da həbs edildi. Əsgəran rayon milis şöbəsinin rəisi V.Avaginyanın yanına gedib Cəbini təhvil aldıq. Cəbini götürən kimi avtomobilə minib sürətlə Əsgərandan çıxdıq. Ermənilər dalımızca düşdülər, ancaq çata bilmədilər. Cəbini Ağdamda ruslara təhvil verdik. Təəssüf ki, iki aydan sonra onu həbsdən azad etdilər. Səbəbini bununla izah etdilər ki, guya Cəbi iki azərbaycanlını öldürməsəydi, kütləvi qırğının qarşısını almaq və yaxınlıqdakı uşaq bağçasının təhlükəsizliyini təmin etmək mümkünsüz olardı... Məntiqsizliyin “məntiqinə” baxın!
Cinayətkar silahlı ünsürlərin, «boyeviklərin» cəzalandırılmaması onları bir az da ruhlandırır, daha da həyasızlaşdırırdı. Onlar azərbaycanlı əhaliyə, daxili qoşunların hərbi qulluqçularına qarşı təcavüzkarlıq əməllərini genişləndirir və yaxud öz cinayətlərinin şahidlərini aradan götürürdülər. Qarabağda yalnız azərbaycanlılar deyil, rus hərbçilər də erməni qəddarlığının, erməni terrorunun qurbanı olurdu. Onların qanlı “işinə” mane olan hər kəs aradan götürülürdü. Gözünü qan örtmüş, azğınlaşmış erməni millətçiliyi üçün müqəddəs heç nə yox idi. Çirkli siyasi oyunların, qanlı separatçılığın hər kəs qurbanı ola bilərdi...
Şükür Allaha ki, bu günlər Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuz torpaqlarımızın xeyli hissəsini, o cümlədən Qarabağın ürəyi olan Şuşanı işğaldan azad edib. İnAllah, dövlətimiz tezliklə Xankəndi, Əsgəran, Xocalı və digər ərazilərimizdəki separatçı erməni tör-töküntülərinin də dərsini verər və o yurdlarımızda da üçrəngli bayrağımız qürurla dalğalanar...