Müxtəlif dövrləri əhatə edən araşdırmalar zamanı cinayət əlamətləri aşkar olunub və toplanmış sənədlər 62 halda hüquqi qiymət verilməsi üçün aidiyyəti istintaq orqanlarına göndərilib. Həmin materiallardan 14-ü üzrə cinayət işi başlanıb, 17-si üzrə qanun pozuntularının aradan qaldırılması ilə bağlı təqdimatlar verilib, 31-i üzrə isə araşdırma yekunlaşıb.
Hafta.az xəbər verir ki, bu barədə Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən Ədliyyə Nazirliyinin illik məruzəsində nazir müavini Toğrul Hüseynov məlumat verib.
Məruzədə həmçinin 3 protokolun məhkəmələrin icraatında olduğu bildirilib. Qeyd olunub ki, bir sıra rayon bələdiyyələrində qanun pozuntuları aşkarlanıb.
Nazir müavini hesabatda ayrı-ayrı bölgələr üzrə faktları da diqqətə çatdırıb:
Abşeron rayonu, Fatmayı bələdiyyəsi – bələdiyyənin vəzifəli şəxsi tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə nəticəsində bələdiyyənin və cəmiyyətin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulması faktı üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1 və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb;
Qusar rayonu, Quxuroba bələdiyyəsi – bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin ayrılması ilə bağlı qanunsuz sənəd tərtib edilməsi və bilə-bilə saxta sənədlərdən istifadə olunması faktı üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri (rəsmi sənədlərin saxtalaşdırılması və saxta sənədlərdən istifadə) ilə cinayət işi başlanıb;
Saatlı rayonu, Sarıcalı bələdiyyəsi – bələdiyyə sədrinin qulluq mövqeyindən istifadə etməklə dələduzluq etməsi faktı üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb;
Biləsuvar rayonu, keçmiş Aşağı Cürəli-Muğan bələdiyyəsi – vəzifəli şəxslər tərəfindən kollegiallıq prinsiplərinə əməl edilmədən torpaq sahələrinin ayrılması, yerli büdcə vəsaitlərinin mənimsənilməsi və bələdiyyə əmlakının israfı faktı üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb;
Xaçmaz rayonu, Mürşüdoba bələdiyyəsi – yerli büdcə vəsaitlərinin mənimsənilməsi və torpaq sahəsinin ayrılması ilə bağlı qanunsuz sənəd tərtib edilməsi faktı üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 (dələduzluq) və 320.1-ci maddələri ilə cinayət işi başlanıb;
Tovuz rayonu, Böyük Qışlaq bələdiyyəsi – vəzifəli şəxslər tərəfindən kollegiallıq prinsipləri pozularaq saxta qərarlar tərtib edilməsi faktı üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Bununla yanaşı, Tərtər rayonu Sarov, Qaradağlı, Yuxarı Qapanlı, Bəyimsarov, Abşeron rayonu Qobu, Qusar rayonu Urva və Samur, Gədəbəy rayonu keçmiş Novosaratovka və digər bələdiyyələrin vəzifəli şəxsləri barəsində toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib.
Tahirə Qafarlı