2019-2020-ci tədris ili üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunmaq üçün ixtisas seçimi başa çatıb. Ümumilikdə 58 289 nəfər bu imkandan istifadə edib.
Bu il də əvvəlki qaydada da ödənişli və ödənişsiz qəbul üçün plan yerləri ayrılıb. Kifayət qədər bal toplaya bilməyənlər ödənişli üsulla təhsil alma imkanı qazanacaq. Bu isə bəzən abituriyentin ödənişli təhsil almadan imtinası ilə müşahidə olunur. Səbəb isə təhsil haqqının yüksək olmasıdır.
Məlumat üçün bir neçə universitetin 2018/2019-cu tədris ili üçün BAKALAVRİAT ÜZRƏ təhsil haqqlarnı qeyd edirik:
Azərbaycan Tibb Universiteti(ATU) - Müalicə-profilaktikə və stomatologiya fakültələrində təhsil haqqı 4500 AZN, ictimai səhiyyə və əczaçılıq fakültəsində isə 4000 AZN.
Bakı Dövlət Universiteti (BDU) – Müəllimlik ixtisasları 1700-2000 AZN, mühəndislik ixtisasları 1800-2000 AZN, jurnalistika 2100 AZN, İqtisadiyyat 2500 AZN, hüquqşünaslıq 4500 AZN.
Bakı Mühəndislik Universiteti(BMU) – 3400 AZN
Qərbi Kaspi Universiteti - İqtisadiyyat 2000 AZN, Dünya iqtisadiyyatı 2500 AZN
Lənkəran Dövlət Universiteti (LDU)- müəllimlik ixtisasları – 1600-1800 AZN, iqtisadiyyat 1600 AZN
Azərbaycan Diplomatik Akademiyası (ADA)- 2750 AZN
Ali məktəblərdə ödənişli təhsilin yüksək olması bir neçə gündür mətbuatda da müzakirə mövzusuna çevrilib. Mövzunun aktuallığını nəzərə alıb təhsil eksperti Kamran Əsədovla əlaqə saxladıq. Ekspert hafta.az-a açıqlamasında bildirdi ki, ilk növbədə qeyd etmək istəyirəm ki, ali təhsil müəssisələrində kadr hazırlığı həyata keçirildiyi ixtisaslar üzrə təhsil haqları ona sərf olunan xərclər smetası əsasında müəyyən olunur: “Belə ki, bir il ərzində tədris olunan fənlərə görə müəllimlərə ödəniləcək əmək haqqı, sərf olunacaq bütün resurslar hesablanaraq təhsil haqqı müəyyən olunur. Tələbənin təhsil müəssisələrinə ödənilməsi nəzərdə tutulan təhsil haqqına hətta universitetin saxlanması üçün nəzərdə tutulan, lahiyələrin həyata keçirilməsi üçün zəruri olan xərclər də daxildir. Yeni ixtisaslar üzrə müəyyən edilmiş təhsil haqlarında müxtəlif təhsil haqları ixtisaslar üzrə plan yerlərinin sayı da təsir göstərir. Xarici ölkələrdə fəaliyyət göstərən universitetlərdə isə bu adambaşına düşən xərclər smetası əsasında müəyyən edilir. Məhz buna görə də, Azərbaycan universitetlərinin təhsil haqqı dünyanın 1000 universitetindən bahadır. Keyfiyyət isə onlardan dəfələrlə aşağıdır. Belə ki, müəyyən ixtisaslar var ki, plan yeri çoxdur və müəyyən edilmiş xərclər smetası üzrə ortaya çıxan məbləğ daha çox tələbə arasında bölüşdürülür ki, bu zaman ortaya az məbləğ çıxır. Amma müəyyən ixtisaslar var ki, Xalq çalğı alətləri, Solo oxuma, Dilijorluq və s kimi ixtisaslar var ki, onların plan yeri az olduğu üçün bütün xərclər az plan yeri arasında bölüşdürülür və nəticədə bu kimi ixtisaslar üzrə yüksək təhsil haqları formalaşır. Bu əlbəttə ki, təklif olunan qiymətlərdir. Məlumdur ki, ali məktəblərin plan yerləri tam şəkildə dolmur. Müəyyən sayda plan yeri boş qalır ki, bu zaman öncədən planlaşdırılmış maliyyə hesabatlarında kəsr yaranır. Ona görə də, ali təhsil müəssisələri də təhlükəsizlik marjiyasını müəyyən etmək üçün təhsil haqlarının daha da qaldırırlar. Təəsüf ki, son 7 il ərzində 5 mindən çox tələbənin təhsil haqlarını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq qoyduğunu nəzərə alsaq, bu təhsil haqları kifayət qədər böyük rəqəmdir. Nəzərə alsaq ki, Azərbaycan gəncləri daha az təhsil haqqı ödəməklə qonşu ölkələrdə daha yüksək təhsil ala bilərlər, bu zaman biz böyük sayda insanın xaricə üz tutmasına şərait yaratmış oluruq. Təhsil haqları müəyyən olunarkən istər Nazirlər Kabineti, istərsə də Universitetlər təkcə sərf olunan xərcləri düşünməməlidirlər, onlar həmən o qədər yüksək məbləğdə vəsait ödəyib təhsil alan tələbələrin sonradan əmək bazarında iş tapması, alacağı əmək haqqını da nəzərə almalıdırlar. Təəssüf ki, tələbələrin təhsil aldıqları müddətdə ödədikləri təhsil haqlarını geri qazanmaq üçün indiki əmək haqqı məbləği ilə 10 ilə qədər vaxt lazımdır. Hal hazırda Azərbaycanda dövlət universitetlərində ən yüksək təhsil haqqı 6500 manat, ən aşağı təhsil haqqı isə 1000 manatdır.

Kamran Əsədov təhsil haqqları məsələsində dünya praktikasından da danışdı:
“Qardaş Türkiyənin dövlət universitetlərində minimum təhsil haqqı 100 manat, maksimum təhsil haqqı 3000 manatdır. Rusiyada bu rəqəm 400 manat və 3500 manat arasında dəyişir. Ukraynada 500-2500 manat məbləğində təhsil haqları dəyişir. Bu dövlət universitetində olan təhsil haqlarıdır. Özəl universitetlərdə isə rəqəmlər fərqlidir. Düşünürəm ki, universitetlər təhsil haqlarını aşağı salmalı, tələbələrə təhsil haqqını hissə hissə ödəməyə imkan verməli, eyni zamanda tələbələrə güzəştli şərtlərə, faizsiz təhsil kreditləri verilməlidir”.

İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, tələbə kreditlərinin olması pis praktika deyil:
"Bir çox inkişaf etmiş ölkələrdə əsasən də Avropa ölkələrində artıq ali təhsilin öz dövlət dilində pulsuz olması ilə bağlı addımlar atılıb. Son üç ili götürsək artıq İrlandiya, Almaniya, Faransa, Norveç belə bir qərar qəbul elədi. Praktikaya baxdıqda görmək olar ki, dünyada ali təhsilin əlçatan olması üçün işlər görülür. Mənə elə gəlir Azərbaycan da bununla bağlı işlər görməlidir. Aztəminatlı ailələrdə yüksək bal toplamış, ancaq ödənişli əsaslarla oxuyacaq tələbələrin təhsil haqqını dövlət öz üzərinə götürsə yaxşı olar. Ümimiyyətlə ali təhsil sistemində öz ana dilimizdə təhsilin pulsuz olması üçün addımlar atılmalıdır. Bu ölkənin inkişafına, həm təhsil səviyyəsinin yüksəlməsinə səbəb ola bilər. İnkişaf etmiş ölkələrin praktikası göstərir ki, təhsilin inkişafı rifahın inkişafı ilə düzmütənasibdir. Yəni təhsilli insanların sayı nə qədər çox olarsa, o ölkələrdə rifah da yüksələcəkdir. Tələbə kreditləri bağlı yerli banklara Mərkəzi Bank daha ucuz qiymətə pul verə bilər. Onlar da ucuz qiymətə tələbələrə kreditlər təklif edə bilərlər. Daha dayanıqlı yol dövlət universitetlərində hamısında ali təhsilin pulsuz olması üçün işlər görülməlidir".