"Avqustun 8-də Vaşinqtonda Tramp, Əliyev və Paşinyan tərəfindən imzalanmış "Sülh zirvəsi bəyannaməsi" tək ona görə əlamətdar deyil ki, ABŞ-Azərbaycan, Azərbaycan-Ermənistan münasibətlərini yeni real mərhələyə çıxartdı. Həm də Rusiya ilə geosiyasi çarpışmada ABŞ-ın daha bir bölgədə üstünlüyünü təmin etdi".
Bu barədə hafta.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib. Onun fikrincə, 2020-ci il 10 noyabrda Putinin iştirakı ilə virtual şəkildə imzalanmış bəyannamə real olaraq tam işlək ola bilmədi.
A.Quliyev vurğulayıb ki, Putin həmin sənədin nəinki imzalanmasında, hətta ondan sonrakı dövrlərdə də Əliyevlə Paşinyanı məzmunlu bir müzakirə üçün üz-üzə danışığa gətirə bilmədi:
"Ona görə də belə bir nəticə gözlənilən idi. Tramp Rusiyanı Bakı-Yerevan normallaşma prosesindən faktiki olaraq çıxartdı. Tramp Qafqazda sülh təşəbbüslərini Putinin əlindən aldı və Ukrayna ətrafında apardığı "ləng müharibə və qırılmayan sülh ümidləri" siyasəti ilə aldatdı. “Vaşinqtonda imzalanmış 8 avqust Tramp-Əliyev-Paşinyan bəyannaməsi 10 noyabr 2020-ci il bəyannaməsinin ömrünü bitirdi. Putinin 5 il əvvəl həmin Bəyannaməyə "Zəngəzur dəhlizi" ifadəsini salmağa belə gücü çatmadı, yaxud böyük ehtimalla bunu istəmədi. Çünki Zəngəzurun faciəli şəkildə tikə-parça edilməsində öz əlləri var. Ancaq 8 avqust Vaşinqton Bəyannaməsinə "Sülh və Rifah naminə Tramp yolu" adlı marşrutu salmağa Trampın qüdrəti çatdı. Putin dövlətlərarası sənədlərə Zəngəzur dəhlizi adının rəsmən salınmasına nə özü çalışdı, nə də buna imkan verdi. Ancaq Tramp artıq həmin marşrutu dövlətlərarası mötəbər sənədə daxil etdirdi. Putin istəsə də, istəməsə də "Tramp yolu" artıq beynəlxalq rəsmi leksikona daxil edildi. Ancaq biz "Tramp yolu" ilə yanaşı "Zəngəzur dəhlizi" ifadəsinin də beynəlxalq diplomatik, siyasi leksikonda işlədilməsinə çalışmalıyıq. Ən azı tarixi ərazilərimizə qarşı edilmiş ədalətsizliyə etirazın ifadəsi və simvolu kimi bu olmalıdır”.