Dövlətimizdən, xalqımızdan umacağım yalnız müstəqil ölkəmizin azad olunmuş torpaqlarımızla birgə daha da çiçəklənməsidir
Martın 3-də 80 yaşı tamam olan Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkənin ilk parlament sədrlərindən biri olmuş, iki aydan çox Respublika Prezidenti səlahiyyətlərini icra etmiş tibb elmləri doktoru, professor Yaqub Məmmədov “Həftə içi”nə müsahibəsində keşməkeşli həyat yollarından, bugünkü qayğılarından, Qarabağdakı son proseslərə münasibətindən bəhs edib.
- Yaqub müəllim, öncə yubileyiniz münasibətilə Sizi təbrik edir, cansağlığı diləyirik. Bu 80 illik ömrünüzü bir kinolent kimi izlədikdə ən unudulmaz, xoşbəxt gününüz kimi hansı tarix üzərində daha çox dayanırsınız?
- Xoşbəxt günlərimiz də çox olub, çətin günlərimiz də... Əlbəttə, illər keçdikcə bunları bir-bir xatırlayır, xoşbəxt günlərə görə sevinir və Allaha şükürlə dua edirik ki, pis günlərimiz təkrar olunmasın... Onu da deyim ki, Şuşanın azad olunduğu gün doğrudan da ömrümün ən çox sevindiyim, xoşbəxt günlərindən biri oldu...
Mən ömrümboyu yalnız özümün deyil, başqalarının da xoş günlər keçirməsi üçün çalışmışam. Odur ki, daim yaxşılıq etməyə, insanlarla xoş ünsiyyət, əlaqələr qurmağa səy göstərmişəm. Bu gün qohum-əqrəba ilə yanaşı, onlarca insan, dostum, tanışım, həmkarım, xüsusən tələbələrim zəng edib təbrik edəndə sevinirəm ki, insanlar bu 80 yaşımda da məni unutmursa, deməli, boş-boşuna yaşamamışam, cəmiyyət, xalq üçün nəsə etmişəm...
Ömrüm çox keşməkeşli, enişli-yoxuşlu olub, hamar olmayıb. Əsas odur ki, bütün bu çətinliklərdən həm mənəvi, həm də fiziki baxımdan üzüağ, salamat çıxmışam. Odur ki, taleyimdən şikayətim yoxdur və yaşadığım illərə görə peşmanlıq çəkmirəm...
- Bildiyimizə görə, bundanəvvəlki yubileylərinizdə heç bir genişmiqyaslı tədbir-filan keçirməmisiniz. Bu, Sizin şəxsi xarakterinizdən irəli gəlir, yoxsa?..
- Tam səmimi deyirəm: heç vaxt ad günü, yubiley keçirmək həvəsində olmamışam və bu məqsədlə geniş miqyasda tədbir, məclis keçirməmişəm. Böyük imkanlarım da olub, yüksək vəzifələrdə də olmuşam. Belə tədbirlərə münasibətim başqa cürdür. Doğum günlərinə ömrümüzün adi bir günü kimi baxıram...
- Yaxın dostlarınızı da dəvət etmirsiniz belə günlərdə?
- Xeyr, heç kəsi dəvət etmirəm. Yalnız ailə üzvlərimlə, övladlarımla, təmtəraqsız...
- Sovet dövrünün o dinc çağlarında, ali məktəb rektoru işlədiyiniz vaxtlarda da təntənəli yubiley keçirməmisiniz?
- Xeyr. Rektor işlədiyim vaxtlarda, məsələn, 1991-ci ildə - 50 illiyimdə mənə yuxarıdan – Mərkəzi Komitədən də təklif etdilər ki, geniş bir tədbir keçir, ancaq imtina etdim.... Doğrudur, ad günü və yubileylərdə qohumlar, dostlar, həmkarlar məni təbrik edib, toplaşıb nəsə təşkil etməyə çalışıblar; heç birinə imkan verməmişəm...
1992-ci ildə Xocalı faciəsi baş verəndən, Qarabağın işğalından sonra isə ümumiyyətlə, ad günü, yubiley qeyd etmək heç yada da düşməyib... Elə budəfəki 80 illik yubileyimi də yalnız ailə çərçivəsində ən doğmalarımla beləcə sadə, təmtəraqsız şəraitdə qeyd etmək fikrindəyəm... Ən əsası odur ki, Allah bizə bir ömür verib, onu mənalı, səmərəli və şərəfli yaşayaq, bacardığımız qədər ailəmiz, işlədiyimiz kollektiv, dövlətimiz, xalqımız, Vətənimiz üçün xidmət göstərək. Gərək elə yaşayasan ki, dünyadan köçəndə dünya durduqca unudulmayacaq bir izin qalsın...
- Doğum günü və ya yubileyinizi əzizlərinizlə birgə qeyd etmək üçün doğma Gədəbəyə, doğulduğunuz Əli İsmayıllı kəndinə getmisiniz?
- Yox, doğma yurduma sırf doğum günümü qeyd etmək məqsədilə getməmişəm. Gədəbəyə həmişə məzuniyyət, tətil dövrlərində gedirəm. O torpaqda dünyaya göz açmışıq, həyata ilk qədəmlərimizi atmışıq, orta məktəbi bitirmişik, valideynlərimizin, doğmalarımızın məzarları oradadır...
Gədəbəy rayonu, Gədəbəy camaatı daim diqqət mərkəzimdə olub, problemləri ilə bacardığım qədər məşğul olmuşam. Doğma rayonum üçün xeyli iş görmüşəm. Gədəbəylilərdən soruşsanız, özləri deyə bilər...
- Şükür Allaha, maşallah olsun, gümrahlığınız yalnız görkəminizdən deyil, səsinizdən də hiss olunur. Göz dəyməsin. Ömrünüzün artıq 9-cu onilliyinə qədəm qoyduğunuz bir vaxtda belə sağlam qalmağınız tibb alimi olmağınızla bağlıdır, yoxsa bunun başqa sirləri də var?
- Bunun sirləri çoxdur. Əvvəla, gərək genetik baxımdan sağlam olasan. Bu da Allah-Taalanın verdiyi qismətdir, nəsildən-nəslə ötürülür. İkincisi də sağlamlığın ən birinci şərti odur ki, paxıllıqdan uzaq olasan, heç kəsə həsəd aparmayasan. Allaha daim şükür edəsən, qazandığına, əlində olana qane olasan. Bir sözlə, insani keyfiyyətlərin, daxili aləmin üstün olmalıdır. Xeyirxah, ədalətli olmalısan. Çox vaxt insanın içini həm mənəvi, həm də fizioloji baxımdan yeyib xəstə salan onun xainliyi, xəbisliyi olur... Üçüncüsü də, daim sağlam həyat sürməyə, zərərli vərdişlərdən, qidalardan uzaq olmağa çalışmalısan...
- Doğulduğunuz məkanın, yəni Gədəbəyin yüksək dağ havasının, suyunun, gözəlliyinin də rolu olub sağlam yaşamağınızda...
- Əlbəttə. O mühitdə dünyaya gələn, həyata qədəm qoyan, böyüyən, tərbiyə alan adamlar əksər hallarda sağlam olurlar... Mən də o çətin, amma ekoloji təmiz dağ şəraitində doğulmuşam, uşaqlığım çox ağır şəraitdə keçib. Qarlı-çovğunlu günlərdə uzaqda yerləşən məktəbimizə piyada gedib-gəlmişik. Çöldə təsərrüfatla məşğul olmuşuq. Təbii ki, bu amillərin də insan orqanizminin möhkəmlənməsində, xarici təsirlərə davamlı olmasında böyük rolu olub...
- Koronavirusa qarşı peyvənd vurdurmusunuz?
- Bəli, həm birinci, həm də ikinci peyvəndləri vurdurmuşam.
- Nəsə bir fəsad-filan hiss etməmisiniz ki?
- Xeyr. Hər şey normal keçib. Heç bir mənfi hal hiss etməmişəm. Şükür Allaha...
- Bu pandemiya dövründə də işə az getdiyinizdən boş vaxtınız çox olur. Əsasən, nə ilə məşğul olursunuz belə vaxtlarda?
- Boş vaxtımı əsasən qəzetlərin, internet saytların mütaliəsi ilə keçirirəm, bir də elmi yazılar işləməklə. İndi yaxşı fürsət düşüb ki, bədii kitabları da oxumağa çox vaxt qalır...
- Maraqlıdır, hazırda hansı kitabı oxuyursunuz?
- Əsasən, böyük dövlət xadimlərinin memuarlarını oxuyuram.
- Yəqin ki, özünüz də memuar yazmağa başlamısınız?
- Bəli, yavaş-yavaş qeydlər aparıram. İnşallah, ortalığa nəsə qoyarıq...
- Yaqub müəllim, 80 yaşınızın tamamlandığı bu günlərdə xalqımızdan, dövlətimizdən umacağınız nədir?
- Dövlətimizdən, xalqımızdan umacağım əmin-amanlıq, firavan həyat, bundan sonra, müstəqil ölkəmizin azad olunmuş torpaqlarımızla birgə daha da güclənməsi, çiçəklənməsidir. Xalqımıza da sülh, əmin-amanlıq şəraitində xoşbəxt günlər, illər arzu edirəm. Ciddi problemlər, yersiz qarşıdurmalar yaşanmasın, doğma-ögeylik, ayrı-seçkilik olmasın... Hamı Prezidentimizin yumruğunu sıxıb göstərdiyi kimi birlik, həmrəylik şəraitində yaşasın...
- Xalqdan, dövlətdən söz düşmüşkən, 33 il öncə başlanmış bu uydurma Qarabağ münaqişəsinin körüklənib alovlandığı ilk illərdə parlament üzvü olmuş, yüksək dövlət vəzifəsi daşımış, yəni həm Ermənistan, həm Moskvanın, eyni zamanda Avropanın, ABŞ-ın Azərbaycanla bağlı gizli və açıq siyasətlərinə bələd olan biri kimi 44 günlük müzəffər savaşımızdan sonrakı proseslər haqqında nə düşünürsüz? Sizcə, Xocalı, Xankəndi, Ağdərə, Xocavənd və s. torpaqlarımıza da tezliklə sahib çıxa biləcəyikmi?
- Xocalıya, Xankəndinə, Yuxarı Qarabağın digər ərazilərinə getmək, o torpaqlara üçrəngli bayrağımızın sancılması, Azərbaycanın suverenliyinin, yurisdiksiyasının o yerlərdə də bərqərar olunması, əlbəttə, hamımızın arzusudur. İnanıram ki, bir az gec də olsa, bu arzumuza da çatacağıq... Prezidentimiz də hər çıxışında qəti əminliklə deyir ki, biz sonadək gedəcəyik və tam qələbəmizi təmin edəcəyik... Sadəcə, bir az praqmatik olmaq, reallıqla hesablaşmaq lazımdır...
Bilirsiniz, bu, çox böyük bir problem və prosesdir. Qarabağ problemi yalnız bir ölkənin, regionun problemi deyil. İkincisi də, hər şeyin maksimumunu tələb etmək doğru deyil. Hamıya əyandır ki, son savaşımız nəticəsində biz Azərbaycan dövləti, xalqı, ordusu olaraq maksimum nə mümkündürsə, onu əldə edə bildik. İnşallah, qalan məsələləri də həll edəcəyik. Əsas odur ki, bu istiqamətdə ölkə rəhbərliyinin prinsipiallığı və qətiyyəti var...
-Yaqub müəllim, ömrünüzboyu bir çox suallara cavab vermisiniz; öncə müəllimlərinizin, sonra öz şagirdlərinizin, daha sonra tabeliyində çalışdığınız və öz tabeliyinizdəki şəxslərin, eləcə də məhkəmə hakimlərinin və daha çox jurnalistlərin... Bəs Qurani-Kərimə görə hamımızın şahidi olacağımız Axirət günündə Uca Allah məhkəməsi qarşısında həyatınızla bağlı hansısa suala cavab verə bilməməkdən ehiyatlanmırsız ki?
- Xeyr. Allah qarşısında da, xalqım, dövlətim, cəmiyyət, ailəm, onillərlə işlədiyim kollektiv qarşısında da heç bir suala cavab verməkdən ehtiyatlanmıram... Hesab edirəm ki, hamının üzünə çəkinmədən, düz baxmağa haqqım var. Tanıyanlar da məni belə qəbul edir. Bir sözlə, çox razıyam həyatımdan, taleyimdən...