Rusiyanın Daxili İşlər Nazirliyi ölkəyə girişi qadağan edilən əcnəbilərin sayını 797,8 min nəfər olaraq açıqlayıb. Nazirliyin rəsmisi Valentina Kazakova bildirib ki, onlardan 98 mini Ədliyyə Nazirliyi, 89 mini FSB, 35 mini Rospotrebnadzor və 12 mini Federal Gömrük Xidməti tərəfindən qadağan edilib.
Hafta.az-ın yazdığına görə, qadağa qərarlarının əksəriyyəti Daxili İşlər Nazirliyi tərəfindən qəbul edilib. Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda çıxış edən Kazakova sözügedən əcnəbilərin ölkəyə girişinə qadağa qoyulmasının səbəbləri ilə bağlı məlumat paylaşmayıb.
İki ay əvvəl nazirlik 2022-ci ildə deportasiya edilən immiqrantların sayının əvvəlki ilə nisbətən 2,5 dəfə artdığını açıqlamışdı. Digər tərəfdən, “FinExpertiza”nın məlumatları göstərir ki, 2022-ci ildə 3,47 milyon əcnəbi Rusiyaya işləmək üçün gəlib.