83 ildir sağalmayan yara - KATIN QIRĞINI

11:45 13.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

13 aprel tarixi polyakların qan yaddaşına çox böyük faciənin yaşandığı gün kimi yazılıb. Məhz bu gün Sovet hakimiyyətinin xüsusi göstərişi ilə 22 min Polşa vətəndaşı amansızcasına qətlə yetirilib. 1940-cı ilin yazında Sovet hakimiyyətinin ən yüksək səviyyəsində Polşanın müharibədən əvvəlki şərq əyalətləri ərazisindəki həbsxanalarda saxlanılan polşalı hərbi əsirlərin öldürülməsi barədə qərar qəbul edilib. Qərara uyğun olaraq Daxili İşlər Xalq Komissarlığının Kozielsk, Starobielsk və Ostaszkov düşərgələrindən toplam 14587 hərbi əsir, həmçinin SSRİ tərəfindən işğal olunmuş ərazilərdə həbs edilən 7,3 min məhbus öldürülüb ki, qətlə yetirilən polyakların toplam sayı 22 min nəfərdir. Qətliam Katın adlı ərazidə icra edildiyi üçün bu dəhşətli qırğın tarixdə Katın faciəsi kimi qalıb.

Katın qırğını niyə baş verdi? Məlumat üçün deyək ki, faşist Almaniyası Polşa ilə 1934-cü ildə imzaladığı "bir-birinə hücum etməmək" haqqındakı anlaşmanı pozaraq 1 sentyabr 1939-cu ildə bu ölkəni işğal edir. Polşanın işğalı İkinci Dünya müharibəsinə yol açır, Fransa və Böyük Britaniya Almaniyaya müharibə elan edir, amma SSRİ-dən səs çıxmır. Bu, səbəbsiz deyildi.

Almaniya Polşanı işğaldan etmədən öncə SSRİ ilə də oxşar "hücum etməmək haqqında" sazişə imza atmışdı. Berlinlə Moskva arasındakı anlaşmanın bəzi gizli detalları da vardı ki, onlar dünya ictimaiyyətindən tam gizli saxlanılmışdı. Həmin gizli anlaşmaya görə, alman ordusu Polşanın qərb hissəsini işğal etdikdə Sovet qoşunları da şərq hissəsini ələ keçirməliydi. Qırmızı ordu 1921-ci il sülh müqaviləsi ilə Polşanın tərkibinə keçən Qərbi Ukrayna və Qərbi Belarusu işğal etməliydi.

Ordu Polşanın şərqini işğal etdikdə xeyli zabit və əsgəri əsir götürür. Əsirlərin sayı o qədər çox olur ki, SSRİ ərazisində bu məqsədlə 8 düşərgə yaradılır. SSRİ bir az sonra polşalı əsgərləri sərbəst buraxsa da, zabitləri müxtəlif düşərgələrə paylaşdırır. Sibir və Şimali Qazaxıstana sürgün edilən polşalı zabit və onların ailə üzvlərinin sayı 26 minə çatırdı. Bu ailələr Qırmızı Xaç Komitəsi vasitəsilə Polşadakı qohumları ilə yazışmaq imkanına malik olarkən 3 düşərgə - Ostaşk, Kozel və Straboldakı əsirlərdən səs-səmir çıxmır. 1940-ci ilin may-aprel ayından həmin düşərgələrlə ümumiyyətlə bütün əlaqə kəsilir. 3 mart 1940-ci ildə Moskvada Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun iclası toplanır. İclasda söz alan daxili işlər komissarı Lavrenti Beriya, əslində Stalinin şifahi tapşırığına əsasən, Ukrayna və Belarusda saxlanan polşalı zabitlərin, polislərin qatı millətçi olduqlarını, SSRİ-ni düşmən saydıqlarını, buna görə də onlara qarşı ciddi tədbirlər görülməsini təklif edir. Bir neçə gün sonra Ukrayna və Belarus düşərgələrində saxlanılan polşalı zabitlər 350-400 nəfərlik qruplarla qatarlara mindirilir. Azad ediləcəklərini düşünən polşalı əsirlər Katın meşəsində yerləşdirilən Qırmızı Ordunun cəza dəstələri tərəfindən başlarına torba keçirilərək güllələnir...

Almaniya ilə SSRİ-i arasındakı müharibə zamanı - 1943-cü ildə faşistlər Katın meşəsində toplu məzar aşkarlayır və bunu dünyaya bəyan edirlər. Faşist Almaniyası ekspertiza keçirərək polşalı zabitləri 1940-cı ildə Daxili İşlər Xalq Komissarlığı tərəfindən qətlə yetirildiyi qənaətinə gəlir. Moskva bu ittihamları rədd edir. Sovet qoşunları bu əraziləri yenidən ələ keçirdikdə bu dəfə Moskva ekspertiza keçirir və polşalı zabitləri məhz faşistlərin qətlə yetirdiyini açıqlayır.

Faşistlərin adı çıxmışdı deyə, illlər uzunu beynəlxalq aləm Moskvanın dediklərinə inanır. Bu durum 1990-cı ilə qədər davam edir. SSRİ-nin o zamankı prezidenti Mixail Qorbaçov arxivlərin açılmasına qərar verir və dəhşətli faktlar üzə çıxır. SSRİ-nin cəza dəstələrinin Katın meşəsində təxminən 24 min polşalını qətlə yetirdiyi məlum olur. Bu faktın aşkar olunması kommunizmdən qurtulan Rusiya ilə Polşa arasındakı münasibətlərin soyuqlaşmasına yol açır...

Bu yerdə qeyd edək ki, Katın faciəsindən tam 70 il sonra eyni ərazidə polşalılara qarşı ruslar tərəfindən ikinci qərğın törədildi. Polşa prezidenti Lex kaçinsk və xanımı Mariya Kaçinska Rusiyanın Smolensk şəhəri yaxınlığında baş vermiş müəmmalı təyyarə qəzasında həlak oldular. Hadisə zamanı təyyarədə Kaçinski ailəsi ilə yanaşı dövlət və hökumət rəsmiləri, ordunun yüksəkçinli zabitləri, eləcə də ekipaj üzvlərindən ibarət 96 nəfər olub. Çox təəssüf ki, dəhşətli qəzada bütün sərnişinlər dünyalarını dəyişdi.

Çox təəssüf ki, aradan 8 il ötməsinə baxmayaraq, Moskva qanlı hadisənin təfərrüatlarının açılmasına maraq göstərməyib və təyyarənin qara qutusunu analiz edilməsi üçün Varşavaya təhvil verməyib.

Siyasət rubrikasından digər xəbərlər