Həştərxan vilayəti ilə Azərbaycanı uzunillik tarixi, iqtisadi, mənəvi, mədəni və hətta qohumluq əlaqələri bağlayır. Məhz buna görə də azad edilmiş ərazilərin bərpasında iştirak etmək bizim üçün tamamilə təbii addımdır.
Hafta.az xəbər verir ki, bu sözləri jurnalistlərə Rusiya Federasiyasının Həştərxan vilayətinin vitse-qubernatoru, Hökumət sədri Denis Afanasyev deyib.
Onun sözlərinə görə, məhz bu möhkəm əlaqələr Həştərxan vilayətinin qubernatorunun Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edərək azad edilmiş ərazilərin bərpasına dəstək göstərilməsi təklifi ilə çıxış etməsi üçün əsas yaradıb.
“Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi və razılığı sayəsində bu layihəni həyata keçirmək imkanı qazandıq. Bu gün Mahruzlu kəndində uşaq bağçası tikilir və bu, dostluğumuzun və əməkdaşlığımızın rəmzinə çevriləcək. Bizim üçün bu, ilk növbədə, insani həmrəyliyin və səmimi dost dəstəyinin təzahürüdür. Bu layihə heç bir iqtisadi məqsəd daşımır, çünki burada iqtisadi məqsədlərin prinsipial əhəmiyyəti yoxdur. Ən vacibi bu torpağın dinc gələcəyinə öz töhfəmizi verməkdir. İstərdik ki, gələcəkdə bu uşaq bağçasına gedəcək uşaqlar buranın Həştərxan vilayətinin iştirakı ilə tikildiyini bilsinlər, xalqlarımız arasında uzunillik dostluğun mövcud olduğunu dərk etsinlər və bizim hər zaman bir-birimizi dəstəkləməyə hazır olduğumuzu anlasınlar”, – deyə Denis Afanasyev qeyd edib.
Vitse-qubernator, həmçinin uşaq bağçasına rus yazıçısı Pyotr Yerşovun adının verilməsi təşəbbüsünü dəstəklədiyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.
“Binanın tərtibatında Pyotr Yerşovun məşhur “Qozbel at” nağılının bədii motivlərindən istifadə olunacaq. Əminəm ki, bu da xalqlarımız arasında mədəni qarşılıqlı əlaqənin və qarşılıqlı anlaşmanın daha bir rəmzinə çevriləcək.
Bizi həqiqətən də çox şey birləşdirir – ortaq tarix, mənəvi və mədəni dəyərlər. Ümumi vəzifəmiz bu irsi qoruyub saxlamaq və gələcək nəsillərə ötürməkdir”, – deyə Denis Afanasyev vurğulayıb. /AZƏRTAC/