"26 İyun – Silahlı Qüvvələr Günü Azərbaycan xalqının hərbi qüdrətinin, dövlətimizin gücünün və müstəqilliyimizin etibarlı təminatçısı olan Azərbaycan Ordusunun şərəfinə qeyd olunan əlamətdar tarixdir. Bu gün təkcə hərbçilərimizin peşə bayramı deyil, həm də xalqımızın qürur və iftixar günüdür. Çünki Azərbaycan Silahlı Qüvvələri son illərdə yalnız regionun deyil, dünyanın ən peşəkar və müasir ordularından biri kimi özünü təsdiqləyib".
Bunu Hafta.az-a şərhində Milli Məclisin deputatı Jalə Əliyeva bildirib. Deputat qeyd edib ki, Azərbaycan Ordusunun bugünkü gücü uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasətinin nəticəsidir.
"Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə yüksəlib. Dövlət başçısının diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimiz müasir silah və texnika ilə təchiz olunub, hərbi infrastruktur yenilənib, şəxsi heyətin peşəkarlığı əhəmiyyətli dərəcədə artırılıb.
Azərbaycan Ordusunun gücü və döyüş qabiliyyəti 2020-ci ildə Vətən müharibəsində bütün dünyaya nümayiş etdirildi. Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi altında Azərbaycan Ordusu cəmi 44 gün ərzində işğal altında olan torpaqlarımızı azad edərək tarixi Zəfər qazandı. Bu Qələbə yalnız hərbi uğur deyil, həm də milli birliyin, siyasi iradənin və xalq-ordu həmrəyliyinin təntənəsi idi.
Vətən müharibəsində Azərbaycan əsgəri misilsiz qəhrəmanlıq nümayiş etdirdi. Ordumuzun peşəkarlığı, yüksək döyüş ruhu və müasir hərbi taktika qarşıya qoyulan bütün vəzifələrin uğurla yerinə yetirilməsini təmin etdi. Şuşanın azad olunması isə Azərbaycan hərb tarixinin ən şanlı səhifələrindən birinə çevrildi. Bu Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyü təmin edildi, beynəlxalq hüquq və tarixi ədalət bərpa olundu",- deputat qeyd edib.
J.Əliyeva vurğulayıb ki, qələbədən sonra da Azərbaycan Ordusunun inkişafı dayandırılmayıb. Əksinə, Silahlı Qüvvələrimizin daha da gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır:
"Müasir komando birliklərinin yaradılması, yeni hərbi hissələrin istifadəyə verilməsi, beynəlxalq standartlara uyğun hazırlıq proqramlarının tətbiqi Ordumuzun döyüş qabiliyyətini daha da artırır. Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordularından biri olmaqla yanaşı, ölkəmizin təhlükəsizliyinin və sabitliyinin əsas təminatçısıdır. Azərbaycan əsgəri öz qəhrəmanlığı ilə xalqın sonsuz sevgisini və etimadını qazanıb. Dövlət-Xalq-Ordu birliyi isə ölkəmizin ən böyük üstünlüklərindən biridir.
26 İyun – Silahlı Qüvvələr Günündə Azərbaycan Ordusunun bütün şəxsi heyətini, veteranlarını və şəhid ailələrini dərin ehtiramla yad edir, qəhrəman hərbçilərimizə minnətdarlığımızı bildiririk. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən tarixi Zəfər Azərbaycan dövlətinin gücünü, xalqımızın yenilməz iradəsini və Ordumuzun qüdrətini bütün dünyaya nümayiş etdirdi.
Azərbaycan Ordusu xalqımızın qürur mənbəyidir. Bu qürur isə əbədi olaraq Zəfər salnaməmizin ən parlaq səhifələrində yaşayacaq".