İlk altı ayda Qazaxıstana gələn turistlərin sayı artıb

10:52 17.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan Milli Statistika Bürosunun məlumatına görə, 2024-cü ilin yanvar-iyun aylarını əhatə edən ilk yarımillikdə Qazaxıstana 566,5 min xarici turist səfər edib.

Hafta.az-ın yazdığına görə, bu da ölkəyə 515,8 min əcnəbinin gəldiyi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 50,7 min nəfər çoxdur.

Qazaxıstan Turizm və İdman Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, ölkəyə gələn xarici turistlərin coğrafiyası ildən-ilə genişlənir. Məsələn, Qazaxıstana ən yaxın qonşuları ilə yanaşı, uzaq xarici ölkələrdən də səyahətçilər gəlməyə başlayıb.

Bu dövrdə ən çox səyahət edən Rusiyadan gələnlər olub - 186,1 min nəfər. İkinci yeri çinli turistlər tutub - 69918 nəfər. Üçüncü yerdə Hindistandan olan turistlərdir - 53695 nəfər. İlk 5-liyə 30312 nəfərlə Türkiyə və 19597 turistlə ABŞ da daxil olub.

“Xüsusilə Hindistan, Türkiyə və ABŞ kimi ölkələrdən gələn xarici turistlərin sayının artması Qazaxıstanın dünya turizm xəritəsində getdikcə daha cəlbedici bir istiqamətə çevrildiyini göstərir. Biz turizm infrastrukturunu inkişaf etdirməyə və dünyanın hər yerindən gələn səyahətçilər üçün əlverişli şərait yaratmağa davam edirik”, - deyə Turizm Sənayesi Komitəsinin sədri Nurtas Karipbayev bildirib.