İran rejimi İslam adına ləkədir... - Tural İrfan

14:56 17.11.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

İşğalçı Ermənistanın “sərhəd bütövlüyünü özünün qırmızı cizgisi” adlandıran İran molla rejimi bu dəfə ölkəmizi “terrorda” ittiham etməklə Azərbaycan dövlətinə qarşı sayğısızlığını davam etdirir. Bir şiə, müsəlman dövlətinin müsəlmanın, haqqın-ədalətin yanında deyil, dini etiqadı bir kənara qoysaq, məhz  işğalçının, cinayətkarın, haqsızın yanında olması birmənalı qarşılana bilməz. Hafta.az-a müsahibə verən ilahiyyatçı Tural İrfan İrandakı molla rejimi, Azərbaycandakı İran casuslarının aşkarlanması ilə bağlı çox maraqlı məsələlərə toxunub.

– Azərbaycanın işğalçı Ermənistan üzərində 44 günlük zəfərindən sonra İranın ölkəmizə qarşı hədələri, işğalçını dəstəkləyən mesajları daha açıq şəkil aldı. İran molla rejiminin bu siyasətinin mahiyyəti nədir?

- Siyasi rəqabətin dünyada tüğyan etdiyi çətin bir zamanda nataraz qonşuların əhatəsində torpaq azad etmək bizim üçün şanlı bir bayramdır, zəfərdir. Bu zəfər tarixə qızıl hərflərlə yazılacaq. 30 il idi ki, torpaqlarımız işğal olunmaqla yanaşı, insanlarımız soyqırımına məruz qalmış, öz yurdundan qaçqın-köçün salınmış və tarixi mədəniyyət abidələrimiz yer üzündən silinmişdir. Bu gün biz həm də viran qoyulmuş o torpaqlarımızı bərpa edirik.

Azərbaycan öz haqq işində qalib gəldi. İran kimi bəzi dövlətlər məsələnin baş verməsində səbəbkarlardan biri kimi təsdiq olunur. Qarabağ münaqişəsinin baş qaldırmasında bilavasitə maraqlı olan İran kimi dövlətlər bu gün məsələnin həllindən narahat  olublar və açıq-aşkar Azərbaycana qarşı düşmənliklərini və kin-küdurətlərini nümayiş etdirirlər. Bütün dünya bilir ki, Azərbaycan xalqı tolerant, digər mədəniyyətlərə çulğalaşan mədəniyyətə sahib olub, İslam mədəniyyətinə, xristian mədəniyyətinə daim tolerant yanaşıb. Bu gün ölkəmizdə digər xalqlar və icmalar yaşayır. Buna baxmayaraq, İran bizə başqa mövqedən yanaşır. Bu, İranın  bugünkü rejiminin təəsübkeşliyindən və onların apardığı siyasətin mənfur olmasından qaynaqlanır. Adını “islam” qoyan bir dövlət ermənilərin, daşnaqların tərəfində durur. İran rejimi məscidlərimizə donuz salan, İslam mədəniyyətini təhqir edən bir qövmə arxa-dayaq durur. 

İran Konstitusiyasında yazır ki, İran İslam Cümhuriyyəti dünyada olan bütün İslam abidələrinin, məscidlərin bilavasitə mühafizəkarı və qoruyucusudur. Bəs İran Azərbaycanda – Qarabağda məzarları dağıdanlara qarşı niyə bircə dəfə də olsun səsini çıxarmadı? Buradan da görünür ki, İran İslam bayrağı altında anti-İslam təbliğatı həyata keçirir.

-  İranın özündə dinə münasibət necədir?

- İran molla rejimi qədim fars milliyyətçiliyindən doğan öz ənənəvi imperialist siyasətini həyata keçirir. Bu gün İran xalqının özü İran rejiminin başında duran mollalara, ayətullalara üsyan edir. Əgər onlar əsl İslamın yolunu tutsaydılar, əhali onlara qarşı çıxardımı? Təsəvvür edin, Qurani-Kərimdə bir ayə var. Allah Peyğəmbərə buyurur ki, sən qövmünə de ki, onların bütlərini təhqir etməsinlər. Əks halda onlar da sizin Allahınızı təhqir edərlər. Yəni hətta kafir də olsa, ona qarşı həddi gözləmək lazımdır. İran molla rejimi İslam bayrağı altında əhalini necə sıxıb, İslam dinindən elə iyrəndirib ki, vaxtilə hicab uğrunda inqilab edən insanlar bu gün həmin hicabı ayaqları altına atırlar. Üstünə Allah yazılan İslam bayrağını ayaqlar altına atıb yandırırlar, təhqir edirlər. Məhz İran rejimi vəziyyəti özü bu həddə gətirib. Həmin  inqilab zamanı əslən Təbrizdən olan, inqilabın əsas banisi olan ayətullah Məmməd Kazım-Şəriəti Mədari bir təklif irəli sürmüşdü. O inqilabın əsas amalı bu idi ki, Azərbaycana muxtariyyət verilsin. Azərbaycanın dili azad olmalı, Azərbaycan dilində məktəblər açılmalı idi. Bu gün milli fəallar Cənubi Azərbaycanda nəyi tələb edirlərsə, həmin ayətullah Şəriət Mədari də bunu tələb edirdi.  Hakimiyyətə başqa adamlar gəldilər və Məmməd Kazım Şəriəti Mədarinin də adına Amerikanın agenti damğası vurub aradan götürdülər. Bu rejim əsla İslama uyğun olmayan, İslam adına ləkə olan bir sistemdir.

– Bütün Qafqazın Şeyxi – Hacı Allahşükür Paşazadə özü belə fikir işlədib ki, İran xomeyniliyi təbliğ edir və  bundan da şiə məzhəbinə məxsus insanların yaşadıqları ölkələrə təsir gücünü artırmaq üçün yararlanır...

– Şeyxülislam Allahşükür Paşazadənin o fikrinə qatılıram ki, əsl İslam tamam başqadır. O, “Xomeyni şiəliyi” fikrini doğru vurğulayıb. Bu, onların özünəməxsus bir şəkildə, siyasi, amma din pərdəsi ilə yürütdükləri mənfur siyasətdir. Müsəlman olan bir şəxs məscid dağıdan, körpə öldürən, qadınların qarnını yırtan, insanların dərisini soyan, işğalçı siyasət yürüdən və İslama zərbə vuran bir erməninin yanında necə ola bilər?! Bu, mümkün deyil. Ona görə də Şeyx Həzrətlərinin o fikrinə qatılıram.

– Azərbaycanda İranın casus şəbəkəsinin fəaliyyətindın çox danışılır, onların ifşa olunması yönündə hansı müşahidələriniz var?

- Tarixdə Ələmud qalasında Həsən Sabbah Həşşaşilər rejimi olub. O, quməsilli bir fars olub və səlcuqlu hakimiyyətinə qarşı terror  aktları həyata keçirib. Bu, uzun müddət davam edib və Hülakü hakimiyyəti dövründə onun davamçılarının sayəsində qalanı fəth edə biliblər. Ona görə də casusluq məsələsi gündəmə gələndə həmişə Həsən Sabbahın fədailərini xatırlayıram. Eynilə o dövrdə də agentlər yetişdirilmiş, Səlcuqlar dövlətinə sızırmışlar. Hətta yuxarı rəhbərliyə keçib 20-25 il özlərini gizlədirmişlər. Buna həmin sistemdə təqiyə deyirlər. Mesaj, əmr gələndə də bunlar təxribatlar törədirmişlər. Məhz İranın Azərbaycanda yetişdirdiyi şəxslər Həsən Sabbahın vaxtilə Səlcuqlara qarşı yetişdirdiyi casus şəbəkəsidir ki, bu gün Azərbaycanda müxtəif təşkilatlarda, müxtəlif qurumlarda, demək olar ki, məscidlərin hamısında mövcuddur. İran İran İslam İnqilabını xilas etmək, onu qonşulara – Azərbaycana, Türkiyəyə də yaymaq istəyir. Ona görə də bu günlərdə İran rəsmiləri bəyanat veriblər ki, Qars, İqdır torpaqları İran torpaqlarıdır. İranın casus şəbəkəsi Suriyada, İraqda, Yəməndə – bütün müsəlman ölkələrində  mövcudur. Həmin casus şəbəkəsi Rusiyada yaşayan azərbaycanlılar arasında çox yayılıb, Gürcüstanda, Borçalıda Azərbaycan əhalisini, demək olar ki, İran idarə edir. Aşura mərasimlərində anti-Azərbaycan, anti-türk təbliğatı aparırlar. Özləri də qeyd edirlər ki, azərbaycanlılar türkdili farslardır.

İran şəbəkəsinə qarşı çox ciddi şəkildə mübarizə aparılmalıdır. Erməni bizim açıq düşmənimizdir və açıq savaşırıq. İran bizə üzdə dost olub, arxada düşmənçilik siyasəti aparır. Ona görə də bizim təsir altında olan adamların şüuruna yeridilməlidir ki, həqiqətən də əsl din, əsl İslam bu deyil. Din adı altında cahil insanların şüurlarına siyasi məsələlər yeridirlər. 

İslam – dindir, siyasət deyil. Ona görə də İslam dini adı altında aparılan bütün siyasi cərəyanlar tənqidə layiqdir. O vaxt hələ Şəriəti Mədari buyururdu ki, gəlin dini hakimiyyət qurmayaq, dinə azadlıq verək.  Deyirdi ki, sabah hakimiyyət olaraq devriləndə, din də bizimlə bərabər hörmətdən düşəcək, təhqir olunacaq.

...İranda hicab təhqir olunur, bu gün insanlar dinə nifrət edir. Ona görə də unutmayaq ki, İranın daxili, ideoloji siyasəti – imperiya siyasətidir. Bunlar İslam adı altında fars imperiyası qurmaq istəyir.

İran İslam İnqilabının da ixracı bununla bağlıdır. İnanıram, bu siyasət tək Azərbaycana qarşı deyil, digər müsəlman, türk dövlətlərinə qarşı yönəlib.

- Qısa zaman kəsiyində Dövlət Təhlükəsizlik Xidməti İranın iki casus şəbəkəsini ifşa etdi...

- İranın casus şəbəkəsi uzun müddətdir Azərbaycanda kök atıb. DTK-nın keçirdiyi əməliyyatlar tam sübuta yetirdi ki, gedib Qumda təhsil alanlar orada casusluğa cəlb olunublar. Belə şəbəkələr Azərbaycanda minlərlədir.  Din adı altında gizlənən şəbəkələr xalq, millət, dövlət üçün çox təhlükəlidir.  İranın casus şəbəkəsinin üzvləri burada o qədər çoxdur ki, biz onları hər yerdə görüb, tanıya bilirik. Məsələn, qadınlar arasında cürbəcür şəbəkələr yaradıblar və onlar guya dəfnlərdə iştirak edirlər. Bunları da araşdırmaq lazımdır. Məşhəd, Kərbəla ziyarətinə gedənlərin 80 faizini İran rejimi casus şəbəkəsinə cəlb edir.  Orada oxuyanların 100 faizi bu şəbəkəyə cəlb olunur. İranda kim təhsil alıbsa ya özü bilərəkdən, ya da bilməyərəkdən İrana işləyir.  Çünki İran orada sırf bu təlimi verir.  Casusluq 100 faiz olsa da, onların içərisindən  terrorçuları seçirlər. Casus şəbəkədən başqa onların burada terror yaratmağa hazırladığı fədailəri də var ki, bunlar da əsasən narkomanlardan, anlaqsız və psixi-ruhi xəstələrdən ibarət olur. Elə adamları seçirlər ki, onlar terror törətməkdən çəkinmirlər, onları yoldan çıxarmaq, inandırmaq da asandır.

İranın casus məsələsi  həbsxanalarda da çox yayılıb.  Hüquq-mühafizə orqanları onu müəyyənləşdirməlidir: necə olur: dinsiz-imansız həbsxanaya düşənlər çıxanda Hacı Talehin adamları kimi çıxırlar?  Bu da onu göstərir ki, İran şəbəkəsi bütün sahələrdə öz nüfuz təsirini göstərir. İran casus şəbəkəsinin araşdırılmasına məscidlərdən başlanmalıdır. Həbs olunanlar öz ifadələrində deyirlər ki,  Qumda oxuyublar. Ümumiyyətlə, mən İranda təhsil alan adamların məscidlərdən yığışdırılmasının tərəfdarıyam. İranın nəfəsi dəyən adamların hamısı agentdir. Burada yüksək vəzifələrdə də elə adamlar var ki, gizlində qalıb özünü göstərmir, lazım gələndə İranı tənqid edir. Bunlar həm xalqımızın zəhərlənməsi, həm də dövlət üçün təhlükəlidir. Onlar məzhəb adı altında xalq arasında intriqa salırlar. Bunlardan birincisi, sünni-şiə söhbətidir. Axundların çoxu ağzını açanda o qızışdırıcı məsələdən danışır. Çalışırlar ki, Türkiyə ilə Azərbaycanın arasını vursunlar, daxildə sünni-şiə intriqası yaratsınlar. Məgər bu görünmürmü?! Elə məsələlər var, kök atandan sonra ona qarşı mübarizə illərlə vaxt aparır. İranın casus şəbəkəsi də kök atıb, hər yerdə var.  Ona görə də dövlət orqanları bu məsələdə operativ olmalı, problemi  üzərinə əsaslı getməlidir. Əks halda sonra onun kökünü kəsmək çətin olacaq. Onları həbs edə bilərlər, amma zəhərlədikləri beyinləri tez bir zamanda təmizləmək mümkün olacaqmı? Deyirlər ki, mən Xomeynini təqlid edirəm. İndi gəl başa sal ki, sənin rəhbərin Xomeyni deyil,  İlham Əliyevdir. Hüquq-mühafizə orqanları bunu edə biləcəkmi? Hesab edirəm ki, bu, çox gecikmiş məsələdir. Proses başlayıbsa sona qədər təmizlənmə getməlidir.

Oxunma sayı 2238