İran Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil - Ərəstun Oruclu

11:53 21.07.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu ilə hafta.az üçün bu dəfəki söhbətimizdə ABŞ və Rusiya kəşfiyyat rəhbərlərinin İrəvan səfəri, Astana üçlüyünün Tehran görüşü, Türkiyənin BRİKS-ə üzv ola bilməsi ehtimalı, son həftələr Ermənistanın Azərbaycanı əsasən Kəlbəcər istiqamətindən atəşə tutmasının səbəbləri, Rusiya-Ukrayna cəbhəsində kəskin dönüşün mümkünlüyü və s. mövzuları müzakirə etməyə çalışdıq.

-Ərəstun bəy, ABŞ baş kəşfiyyatçısının artıq reallaşmış Ermənistan səfərindən sonra həmin səfərin əsas məqsədi haqda öncə dediyiniz fikirdə qalırsınızmı? Demişdiniz ki, Uilyam Berns İrəvana Azərbaycanla yeni savaşın qarşısını almaq məqsədi ilə gəlib...

-Bəli, ABŞ-ın baş kəşfiyyatçısının Ermənistan səfərinin  məqsədinin məhz dediyim kimi, bölgədə savaşın və yeni cəbhənin açılmasının qarşısını almaq cəhdi kimi dəyərləndirirəm. Və Tehran görüşündə  İran rəsmilərinin, o cümlədən Xamneyinin verdiyi bəyanat açıq şəkildə göstərdi ki, cənub qonşumuz Ermənistan üzərindən dəhlizin açılmasında maraqlı deyil. Və mən  əminəm ki, Rusiya da bunda maraqlı deyil. Çünki məlum üçtərəfli 10 noyabr bəyanatının Rusiyanın maraqlı olduğu bütün bəndlərinə əməl olunur. Lakin o bəndlərdə ki, Rusiya maraqlı deyil, onlar bu və ya digər şəkildə sabotaj olunur və ya ləngidilir. Və indi Rusiyanın həmin o cənuba, yəni Yaxın Şərqə aparan dəhlizlərə nəzarət etməyinin yeganə yolu hərbi qarşıdurma yaratmaqla qoşun yeridib bütün o əraziləri nəzarətə götürməkdir. Və ABŞ da çox gözəl başa düşür ki, Rusiya bunu edəcəyi halda İrana quru əlaqəsi yaratmış olur və bununla da onun Yaxın Şərqə çıxışı daha rahat şəkildə təmin edilir. Həmçinin yadınızdadırsa, Ər-Riyadda körfəz ölkələri başçılarıyla keçirilmiş görüşdə ABŞ prezidenti C. Bayden dedi ki, ABŞ Yaxın Şərqə qayıdıb və regionu Rusiya və Çinə vermək fikrində deyil. Bu, tam olaraq kontekstə uyğun gəlir...

-Axı bəzi şərhçilər də belə bir fikir söyləyir ki, yeni savaşda Moskva maraqlı deyil, əksinə,  Güney Qafqazda Rusiyaya ikinci cəbhə açmağa çalışan Qərb, ABŞ maraqlıdır?..

-Bu mövzuda müxtəlif fikirlər ola bilər. Kimsə hesab edir ki, guya Qərb Qarabağ ətrafında yeni savaş törətməyə çalışır və Avropa, ABŞ bunda maraqlıdır. Mən isə belə düşünmürəm. Mənim fikrim belədir ki,  bununla Qərb heç nə əldə eləmir. Əksinə, mümkün yeni savaş Rusiyanın cənub istiqamətində irəliləməsi üçün şərait yaratmış olur, buna rəvac vermiş olur.

Digər tərəfdən,biz Tehran görüşündə də gördük ki, Rusiya ilə İranın mövqeləri bir sıra məsələlərdə, o cümlədən Ermənistanın İranla, Xamneyinin ifadə etdiyi kimi desək, quru sərhədlərinin saxlanması məsələsində də üst-üstə düşür. Yəni bunun başqa adı odur ki, İran Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil. Zəngəzur isə Türkiyənin bölgəyə çıxmasına şərait yaradan bir mühüm dəhlizdir. Beləliklə, mən həmin fikrimdə qalıram; yeni müharibə Rusiyaya lazımdır, çünki Putin 44 günlük müharibədə öz məqsədinə çata bilmədi - kommunikasiyalara nəzarəti ələ ala bilmədi. Və indi bunu növbəti savaş yoluyla etməyə çalışa bilər...

-Bu, gözlənilsə də, Amerika kəşfiyyatının şefi  Azərbaycana  səfər etmədi...

-Bəli, MKİ direktoru Bakıya səfər etmədi. Hərçənd, bu barədə mətbuatda, şayiə, yaxud ehtiimal xarakterli məlumatlar var idi. Belə görünür ki, bu səfərin kontekstində əsasən Ermənistan rəhbərliyi ilə danışıqlar idi və təsadüfi deyildi ki, onun ardınca Rusiya Xarici Kəşfiyyat İdarəsinin rəisi S.Narışkin də təcili İrəvana səfər etdi. Baxmayaraq ki, o, israrla iddia edir ki, onun bu səfərinin amerikalı həmkarının səfəri ilə heç bir əlaqəsi yoxdur. Belə nəticəyə gəlmək olur ki, ABŞ-ın Cənubi Qafqaz siyasətində Ermənistanın Azərbaycan-Ermənistan sülh danışıqları, sülh prosesi və Türkiyə-Ermənistan əlaqələrinin bərpasından savayı, hardasa ayrıca bir missiyası da nəzərdə tutulub. Odur ki, bu səfər yalnız Ermənistanı əhatə etmiş oldu...

- Yeni savaş başlayacağı təqdirdə Türkiyənin Azərbaycanın yanında ötən dəfəki, yəni şəhid və qazilərin canı-qanı hesabına hərbi qələbə çaldığımız II Qarabağ savaşında olduğunun əksinə, ciddi şəkildə yer almaması variantı mümkündürmü?

-Təəssüf ki, növbəti savaşda Türkiyənin Azərbaycanın yanında yer almaması mümkündür. Və mən düşünürəm ki, bu gün Azərbaycanda Rusiya “5-ci kalon”u əlindən gələni edir ki, Türkiyə Azərbaycandan uzaqlaşdırılsın və uzaqlaşsın. Bunun üçün müvafiq təbliğat bazası da işləyir. Bu gün Azərbaycanın çox təəccüblüdür ki, bir sıra media vasitələrində Rusiyanın geninə-boluna təbliğatı aparılır. Rusiya ilə Azərbaycan az qala qardaş dövlətlər kimi təqdim olunur. Türkiyə isə sadəcə olaraq unutdurulur. Azərbaycan media məkanında Türkiyə hansısa çox yad bir ölkə ilə faktiki olaraq eyni tezilikdə, eyni intensivlikdə xatırlanır. Bu, çox pis tendensiyadır və bu tendensiya Türkiyəni proseslərədən kənarlaşdırmağa yönəlmiş həcmli bir işin tərkib hissəsi ola bilər. Bunu istisna etmirəm. Və nəzərə alaq ki, Azərbaycanın Türkiyə modeli üzrə ordu quruculuğu haqda gedən söhbətlər, əldə olunmuş anlaşmalar, o cümlədən Şuşa Bəyannaməsində göstərilən bəndlər sabotaj olunur.

-Savaşdan söz düşmüşkən, son həftələr Ermənistan Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini  niyə əsasən və demək olar ki, yalnız Kəlbəcər istiqamətindən atəşə tutur?..

 -Kəlbəcərin  hədəfdə olması təbii haldır. Bu haqda çox danışmışıq. Çünki birincisi, Kəlbəcər hərbi-siyasi və geo-strateji baxımdan ən həssas nöqtələrdən biridir. Faktiki olaraq mühasirə durumunda olan bir şəhər, rayondur... Digər tərəfdən isə bu ərazi Qarabağın cənubu istiqamətinə açılan bir yoldur. Yəni oradan rahat şəkildə Tərtərə, Tərtərdən isə Rusiyanın uğrunda illərdir mübarizə apardığı Gəncə kommunikasiya dəhlizinə yol açılır. Ona görə də, təbii ki, Moskva II Qarabağ müharibəsində qarşısına qoyduğu geo-siyasi hədəflərdən imtina etməyib. Heç belə bir fikri də yoxdur. Çünki bu, öncələrdən dediyim kimi, strateji hədəflərdən biridir. Məhz bu baxımdan da Rusiya daim Ermənistan vasitəsilə Kəlbəcəri hədəfdə saxlayacaq. Və Kəlbəcər-Tərtər istiqamətində Azərbaycana uğursuzluq yaşatmağa çalışacaq. Çünki yalnız bu halda Kreml öz məqsədlərinə çata bilər. Mən Kəlbəcər ətrafında son vaxtlar baş verən gərginliyin əsas səbəbini məhz bunda görürəm...

-Sizcə, burada Kəlbəcərdəki Ağduzdağ qızıl  yatağının 30 il müddətinə müqavilə əsasında Türkiyənin “Artvin Maden A.Ş.” şirkətinə istifadəyə verilməsinin rolu yoxdur ki? Halbuki,  Zod yatağının Ermənistan tərəfində(işğaldan öncə isə Azərbaycan tərəfdə də) qızıl hasilatıyla Rusiya şirkəti məşğul  olur...

-Xeyr. Bunlar xırda məsələlərdir...

-Türkiyə, Səudiyyə Ərəbistanı və bir sıra digər müsəlman sayılan ölkələrin Ukrayna savaşından sonra Kremllə fəal görünən yaxınlığı və hətta BRİKS-ə üzv olacaqları barədə informasiyalar sanki ölkələrin növbəti Dünya Savaşı öncəsi qruplaşma yaratması təəssüratı yaratmır ki?

-Sadaladığınız ölkələrin BRİKS-ə qoşulması haqda informasiyalar, demək olar ki, müəyyən niyyət, bəyanat xarakterli məlumatlardır. Və mən həqiqətən düşünmürəm ki, məsələn, Avropa ilə bağlılığı, ABŞ-la bağlılığı olan, NATO üzvü olan Türkiyə bir düşərgədən digərinə sıçrayaraq gedib BRİKS-ə qoşula bilər. Onu da nəzərə alaq ki, BRİKS-ə daxil olan ölkələrin böyük əksəriyyəti, eləcə də Rusiyanın özü heç də Türkiyəyə dost münasibət sərgiləyən ölkələr deyil. Digər ölkələrin bir çoxu neytraldır. Amma  Türkiyənin daha çox Pakistanla əməkdaşlığı var. O cümlədən Hindistan üçün də Türkiyə arzuolunan tərəfdaş deyil. Və belə olduğu halda Türkiyənin BRİKS-ə qoşulması çox məntiqsiz görünür. Səudiyyə Ərəbistanı və Misirə gəldikdə... Səudiyyə Ərəbistanı öz təhlükəsizliyi və hərbi baxımdan ABŞ-dan asılıdır. Onun təhlükəsizliyinə başqa heç kim təminat verə bilməz. Odur ki, bu ölkənin də Rusiya, yaxud gələcəkdə İranla eyni təşkilatda birləşməsi inandırıcı görünmür. Misir isə xarici yardımdan son dərəcə asılı dövlətdir və onun xarici yardımının olduqca böyük bir hissəsi xaricdən gəlir. Misir BRİKS-ə qoşularaq milyardlarla dollarlıq yardımını itirər. Bunun əvəzində o, bu təşkilatdan nə əldə edə bilər.  Üstəlik, həmin BRİKS-ə daxil olan ölkələrin özlərinin arasında xeyli ziddiyyətlər var. Və bütün bunları nəzərə alaraq düşünürəm ki, bəhs etdiyiniz informasiyalar daha çox təbliğat, spekulyasiya xarakteri daşıyır. Odur ki, açığı,  bunu real hesab etmirəm...

-Ukraynada hərbi əməliyyatların Rusiyanın məğlubiyyətini tezləşdirəcək kəskin dönüşü gözləniləndirmi? Yoxsa proses hələ illərlə uzana bilər?

-Ukraynada proses hələ bir müddət davam edəcək. Amma Rusiyanın məğlubiyyətini tezləşdirəcək amillər var ortada... Həmin amillərdən biri və birincisi artıq effektiv Qərb silahlarının NATO ölkələri tərəfindən Ukraynaya verilməsidir. Və həmin silahların fəaliyyəti artıq özünü göstərir. Mən düşünürəm ki, qarşıdan böyük savaş mərhələsi gəlir. Avqust ayında... Və hətta ola bilər iyulun son günlərində... Çünki belə bir həlledidici döyüş olmadan hazırda yaranmış balans pozulmayacaq. Bu da o deməkdir ki, Rusiya-Ukrayna savaşı uzun müddət davam edə, hətta illərlə çəkə bilər. Amma balans dəyişəcəyi halda, məsələn, Ukraynanın xeyrinə dəyişəcəyi, yəni Rusiya işğal etdiyi ərazilərin itkilərinin artdığını görəcəyi halda ən azı atəşkəs anlaşmasına getməyə məcbur olacaq. Mən prosesi bu cür görürəm. Amma qarşıda böyük savaş, yəqin ki, olacaq. Bu gözlənilir. Yəni artıq görünür ki, Amerika tərəfindən Ukrayna pilotlarının hazırlanması prosesi gedir. ABŞ Konqresi bunun üçün 100 milyon dollar vəsait ayırdı. Pilotları boş yerə hazırlamırlar. Deməli, onların Rusiya ilə savaş zamanı idarə edəcəyi təyyarələr də veriləcəkdir. Unutmayaq ki, “Lend-liz” qanunu qəbul olunubdur. Və həmin qanun ABŞ prezidentinə səlahiyyət və imkan verir ki, müasir texnoloji silahların Ukraynaya verilməsini asanlaşdırsın. Digər tərəfdən, pilotların hazırlanması məsələsi müharibənin artıq müəyyən mənada Rusiyanın ərazisinə keçməsi deməkdir. Bu isə Rusiyanın iflası demək olardı. Hələlik ruslar ona görə susurlar ki, müharibə Ukraynanın ərazisində gedir. Amma savaş Rusiya ərazisinə keçdikdə təbii ki, bu ölkədə ictimai rəy kəskin şəkildə dəyişəcək. Ona görə də düşünürəm ki, bir böyük döyüş olacaqdır. Və aydındır ki, Rusiya müəyyən bir məğlubiyyətə uğramasa, hər hansı bir sazişə, hətta atəşkəs sazişinə belə, razılaşmayacaq...