Bu gün İslam dininin İrandakı durumu və oradan dinimizlə bağlı dünyaya sərgilənən mənzərə heç də ürəkaçan olmayan müzakirələr yaradıb. Özünü İslam ölkəsi, şiə məzhəbinə malik bir dövlət sayan İran öz daxilində etiraz edən xalqlara münasibətdə dinin tövsiyələrinə necə əməl edir? İran din qardaşlarına, eləcə də düşmən mövqedə dayanan tərəflərə münasibətdə İslam dininin mühüm tövsiyələrini yerinə yetirirmi? “Həftə içi”nə müsahibə verən dinşünas Elşad Miri mühüm amillərə diqqət çəkib.
- İran bir İslam ölkəsi kimi özünü necə aparır?
- İslam dininin əsas məqsədi insanlara yol göstərmək, onun seçim hüququndan istifadə etməsinə yardım etməkdir. Allahın göndərdiyi Kitab – Qurani-Kərim insan üçün bir instruksiyadır. Biz həmin instruksiyaya uyğun yaşadığımız zaman daha gözəl həyatımız olur, həyata fərqli şəkildə baxmağı öyrənirik. İslamın əsas məqsədi fərdlər üzərindən cəmiyyət anlayışını formalaşdırmasıdır. Hər hansı bir dövlətin verdiyi qərarlarda yanlışlar olduğu zaman onun İslamın adına çıxıb təqdim edilməsi düzgün yanaşma deyil. Bu, dinin cılızlaşdırılması mənasına gəlir.
İranda 1979-cu ildən bəri İran İslam Respublikası anlayışı formalaşıb. Həmin dövrdə bəzi İslam ölkələri sevinirdi ki, İslam, artıq bir dövlət olaraq bərqərar oldu və bundan sonra insanlarla bağlı müsbət irəliləyiş baş verəcək, dinlə bağlı inkişafın müəyyən təzahürlərini görəcəyik. Təəssüflər olsun, gözləntilər olmadı. İndiyədək İranda mövcud olan məzhəb, yəni şiəlik anlayışının müxalifətdən iqtidara keçməsi baş verdi. Bu gün Allahın insanlara çatdırdığı, insanlardan istədiyi İslam anlayışını İran özününküləşdirərək, fərqli şəkildə, özünün istədiyi kimi insanlara təqdim edib, inandırıb.
Mən bu gün heç kimin dininə, məzhəbinə qarışmıram. Allah Qurani-Kərimdə “Qafinə” surəsində deyir ki, sizin dininiz sizə, mənim dinim mənədir. Faktiki olaraq siyasi xəritəyə baxdığımız zaman Pakistan, İran, Əfqanıstan, Mavritaniyanın adını İslam olan bir ölkə kimi görürük. Məsələn, Səudiyyə Ərəbistanı krallıqdır. Adında İslam olmayan, həm də müəyyən məzhəbi əsas almış bir ölkədir. Xristianlar hər hansı bir dövləti – xristian filan dövləti, yaxud Çin – buddist dövləti kimi təqdim etmir. Bu cür yanaşmanın özü yanlışlıqdır. Ona görə də İranda olanların İslamla uyğunlaşdırılıb təqdim edilməsi tamamilə yanlışdır. Kənarda İslamı bilməyən insanlar bu dini İranla əlaqələndirirsə, orada baş verənləri görərək fikirlərini qeyd edirlərsə, bu, Allahın Quranda görmək istədiyi İslam deyildir.
– İran şiə müsəlmanlarının müdafiəçisi kimi özünü təqdim edirsə, özü müsəlman ölkə olaraq İslam dəyərlərini necə qoruya bilir?
- İslamın yeganə mənbəyi Qurandır. Allah da Quranın 43-cü surəsinin 44-cü ayəsində deyir ki, “Biz sizi bu kitabla sorğu-suala tutacağıq”. “Bəqərə” surəsinin 256-cı ayəsində deyir ki, “Dində heç bir məcburiyyət yoxdur”. Dində məcburiyyət yoxdursa, insanların, xüsusən də qadınların istəsə də-istəməsə də başını örtdürərək onlara bu zülmü verməyin özü İranın Allahlıq iddiası deyilmi? Allah bunu bizdən tələb etmədiyi təqdirdə, onların bunu dövlət qanunu olaraq həyata keçirməsi nə dərəcədə İslama uyğun ola bilər? İslam həmişə seçim verib. Hər bir kəsin seçiminə də hörmətlə yanaşır. Məsələn, Qurani-Kərimin “Kəhf ” surəsinin 24-cü ayəsində deyir ki, istəyən iman gətirsin, istəməyən kafir olsun. “İnsan” surəsinin 3-cü ayəsində deyir ki, istəyən şükür etsin, istəməyən naşükür olsun. Kim hansı yolu seçibsə, özü də onun nəticəsinə qatlanacaq, hərəkətinin nəticəsinə görə cavab verəcək. Bu gün İranda insanların başlarını zorla örtdürüb, sonra “əxlaq polisi” kimi strukturlar müəyyənləşdirib güc strukturlarından istifadə edirlərsə, bu, istər-istəməz partlayışa gətirib çıxaracaqdı. İranda baş verən dini təzyiqlər nəticəsində bizim danışdığımız, görüşdüyümüz bəzi insanlar var ki, onlar artıq gənclərin dinə qarşı çox aqressiv şəkildə yanaşdıqlarını açıq şəkildə bildirirlər. Həmin dindən olmadıqlarını, ateist, deist, aqnostik olduqlarını ifadə edirlər. Bir adama məcbur namaz qıldırdığın zaman, başını örtürdüyün zaman, məcbur oruc tutdurduğun zaman bu, Allaha ziddir.
İranın başqalarına təzyiq edib kimin hansı dildə danışıb-danışmayacağına qərar verməsi, Allahın rolunu özünün rolu olaraq təqdim etməkdir. Axı dil mənim istədiyim seçim deyil. Mən bu dildə yaradılmışamsa, bu ölkədə doğulmuşamsa, bu, Allahın mənə verdiyi nemətdir. Hansısa xarici ölkədə yaşayıb, onların dilini bilmirəmsə bu, başqa şeydir. Öz ölkəmdəyəmsə, mənim bir Ana dilim varsa, öz dilimdə danışmağıma şərait yaratmalısan, öz dilimdə yazmağıma imkan verməlisən.
Məsələn, Belçikada hökumət xristianlığı rəsmi din kimi qəbul etdiyi kimi, İslamı da rəsmi din kimi qəbul edib. Xristianlara edilən sosial yardımları müsəlmanlara da edir. İslamın bizdən istədiyi budur. Amma insan doğulduğu yerdə öz dilində danışa bilmirsə, bu, kimlərinsə Allaha qarşı Allahlıq iddiasıdır.
- İranın İslam adı altında ölkə daxilində xalqların haqq və hüquqlarını tapdalaması hansı əks-təsirləri, hansı fobiyanı formalaşdırır?
– İran uzun illərdir Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanla qardaşlığını davam etdirib. Bu sonuncu savaşdan və zəfərimizdən sonra bəzi insanların gözləri açıldı və gördülər ki, özünü “İslam müdafiəçisi, şiə müdafiəçisi” sayan İran Azərbaycanı müdafiə etmədi. Əksinə, düşmənə yardım etdi. Ermənilərə orada öz dilində məktəb açmalarına, danışmalarına, turist səfərlərinə şərait yaratdılar. “İranın müsəlmançılığı budur”, – deyə sorğulamağa başladılar. Məsələyə başqa bir prizmadan yanaşır, deyir ki, biz onların dinindən deyilik.
– Bu gün Azərbaycanda İslam hansı ölkənin dini təsirləri altında qalıb? Bir qədər əvvəl biz DTX tərəfindən aşkar olunan məlum casus şəbəkəsinin aşkar edildiyini xatırlayırıq...
- Casus məsələsi yeni deyildir. Sadəcə olaraq son günlər İranın aqressiyası fonunda daha çox görünməyə başladı. Azərbaycanda olan bəzi ilahiyyatçılar bunu İranın dini rəhbəri yox, müsəlmanların dini rəhbəri kimi təqdim edirlər. Təəssüflər olsun ki, bəzi media bunu bəh-bəhlə tirajlayır. Əks-arqumentlərə imkan vermədiklərinin şahidi oluruq. Bu gün jurnalistlərimizin içindən çıxmadığı məsələ budur. Məsələn, bir insanı reklam edirlər, marketinqini formalaşdırılar. Bu insanın İranla bağlı bir danışığını eşidə bilmirsən. Bu adamın qidalanma yeri odur. Həqiqətlərin bilinməsinə ehtiyac var. Azərbaycanı sevərək həqiqətləri ortaya çıxarmalıyıq. Biz dinlə bağlı olan kanallarda bunun şahidi oluruq. Kanallara çağırılanların kimlər olduğunu, danışdıqlarının nə olduğunu görürük.
- Ermənistanın Azərbaycanla münasibətlərindən danışdıq. Hər bir din Allahın adından danışdığına görə, dinlər ədalətsizliyi, zülmü qəbul etməməlidir. İranın işğalçını dəstəkləməsini sualla qarşıladıq. İran müsəlman ölkəsidirsə, niyə Ermənistanı dəstəklədi?
- İranın mahiyyətini bilməyənlər bu məsələdə təəccüblənə bilərlər. Mən həmişə bunu İrandan gözləmişəm. Onlar bizi özlərindən qopmuş torpaqlar olaraq görürlər. Müstəqilliyimizi həzm edə bilmirlər. Bəzən oradakı azərbaycanlıları danışdırırlar ki, biz onlara birləşməkdənsə, onlar gəlib bizə birləşsinlər. Burada əsas din anlayışı deyil. Əgər bu gün Fransada ermənilər diaspora şəklində birləşib, öz sözlərini deyə bilirlərsə, Amerikanın siyasətində söz sahibi ola bilirlərsə, Azərbaycandan gedən insanlara bu şəraiti yaratmalıyıq. Orada yaşayan azərbaycanlıları öz ölkəmizə sevdirməliyik. Diaspora, sadəcə, bir yerə yığışıb, yeyib-içməkdən ibarət deyil. Mütəmadi olaraq iş apararaq, onlarla birlikdə bərabər olaraq bu məsələlərdə sabah söz sahibləri olacaqları, onların siyasətlərinə təsir edəcək bir mexanizm hazırlanmalıdır. Türkiyə diasporası ilə birgə işlər görülməldir. Diasporamızla bağlı gördüklərimdə o qədər də sevincli deyiləm. Niyə biz xaricdə oxuyan gənclərin Azərbaycan adına xeyirli bir işlər görməsi üçün çalışmayaq? O ölkələrdə yaşayan, can-başla iş görən gənclər var, sabah onları bir araya gətirərik. Azərbaycanın lehinə işlər görə biləcək insanları küsdürürük. O insanları özümüzə qazandırmalıyıq. Diaspora, Xarici İşlər Nazirliyi bununla bağlı ciddi işlər aparmalıdır. Danışdıqlarımız ürəyimizə sirayət etməlidir. Bu təbliğat dini müstəvidə də aparılmaldır.
- Sözdə bir – “dinsiz-imansız” anlayışı var və əslində, onun fəlsəfəsi çox genişdir. Maraqlıdır, din yaranandan sonra insanlar dinə-imana gəldimi? Dinlər yaranmasaydı, “dinsizlik, imansızlıq” hökm sürüb gedərdimi və yaxud din adından istifadə edib haqsızı dəstəkləyənlərin, zülm edənlərin adı nədir?
- Bu, geniş mövzudur. İslamı xristianlıq, yəhudilik, buddizim və sair dinlərlə müqayisə edirik. Allah İslam deyəndə adı peyğəmbərlə başlayan bir dinin adı olaraq təqdim etmir. İslam – barış, sülh deməkdir. Bu, bir yoldur, sistemdir, mexanizmdir. Əgər əlimdən və dilimdən başqasına zərər verirəmsə, İslam deyil. İslam həmişə dediyini deyib. Əgər dediyini iddia edirsənsə, əməlinlə onu göstərməyi bizdən tələb edir. Məsələn, deyir ki, “Ey iman gətirdiyini iddia edənlər, əgər iddianda doğrusansa, saleh əməlinə bunu göstərməlisən”. Əsas əməldir həyata keçirdiklərimdədir. Din anlayışı budur. Dindar sayan insanların sözləri ilə əməlləri uyğun gəlmirsə, dindar olan insanlar bir-birini qətlə yetirisə, aldadırsa, günah dində deyil, insanlardadır.