Sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov “Həftə içi”nə növbəti müsahibəsində 44 günlük müzəffər savaşımızdan sonra Qarabağdakı separatçı erməni xuntasının tör-töküntüləri və Rusiya sülhməramlıları ilə bağlı son durum, Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin perspektivləri, Bayden administrasiyasının gəlişindən sonra Ağ evin Qarabağ, eləcə də Türkiyə ilə bağlı siyasətinin dəyişib-dəyişməyəcəyi və s. barədə diqqətəlayiq fikirlər səsləndirib.
-Tofiq bəy, Rusiya Müdafiə Nazirliyinin son məlumatlarına görə, 10 Noyabr atəşkəs razılaşmasından sonra, Rusiya sülhməramlıları Azərbaycan Respublikasının keçmişdə Dağlıq Qarabağ adlanan ərazisinə, artıq 48 minə yaxın erməninin qayıdışını təmin edib. Görəsən, bu rəqəm nə dərəcədə doğrudur? Əgər Qarabağa qaytarılan ermənilərin sayı bilərəkdən şişirdilirsə, burada məqsəd nədir?..
- Hesab edirəm, bu rəqəm həddindən artıq şişirdilir. Ümumiyyətlə, Qarabağda 44 günlük savaşdan əvvəl, yəni işğal illərində 40 min erməninin yaşaması da sual altındadır. Bu barədə Ali Baş Komandan da danışıb. Düzdür, Qarabağda bir sıra sosial, təminat problemləri var. Müharibədən sonra oradakı ermənilər müəyyən təbliğat nəticəsində panika içərisindədir...
Bu məsələdə bir siyasi məntiq əsas götürülməlidir; Şuşanın hərbi yolla azad edilməsindən sonra Azərbaycan qarşısında iki seçim var idi: ya Xankəndini də döyüşlə azad etməliydi, ya da dayanmalıydı... Birinci halda yenə də əlavə şəhidlərimiz olacaqdı. Digər tərəfdən, biz də ermənilərin Azərbaycan torpaqlarının işğalı zamanı etdiyi davranışları, məsələn, “Harada erməni əsgəri varsa, orada başqa millət, bu halda azərbaycanlı olmamalıdır” prinsipini təkrar etməliydik. Biz bunu tətbiq etmədik və əslində, doğru yol seçdik. Biz dedik ki, əgər Xankəndidə, Əsgəranda, Ağdərədə və s. qalan ermənilər Azərbaycan əsgərindən belə qorxurlarsa, onların təhlükəsizliyini müvəqqəti olaraq Rusiya sülhməramlıları təmin etsin. Bu şərtlə ki, orada silahlı erməni birləşmələri qalmasın... Və biz də addımbaaddım suverenliyimizi bərpa edək. Suverenliyi bərpa etmək isə yalnız hansısa binanın üzərinə üçrəngli dövlət bayrağımızı asmaqla bitmir. Manatın dövriyyəsidir, iqtisadi əlaqələrdir və s. Onlarca sahə sadalamaq olar. Bu baxımdan, anlamalıyıq ki, bu proses xeyli vaxt aparacaq. Təbii ki, burada çətinliklər də, təxribatlar da ola bilər. Bu siyasəti qəbul etməyənlər də olar. Bir vacib məsələ də Qarabağda yaşayan ermənilərin seçim etməsidir. Yəni kim Azərbaycan Konstitusiyasını, qanunlarını, vətəndaşlığını qəbul edirsə, Azərbaycan torpaqlarında yaşayacaq. Bunu qəbul etməyənlərə qarşı isə Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun davranılacaq. Başqa yol yoxdur...
- Torpaqlarımızın işğal altında qaldığı son 3 onillik boyu, eləcə də 44 günlük Vətən savaşı nəticəsində ərazilərimizin xeyli hissəsinin azad olunmasından sonra bəzi siyasətçi, politoloq, o cümlədən adi vətəndaşlar hansısa məqsədlə və ya səmimi olaraq belə düşünməkdədirlər ki, Qarabağda qalan ermənilərin, o cümlədən hazırda Rusiya sülhməramlılarının gerçək davranışları, tədbirləri və s. barədə informasiyaların verilməsi guya cəmiyyətdə müəyyən qıcıq və ruh düşkünlüyü yaradır. Siz necə düşünürsünüz?
Təbii ki, bizim jurnalistlər Qarabağda Azərbaycan Ordusunun qələbəsindən sonra baş verən hadisə və prosesləri işıqlandırmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, biz qalib olsaq da, minlərlə şəhidimizin, yaralılarımızın olduğu bu savaşdan sonra ölkədə insanların emosional durumu bir az gərgindir. Bir çox ailələr üçün psixoloji baxımdan çox ağır dövrdür. Odur ki, Azərbaycanda baş verən olay və proseslər, xüsusən Qarabağla bağlı hər bir informasiya verilərkən mümkün qədər dəqiqləşdirmə aparılmalı və lazımi izah, şərh verilməlidir. Çalışmaq lazımdır ki, cəmiyyətdə lazım olmayan narahatçılıqlar yaranmasın... Əsas da o motiv vurğulanmalıdır ki, bir günə, bir aya 30 ildən çox müddətdə toplanmış problemlərin hamısını həll etmək mümkün deyil. Yəni cəmiyyətə proseslərin hansı istiqamətdə getməsi, tədricən, addımbaaddım hansı işlərin görülməsi izah olunmalıdır....
Son vaxtlar belə bir stereotip formalaşıb ki, guya yuxarıda hansısa qurumun qərarı ilə sülhməramlılar Qarabağa gəliblər və öz istədiklərini, bildiklərini edirlər. Biz bu stereotipdən uzaq olmalıyıq. Birincisi, onu anlamalıyıq ki, Azərbaycan dövləti 30 ilə yaxın işğalda qalan hüquqi torpaqlarında öz suverenliyini bərpa edir. Yəni həmin ərazilərin xeyli hissəsi (təxminən, 4700 kv.km.-lik) hərbi əməliyyatlar sayəsində azad edilib. Digər bir hissədə məlum üçtərəfli razılaşma əsasında Azərbaycan tərəfi qəbul edib ki, o ərazilərdə Azərbaycanın suverenliyi mərhələ-mərhələ bərpa olunsun. Bu prosesdə bizə yardımçı olmalı olan Rusiya sülhməramlıları və eyni zamanda həm rus, həm Türkiyə hərbçilərinin daxil olduğu atəşkəsə nəzarət üzrə monitorinq mərkəzidir. Bunları dəvət edən və maliyyələşdirən isə Azərbaycan dövlətidir. Bir sözlə, anlamalıyıq ki, bu məsələlərdə söz sahibi Azərbaycandır, Azərbaycan dövlətidir... Və proseslərin siyasi məntiqi ondan ibarətdir ki, keçmiş Dağlıq Qarabağ ərazisində Azərbaycanın suverenliyi tam şəkildə bərpa olunmalıdır. Yalnız bu mahiyyəti anladıqdan sonra bu və ya digər olay və proseslərə lazımi qiymət verə bilərik...
- Sizcə, cəmiyyətin, eləcə də medianın Qarabağda diqqətdə saxlamalı olduğu əsas məsələlər hansılardır?
- Hesab edirəm ki, dövlətimiz də, cəmiyyətimiz də, media da diqqəti bir neçə aktual məsələyə yönəltməlidir. İlk növbədə, Ermənistan ordusunun Dağlıq Qarabağ və digər ərazilərimizdəki qalıqları mütləq identifikasiya, yəni müəyyən olunmalı və torpaqlarımızı tərk etməlidirlər. Doğrudur, dövlət sərhədlərimiz, demək olar ki, bərpa edilib. Eləcə də Ermənistan silahlı qüvvələri Kəlbəcər, Laçın və Ağdam rayonlarını tərk ediblər. Yəni proses artıq başlayıb, ancaq onu sonadək yekunlaşdırmaq vacibdir...
İkincisi, torpaqlarımızda hələ də yaşamaqda davam edən ermənilərdən təşkil olunmuş qanunsuz hərbi birləşmələr də müəyyən edilərək tərksilah olunmalıdır...
Nəyə görə bu iki məsələnin vacibliyini vurğulayıram? Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə qalanlar qanuni və ya qanunsuz olaraq kompakt şəkildə məskunlaşmış ermənilərdir. Onlar arasındakı separatçı meyillər, əsasən, Ermənistandan gələn siyasi, hərbi və maliyyə dəstəyi nəticəsində formalaşıb. İndi biz bu əlaqənin, dəstəyin qarşısını alsaq, hesab edirəm ki, sonra ikinci mərhələdə Qarabağdakı proseslərin nəzarətə götürülməsinin təmin edilməsi mərhələsi başlaya bilər...
- Bəs elə şərait yaratmaq olmaz ki, bəhs edilən monitorinq mərkəzinin jurnalistlərlə əməkdaşlığı qurulsun və Qarabağda baş verənlər haqda Ermənistan və digər xarici media vasitələrinin yaydığı informasiyaların dəqiqləşdirilməsi təşkil edilsin?
-Əlbəttə, bu da mümkün olan və vacib məsələdir. Dövlətimizin də, cəmiyyətin də real vəziyyəti qiymətləndirə bilməsi üçün monitorinq mərkəzinin fəaliyyəti çox vacibdir. Burada sülhməramlıların post-patrul xidməti ilə yanaşı, ərazidəki silahlı və ya silahsız şəxslərin kimliyini texniki vasitələrlə də müəyyən etmək lazımdır...
Biz onu anlamalıyıq ki, Rusiya sülhməramlıları Qarabağda gedən prosesin bir hissəsidir... Onlar orada əsasən patrul xidməti aparırlar. Bunları idarə edən və fəaliyyətini tənzimləyən monitorinq mərkəzi olmalıdır. Monitorinq, nəzarət isə, demək olar ki, idarəetmədir. Bu baxımdan proseslərə nəzarət edən və onları bir növ idarə edən bizim dəvətimizlə ərazimizə daxil olan Rusiya və Türkiyə hərbçiləridir... Yəni bunlar özbaşına gəlməyiblər, dövlətimizin icazəsi ilə gəliblər. Eyni zamanda Türkiyə ilə yanaşı, Rusiya rəhbərliyi də dəfələrlə bəyanatlar veriblər ki, Dağlıq Qarabağ adlanan ərazi Azərbaycanın tərkib hissəsidir. Bu mənada biz gələcəyə daha arxayın olmalıyıq... Əlbəttə, problemlər olacaq, amma ümumi proses Azərbaycanın xeyrinə gedir... Odur ki, Araikin kiminləsə qucaqlaşması, rusların Xocalıda ermənilər üçün məktəb təmir etməsi və s. kimi informasiyalara izahat verilməli, ancaq bunlar o qədər də şişirdilməməlidir. Təəssüf ki, bəzi şərhçilər də belə məsələləri qabardıb sensasiya yaratmağa çalışırlar... Bir sözlə, gəlin hər şeyə təmkinlə baxaq və emosiyalara, panikaya uymayaq, təşvişə düşməyək...
- Amerika mediasında, “BBC”də də yer alan “Rus sülhməramlıları Qarabağdakı ermənilərə Rusiya pasportu paylayır” məsələsinə münasibətiniz necədir?
- Belə informasiyaların xaricdə yayılmasının mənbəyini də mən axtardım. Məlum oldu ki, bu məlumat ilk olaraq Kanadanın hansısa bir tanınmamış saytı tərəfindən yayılıb. Bunun da etibarlılığı şübhə altındadır. Burada digər bir məsələ də var. Hesab edirəm, Qərbdəki bu cür informasiyalar Rusiya sülhməramlılarına qarşı yönəlib və məqsəd də ondan ibarətdir ki, Azərbaycanda onlara qarşı ciddi etiraz yaransın...
- Yəni belə informasiyaların gündəmə çıxarılmasını, bir növ, Ağ ev siyasətinin tərkib hissəsi saymaq olarmı?
- Bəli, bu da ola bilər. Bilirsiniz, Türkiyə-Rusiya əməkdaşlığına qarşı çıxanlar yalnız ermənilər, ermənipərəst dairələr deyil. Burada Qərbin, ABŞ-ın da adını çəkə bilərik. Türkiyənin özündə də bu əməkdaşlığa yaxşı baxmayan qüvvələr var. Onlar hesab edirlər ki, Türkiyə, əksinə, daha çox Qərblə əməkdaşlığı gücləndirməlidir. Bizə gəldikdə düşünürəm ki, Türkiyə-Rusiya əməkdaşlığı son Qarabağ savaşının nəticələrinə də böyük təsir göstərdi. Bu ölkələr arasında razılaşma olmasa, ümumiyyətlə, son müharibənin ssenarisi də fərqli ola bilərdi. Biz bunu qəbul etməliyik. Rusiya da, Türkiyə də qarşılıqlı olaraq aralarında hərbi toqquşma olmasını istəmirlər. Odur ki, bu tandemin bizim üçün sərfəli olmasını hesab edirəm...
- Tofiq bəy, Qərbdən söz düşmüşkən, Co Baydenin andiçmə mərasiminə, yəni birbaşa Ağ evdə hakimiyyət kürsüsünə yiyələnməsinə artıq sayılı günlər qalır. Sizcə, onun gəlişindən sonra ABŞ dövlətinin Qarabağ məsələsinə, eləcə də Türkiyəyə münasibətdə siyasəti çox dəyişəcəkmi?
- Bunu söyləmək çətindir, hələlik gözləyək. Siyasətdə belə bir xüsusiyyət var: seçkilərdən öncə iddialı olan siyasətçilər çox da reallığa uyğun danışmır. Hakimiyyətə gəlib gerçəkliklə qarşılaşandan sonra fərqli siyasət yürüdürlər. Hesab edirəm ki, Bayden administrasiyasının xarici siyasətinin fəallaşmasını biz yalnız yanvardan sonra gözləyə bilərik. İnanmıram ki, Qarabağ mövzusu bu siyasətdə prioritet olsun... Gəlin bir az gözləyək. Hər halda biz hər bir vəziyyətə hazırıq. Türkiyənin bu bölgədəki varlığı faktiki olaraq ABŞ-a onun hansısa maraqlarını Rusiya qarşısında müdafiə etməsinə şərait yaradır. Bu baxımdan Qərbin regionda öz fəaliyyətini Türkiyə vasitəsilə həyata keçirməsinə yönəlik siyasəti bizim üçün daha faydalıdır. Baxaq, görək nə baş verəcək?.. Bu saat əsas aktual məsələlərdən biri də ondan ibarətdir ki, Bayden administrasiyası İranla münasibətləri hansı şəkildə görür və bunu necə quracaqdır. İranla qonşuluq və s. baxımdan bu da Azərbaycan üçün ciddi amildir... Bir sözlə, hələlik konkret nəsə söyləmək üçün mənzərə çox mürəkkəbdir...