ABŞ bəzi yaşıl kart (“green card”) müraciətçilərindən təxminən 100 min dollar məbləğində maliyyə təminatı tələb etməyi planlaşdırır.
Hafta.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ Dövlət Departamenti bu yeniliyin az sayda ölkənin vətəndaşları üzərində sınaqdan keçirilməsini təklif edir. Qəzet həmin ölkələrin adlarını açıqlamayıb.
Mənbələrin bildirdiyinə görə, təminat məbləği hər bir konkret haldan asılı olaraq dəyişə bilər və müraciətçidən 100 min dollardan daha az və ya daha çox məbləğ tələb oluna bilər.
Təminatın məqsədi ABŞ-a köçdükdən sonra özünü maddi cəhətdən təmin edə bilməyən yaşıl kart sahibləri ilə bağlı mümkün xərclər üçün maliyyə zəmanəti yaratmaqdır.
ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Tommi Piqqott qəzetə açıqlamasında bildirib ki, Prezident Donald Tramp ABŞ-yə köçmək istəyən şəxslərin maliyyə baxımından müstəqil olmalarının vacibliyini vurğulayıb.
ABŞ administrasiyasının planına əsasən, digər ölkələrdəki ABŞ konsulluqları vasitəsilə yaşıl kart üçün müraciət edən şəxslər təminat ödəməli olacaqlar. Vəsaitlər isə yalnız ABŞ vətəndaşlığı alındıqdan sonra geri qaytarıla bilər. Qəzetin məlumatına görə, bu proses adətən ən azı beş il davam edir.
Qeyd edək ki, yaşıl kart (rəsmi adı “United States Permanent Resident Card”) ABŞ vətəndaşı olmayan şəxslərə ölkədə daimi yaşamaq və işləmək hüququ verən sənəddir.