ABŞ Çinin silah istehsalına çatmaq üçün Silikon Vadisində investisiya axtarır

10:45 29.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çinin silah istehsalı gücünə yetişmək istəyən ABŞ, Silikon Vadisi şirkətlərini sənaye sektorunda istehsal proseslərində iştirak etməyə razı salmağa çalışır.

Hafta.az-ın Wall Street Journal-a istinadən yazdığına görə, kimliklərini paylaşmayan Pentaqon işçiləri, ABŞ müdafiə sənayesinin dövlət fondları ilə işləyən məhdud sayda şirkətdən ibarət olduğuna işarə edərək, bunun yeniliyə və tərəqqiyə mane olduğunu deyiblər. Sözügedən şirkətlər arasında Lockheed Martin, Northrop Grumman və General Electric kimi nəhənglər də var.

Mənbələr Çinin dronlardan hipersəs raketlərinə qədər mühüm texnologiyalarda özəl sektora etdiyi investisiyalarla irəliyə addım atdığına diqqət çəkib.

Stanford Universitetindən Stiv Blank Pekin rəhbərliyinin texnologiya sektoruna 1 milyard dollara yaxın sərmayə qoyduğunu bildirib. Blank iki ölkə arasındakı rəqabətin bərabərsizliyini vurğulayaraq, "Pentaqon Detroytdakı avtomobil istehsalçısı, Çin isə Silikon Vadisi kimidir" deyib. ABŞ bu sahəyə investisiyaları sürətləndirmək üçün dekabrda Müdafiə Nazirliyinin nəzdində Strateji Kapital Ofisi (SSC) yaradıb.

Hesabatda həmçinin qeyd olunub ki, Co Bayden hökuməti ASC-dən 115 milyon dollar maliyyə tələb edib ki, bu da müdafiə sənayesinə özəl şirkətlərin sərmayə qoymasını təmin etmək məqsədi daşıyır. Sözügedən fondla Silikon Vadisində hərbi texnologiya sahəsinə əhəmiyyətli töhfələr verə biləcək startaplarla müqavilələrin bağlanması planlaşdırılır.

Digər tərəfdən xəbərlərdə Pentaqonun işlədiyi bəzi şirkətlərin bu ay iflasa uğrayan Silikon Vadisi Bankında (SVB) hesablarının olduğu diqqət çəkib. Pentaqon rəsmiləri bankın müflis olması ilə bağlı şərh verməkdən imtina ediblər.

Qeyd edək ki, SVB-nin iflası 2008-ci il qlobal maliyyə böhranından sonra ölkədə qeydə alınan ən böyük iflaslardan biri olub. Martın 17-də müflis elan olunduqdan sonra ABŞ Federal Əmanətlərin Sığortalanması Korporasiyası bankı ələ keçirib. ABŞ-ın 16-cı ən böyük bankı daha sonra First Citizens Bank-a satılıb.

Pentaqonun Müdafiə İnnovasiyaları Bölməsinin keçmiş rəhbəri Mayk Braun, xüsusilə hərbi müdafiə texnologiyası və təchizat zəncirində böyük təhlükənin dövlətin müdaxiləsi ilə qarşısı alındığını söyləyib.

Xəbərdə paylaşılan məlumata görə, özəl şirkətlər ABŞ müdafiə sənayesinə ildə 6 milyard dollar sərmayə qoyur. Hansı ki, 2017-ci ildə bu rəqəm 1 milyard dollar civarında idi.