ABŞ-da cinsi yolla keçən xəstəliklər yayılıb

10:15 05.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-da səhiyyə mütəxəssisləri cinsi yolla keçən xəstəliklərin “nəzarətdən kənarda” olduğunu deyir və epidemiya barədə xəbərdarlıq edirlər.

Hafta.az-ın yazdığına görə, yanvarın 30-da ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) paylaşdığı hesabatda, 2022-ci ildə ölkədə sifilis, süzənək və xlamidiya da daxil olmaqla, ən azı 2,5 milyon cinsi yolla keçən xəstəlik aşkar edildiyi bildirilib.

Hesabata görə, 2018-ci ildə 583405 qonoreya hadisəsi olduğu halda, 2022-ci ildə bu rəqəm 648056-ya yüksəlib. Sözügedən 5 illik dövrdə qonoreya hallarında təxminən 11 faiz artım olub.

Eyni dövrdə xlamidiya hallarında 6,2 faiz azalma qeydə alınıb. 2018-ci ildə 1 milyon 758 min 668 olan yoluxma sayı 2022-ci ildə 1 milyon 649 min 716-ya düşüb.

Digər tərəfdən hesabatda sifilis hadisələrində 80 faizə yaxın artım olduğu qeyd edilib. 2018-ci ildə sifilisin bütün mərhələləri ilə yoluxanların ümumi sayı 113739 olduğu halda, 2022-ci ildə bu rəqəm 203500-ə yüksəlib.

Bundan əlavə, hamiləlik və ya doğuş zamanı anadan dölə keçən anadangəlmə sifilis hallarında 183,4 faiz artım qeydə alınıb. Xəstəliyin sayı 2018-ci ildəki 1325-dən 2022-ci ildə 3755-ə yüksəlib.

Məlumata görə, 2022-ci ildə anadangəlmə sifilis səbəbindən 282 ölü doğum və körpə ölümü qeydə alınıb. Anadangəlmə sifilis hallarının təxminən 60 faizi Texas, Kaliforniya, Arizona, Florida və Luiziana ştatlarında aşkar edilib.

Hesabatla bağlı ABŞ-ın STD Direktorları Milli Koalisiyasının (NCSDDC) dərc etdiyi açıqlamada, ölkənin epidemiyanın qarşısını ala bilmədiyi bildirilib və aşağıdakı açıqlamalar verilib: “Administrasiya və ABŞ Konqresi agentliklərə ən əsas müayinə, müalicə və profilaktika xidmətlərini təmin etmək üçün lazım olan maliyyəni təmin edənə qədər CYBH-lər, xüsusilə də sifilis nəzarət altına alınmayacaq”.

NCSDDC-nin direktoru David Harvey keçən il verdiyi açıqlamada prezident Co Baydenin səhiyyə müəssisələrinə ayrılan vəsaiti kəsəcəyi təqdirdə bu xəstəliklərlə mübarizənin getdikcə çətinləşəcəyini bildirib.

Digər tərəfdən, Bayden administrasiyası iyun ayında bu xəstəliklərin diaqnozu, müalicəsi və qarşısının alınması üçün müxtəlif federal təşkilatların birgə işini nəzərdə tutan bir plan hazırlamışdı. Layihə çərçivəsində maliyyənin artırılacağı bildirilsə də, hələlik bu istiqamətdə konkret addımlar atılmayıb.