Vaşinqtonda orta məktəbdə oxuyan 18 yaşlı Montanna Norman deyir ki, dostlarından bəziləri ciddi şəkildə intihar etməyi düşünür, bəziləri isə hətta intihara cəhd edib.
Hafta.az-ın “Washington Post”a istinadən yazdığına görə, Massaçusets ştatının Bruklayn bölgəsində yaşayan və adının açıqlanmasını istəməyən 16 yaşlı qız narkotik istifadəsi və intiharla bağlı mesajlar aldığını, lakin bu mesajların əksəriyyətinin cinsi zorakılıqla bağlı olduğunu bildirib. Bu şikayətlər ABŞ-da qızların yeniyetməlik illərində qarşılaşdıqları psixoloji problemlərdən yalnız bir neçəsidir.
Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) tərəfindən dövlət və özəl təhsil müəssisələrində təhsil alan qızların gənclik illərində yaşadıqları psixoloji problemlər və onların əks olunması ilə bağlı araşdırma aparılıb. Belə nəticəyə gəlinib ki, amerikalı yeniyetmə qızlar artan kədər, zorakılıq və travma dalğası ilə əhatə olunublar. Araşdırmaya görə, amerikalı lisey qızlarının təxminən üçdə biri intihar haqqında düşünür. Bildirilib ki, son on ildə yeniyetmə qızların intihara meylli olmaları 60 faiz artıb.
Orta məktəbdə oxuyan qızların təxminən 15 faizi cinsi əlaqəyə məcbur edilib, 10 qızdan 6-sı hər zaman o qədər kədərli və ümidsiz idi ki, gündəlik işlərinin çoxunu edə bilməyiblər.
ABŞ-ın təhsil naziri Migel Kardona deyib: "Vəziyyət narahatedicidir. 16 və 19 yaşlı iki uşaq atası kimi mən bunun fərqindəyəm. Bu həqiqətdir və düşünürəm ki, tələbələr baş verənlərdən xəbərdardırlar".
South Salem Liseyində bələdçi məsləhətçisi Ben Handriç qızların ümumiyyətlə başqaları tərəfindən izlənildiklərini hiss etdiyini söyləyib. Bu vəziyyətə daha da aydınlıq gətirən Handriç bildirib ki, gənc qızlar nə edirlərsə etsinlər, sanki onların hərəkət və davranışlarını, təbəssümlərini və yemək tərzini mühakimə edən görünməz bir auditoriya ilə qarşılaşırlar.