ABŞ-da Zəngəzur dəhlizi müzakirəsi - Siyasi, geostrateji dönüş nöqtəsi - Ramil Hüseynov

12:56 08.08.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

"Azərbaycan regionda yaratdığı reallıqları dünya siyasətinə inteqrasiya edə bildi. Bu gün Amerikada Zəngəzur dəhlizi müzakirəsi həm siyasi, həm də geostrateji dönüş nöqtəsinin yaranmasının əsasını qoydu".

Bunu hafta.az-a açıqlamasında "Yeni Xətt" siyasi tədqiqatlar mərkəzinin rəhbəri Ramil Hüseynov bildirib.

Mərkəz rəhbəri qeyd edib ki, əslində, bu, Azərbaycanın uğurlarının, siyasi və diplomatik idarəetməsinin müdrik şəkildə həyata keçirilməsinin nümunəsidir:

"Bu dəhliz yalnız Azərbaycandan Azərbaycana keçid anlamını verməməlidir. O, həm də Qafqazda siyasi baxışların dəyişməsinə, yeni nəzərlərin və düşüncələrin formalaşmasına, o cümlədən Qafqazı Mərkəzi Asiya və Avropa ilə birləşdirəcək beynəlxalq nəqliyyat-enerji sisteminin əsas arteriyasına çevrilməsinə xidmət edir. Bu görüş həmçinin, Qafqazda riyakar maraqları olan bəzi qüvvələrin təsirini minimuma endirmək və dövlətimizə qarşı siyasi hücumların əbəs olduğunu həmin qüvvələrin anlamağa məcbur olduqlarının göstəricisidir".

R.Hüseynov bildirib ki, bu layihənin qlobal geopolitik bir layihə kimi beynəlxalq münasibətlər sisteminə transfer edilməsi Prezident İlham Əliyevin Azərbaycan üçün qazandığı növbəti uğurdur. O, qeyd edib ki, bu siyasətin arxasında güclü, qüdrətli və ədalətli bir dövlət kimi yeni dünya nizamına töhfələr vermək həmçinin sivil toplum üçün stimullaşdırıcı baxışların formalaşmasına gətirib çıxartdı:

"Daim bu birliyi, həmrəyliyi qoruyaraq şanlı tarixlərin yazılması naminə ölkə başçısının ətrafında birləşmək, xalqımızla birlikdə gələcək nəsillərə xoşbəxt və firavan yaşamaq şansını qazandırmaq böyük qürurvericidir.
Müharibədən sonrakı növbəti diplomatik uğuru xalqımıza Prezident yaşatdı. Bu, regional inteqrasiya strategiyamızın geosiyasətdə üstünlük qazandığımızı açıq şəkildə göstərir. Region təhlükəsizliyinin daha sivil düşüncələrə sahib tərəflərlə müzakirə edilməsi əslində bütün region ölkələrinin marağında olmalıdır. Bu qarşılıqlı anlaşma və maraqların uzlaşması bizə müxtəlif sahələrdə mühüm dividendlər qazandırdı".