ABŞ ordusunda bir batalyona komandirlik edən ilk qadın polkovnik Meqan Sullivan tabeliyində olanlara qarşı cinsi təcavüzdə ittihamlandıqdan sonra tutduğu vəzifədən qovulub.
Hafta.az-ın “Military”ə istinadən yazdığına görə, 5-ci Mühəndis Batalyonunun komandiri Sallivanla bağlı istintaq yekunlaşıb. Bildirilib ki, Vaşinqton ştatının Takoma şəhərindəki Lyuis-Makkord hərbi bazasında komandir olan Sallivan oktyabrın 13-də vəzifəsindən azad edilib. “Military”nin dünən dərc etdiyi xəbərdə qərarın təfərrüatlarının yenicə ictimaiyyətlə paylaşıldığı bildirilib.
Sallivanın hərbi məhkəmədə mühakimə olunmayacağı, onun eyni bazada başqa vəzifəyə təyin edildiyi bildirilir.
5-ci Mühəndis Batalyonu ABŞ Quru Qoşunlarının nəzdində fəaliyyət göstərən Təhlükəsizlik Qüvvələrinə Yardım Briqadasının (SFAB) tərkibində xidmət edir.
Aprel ayında Sullivana qarşı batalyonunda iki kişi əsgəri zorla öpdüyü iddiası ilə istintaq başladılıb. Keçmiş komandirin içkili vəziyyətdə bəzi əsgərlərə cinsi təcavüz etdiyi iddia olunub.
ABŞ Müdafiə Nazirliyinin 2021-ci il məlumatlarına görə, orduda cinsi təcavüz hallarının 10 faizində hücuma məruz qalan tərəf kişi əsgərlərdən ibarətdir. Hər il təxminən 14 min kişi əsgər cinsi təcavüzə məruz qalır.
2021-ci ilin iyununda Sullivan SFAB-a təyin olunan ilk qadın komandir olub. O, təyinat nitqində "20 ildən artıqdır ki, hərbi sahədə mühəndisəm. İnklüzivliyə və müxtəlifliyə açıq olmaq bizi daha güclü edir" demişdi.