BMT-nin Qadınlar Diplomatiyada Beynəlxalq Günü

12:12 24.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün bütün dünyada Qadınlar Diplomatiyada Beynəlxalq Günü qeyd olunur. Bu əlamətdar gün BMT Baş Assambleyası tərəfindən qadınların diplomatiyada mühüm rolunu tanımaq və onların beynəlxalq qərar qəbuletmədə bərabər iştirakını təşviq etmək məqsədilə 2022-ci ildə təsis olunub.

Hafta.az xəbər verir ki, tarixən, diplomatiya əsasən kişilərin əhatə etdiyi sahə hesab olunurdu. 1945-ci ildə BMT Nizamnaməsinin imzalanması zamanı 850 nümayəndə arasında yalnız dörd qadın olub. Buna baxmayaraq, müasir beynəlxalq hüquq və insan hüquqlarının qorunması sisteminin əsas sənədlərindən birinə çevrilən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin hazırlanmasına rəhbərlik edən də məhz qadın - Eleanora Ruzvelt idi.

BMT-nin bəyanatında deyilir: “Diplomatiyada qadınlar sadəcə beynəlxalq münasibətlərin iştirakçıları deyil; onlar sülh qurucuları, bərabərliyin tərəfdarları və qlobal əməkdaşlığın gələcəyini formalaşdıran liderlərdir. Onların səsləri, baxışları və liderliyi dünyamızın üzləşdiyi mürəkkəb problemlərin həlli və daha inklüziv, ədalətli, davamlı cəmiyyətlər qurmaq üçün çox vacibdir. Diplomatiya qarşılıqlı əlaqəli dünyanın tələblərini ödəmək üçün inkişaf etdikcə, qadınların bütün qərar qəbuletmə səviyyələrində tam, bərabərhüquqlu və mənalı iştirakını təmin etmək təkcə ədalət məsələsi deyil, həm də Pekin Bəyannaməsi, Fəaliyyət Platforması və Davamlı İnkişaf Məqsədlərinin vədlərini yerinə yetirmək üçün effektiv qlobal idarəetmə üçün ilkin şərtdir. Qadınlar qərar qəbuletmə masasında təmsil olunduqda, diplomatiya xidmət etdiyi insanların maraqlarını daha çox əks etdirir, davamlı sülhü, dayanıqlı inkişafı və insan ləyaqətinə hörməti daha yaxşı təşviq edə bilir”.

Qeyd olunub ki, son onilliklərdə əhəmiyyətli irəliləyişlərə baxmayaraq, qadınlar diplomatik və siyasi həyatda az təmsil olunurlar.

BMT Qadınlar Təşkilatının “Qadın siyasi liderlər – 2025” hesabatına görə, dünyanın 27 ölkəsində qadınlar dövlət başçısı vəzifəsini tuturlar. Lakin 103 ölkədə zərif cinsin nümayəndələri heç vaxt ən yüksək dövlət vəzifəsini tutmayıb. Qadınlar dünya miqyasında hökumətlərdə nazir vəzifələrinin yalnız 22,9 faizini tutur, onların xarici siyasət və müdafiə kimi strateji əhəmiyyətli sahələrdə təmsilçiliyi məhdud olaraq qalır.

BMT qadınların diplomatiyada iştirakının daha davamlı və inklüziv qərar qəbuletmə, sülh quruculuğu və münaqişələrin qarşısının alınmasına töhfə verdiyini vurğulayır. Təşkilat dövlətləri, beynəlxalq təşkilatları və vətəndaş cəmiyyəti institutlarını qadınların beynəlxalq münasibətlərdə və diplomatiyada iştirakını artırmağa yönəlmiş təşəbbüsləri dəstəkləməyə çağırır.

Bu gün bir çox ölkə diplomatik xidmətdə və rəhbər vəzifələrdə gender bərabərliyi prinsiplərini fəal şəkildə tətbiq edir. Sülhməramlı proseslərdə və beynəlxalq danışıqlarda qadınların roluna diqqət artır. Lakin ekspertlər qeyd edirlər ki, diplomatiyada tam bərabərliyə nail olmaq yolu hələ tam başa çatmayıb.

Qadınlar Diplomatiyada Beynəlxalq Günü qadınların beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, dövlətlər arasında dialoqun inkişafına və bugünkü qlobal çağırışlara həll yollarının tapılmasına verdikləri əhəmiyyətli töhfələri xatırladır.