ABŞ münaqişəyə nöqtə qoymaq əzmindədir - Tofiq Zülfüqarov

11:37 04.05.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovla hafta.az üçün budəfəki söhbətimiz, əsasən, mayın 1-dən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda ABŞ Dövlət Katibi Antoni Blinkenin vasitəçiliyi ilə davam edən görüşlərində baş verənlər və həmin danışıqlardan gözlənilən nəticələr barədə oldu.

–   Bir neçə gündür ki, Vaşinqtonda Azərbaycan və Ermənistan baş diplomatlarının danışıqları gedir. Sizcə, nələr gözlənilir bu danışıqlardan?

–   Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin mayın 1-dəki ilk görüşündən sonra verilən açıqlamalardan belə anladım ki, danışıqlar əsasən hansısa çərçivə sazişi mətni ətrafında aparılır. Yəni konkret mətn üzərində... İlk görüşdən sonrakı bəyanatdan bəlli olub ki,  həmin mətnin bir hissəsi olan yol xəritəsi də işlənəcəkdir. Sülh prosesinin prinsipləri çərçivə sazişində öz əksini tapacaq. Postkonflikt dövründə həllini tapmalı olan məsələlər isə yol xəritəsində göstəriləcək. Yəni Azərbaycan-Ermənistan sərhədlərindəki delimitasiya və demarkasiya, həmçinin kompensasiya, təzminat, kommunikasiyaların bərpası məsələləri yol xəritəsində qeyd oluna bilər.

Ermənistan tərəfi Qarabağda məskunlaşmış ermənilərin vəziyyəti mövzusunu da yol xəritəsinə salmağa çalışır. ABŞ Dövlət Katibi Antoni Blinken ilk görüşdən sonrakı bəyanatında belə bir fikir səsləndirib ki,  sazişdən sonra hər iki ölkədəki müvafiq milli azlıqlar məsələsi də hansısa mərhələdə danışıqlar mövzusu ola bilər. Yəni ermənilərin Azərbaycan Respublikasının Yuxarı Qarabağ bölgəsindəki durumu və  paralel olaraq Ermənistan ərazisindən vaxtilə zorla qovulmuş Qərbi Zəngəzur, Göyçə, Basarkeçər, Dərələyəz  və s. bölgələrinin sakinləri olmuş azərbaycanlıların gələcəyi məsələləri də masaya qoyula bilər. Hər halda mən belə anladım...

Təbii, hiss olunur ki, danışıqlar çətin keçir.  Ən yaxşı halda hansısa mətn paraflana bilər. Xarici işlər nazirlərinin bu görüşündən bir müddət sonra Vaşinqtonda Azərbaycan və Ermənistan dövlət başçıları səviyyəsində də görüş keçirilərək hansısa sənədə qol çəkilə bilər.

– Yəni, hesab edirsiniz ki, Vaşinqtonda İlham Əliyevlə Paşinyanın da görüşü gözlənilir?

– Bəli. Hər halda belə ciddi və bir neçə gün davam edən danışıqlardan sonra ölkə liderlərinin də görüşü gözləniləndir. Hiss olunur ki, ABŞ Azərbaycan-Ermənistan münaqişəsinə siyasi baxımdan nöqtə qoymaq əzmindədir. Ona görə ki, amerikalılar artıq danışıqlar masasına postkonflikt dövrünə aid məsələlərin prinsip baxımından həlli məsələsini çıxarıblar…

– Vaşinqtonda başlanmış sülh prosesinə mane olmaq üçün Moskva yenə hansısa təxribatlara əl ata bilərmi?

– Rusiya tərəfindən növbəti təxribatlar istisna olunmur, gözləniləndir. Amma Moskva indi daha çox Ukrayna ilə məşğuldur. Ona görə mən əmin deyiləm ki, Azərbaycanla Ermənistan arasında hər hansı gərginliyin yaranması onun xeyrinə olacaq. Hər halda belə görünür ki, Kreml üçün daha çox gözlənilən Ukraynanın hücumudur. İkincisi, bəllidir ki, Rusiyanın daxilində də mürəkkəb proseslər gedir. İnanmıram ki, Qarabağ və ətrafında da vəziyyəti “partlatmaq” üçün hansısa imkanları ola... Buna cəhdlər ola bilər. Amma real imkanlar başqa şeydir...

– Mayın 1-dəki ilk görüşlərdən sonrakı açıqlamasında Dövlət Departamentinin nümayəndələrindən biri bildirib ki, ABŞ Moskvanın Vaşinqtondakı danışıqlara mənfi reaksiyasından məyus olub. Söhbət hansı reaksiyadan gedir məlum deyil. Ona qədər Rusiya tərəfindən bu mövzuda heç bir rəsmi reaksiya açıqlanmamışdı. Sizin bu haqda hansısa bilginiz yoxdur ki?

–   ABŞ-ın Rusiyanın danışıqlara mənfi münasibətindən danışanda nəyi nəzərdə tutmasını söyləmək çətindir. Mən bildiyimə görə, Ukrayna müharibəsi başlanandan bəri, yəni bir ildən çoxdur ki, ABŞ ATƏT-in Minsk qrupu çərçivəsində Rusiya ilə diplomatik münasibətlərdən imtina edib. İki ölkə arasında belə müzakirələr getmir. Lavrov da bu haqda danışıb...

Bütün hallarda hələ proses hamar getməyəcək. Mümkün sazişdə nəzərdə tutulacaq məsələlərin həlli üçün illər tələb oluna bilər. Heç olmasa, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına rəsmən son qoyulması mümkündür...

– Danışıqlarda ən düyünlü nöqtələrdən biri də yəqin ki, Azərbaycanın son günlər Laçın yolunun girişində qurduğu sərhəd-buraxılış məntəqəsi ilə bağlı ola bilər.

– Sözsüz ki, ermənilər bu mövzunu qaldıracaqlar. Amerikanın buna ciddi diqqət yetirəcəyinə və sərhəd-keçid məntəqəsinin götürülməsinə dəstək verəcəyinə inanmıram.   ABŞ hesab edir ki, Qarabağ mövzusu Azərbaycanın daxili məsələsidir.  Eyni zamanda, Ağ ev kommunikasiyaların açılmasını istəsə də, ölkələr ərazisində dəhlizlərə qarşı çıxır. Bu mənada ABŞ Zəngəzur dəhlizinə də qarşı çıxır. Yəni dəhlizlərdə eks-territorial ərazi qurulmasını yox, orada dəhlizin aid olduğu ölkələrin qanunlarının işləməsinin tərəfdarıdırlar. Bir sözlə, Rusiyanın Ermənistan ərazisində eks-territoriallıq yaratmasına qarşı çıxırlar. Ona görə də  Laçın dəhlizi ilə də bağlı Vaşonqtondan eyni mövqenin sərgilənəcəyi istisna olunmur. Yəni son nəticədə amerikalılar da Azərbaycan tərəfindən öz dövlət sərhədində sərhəd-keçid postu qurulmasını dəstəkləyəcəklər...

– Yəqin ki, Qarabağ ermənilərinə status məsələsinə də gündəlikdə yer yoxdur?

– Bəli. Əslində Dövlət Katibi Blinkenin son bəyanatından da aydın olur ki, söhbət, sadəcə, hər iki ölkədəki milli azlıqlardan gedə bilər...

– Yəni yalnız  həmin azlıqların, indiki halda Qarabağdakı ermənilərin hüquqlarının təmin olunmağından danışılır, heç bir statusdan söhbət getmir...

–   Bəli. Azərbaycan gələcəkdə bu məsələni müzakirə edə bilər, amma qarşılıqlı şəkildə olacağı halda. Yəni Qarabağdakı ermənilərin hüquqlarından danışılırsa, Ermənistandan – Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların da Zəngəzurdakı, Göyçədəki və s. yaşam hüquqlarının bərpasından danışılmalıdır...

Yadınızdadırsa, biz Zəngəzurdan danışanda bəziləri etiraz edirdi ki, Xankəndi, Xocalı məsələsi həll olunmamış Zəngəzurdan, Göyçədən danışmaq yersizdir.  Yəqin, indi Qərbi Azərbaycan məsələsinin nəyə görə qabardılmasını anlayarlar. Başa düşərlər ki, həmişə üç addım qabağı görmək lazımdır...

– Söhbətimizi davam etdirərkən, artıq Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskovun Moskvanın Vaşinqton danışıqlarına reaksiyası barədə açıqlaması yayıldı. Yenə də bildirilir ki, Rusiyasız heç bir sülh prosesi baş tutmayacaq. Digər tərəfdən, xarici işlər nazirlərinin növbəti görüşünün Moskvada olacağı haqda da məlumatlar meydana çıxıb. Nə baş verir?

–   Birincisi, Vaşinqtondakı danışıqların real nəticə verib-verməyəcəyindən asılı olmayaraq artıq bəlli oldu ki, ABŞ-ın Qarabağla bağlı strateji mövqeyi bizimkinə yaxındır. Bundan öncə, yəni Rusiyanın vasitəçiliyi ilə üç tərəfin iştirak etdiyi 10 noyabr bəyanatının imzalanmasında da Dağlıq Qarabağ danışıqlar tərəfi kimi tanınmırdı. ABŞ da  Qarabağdakı erməniləri, sadəcə, “milli azlıq” adlandırmaqla öz tərəfindən belə bir konsepsiyaya dəstək verdi. Biz də eyni əsaslarla qeyd edirik ki, artıq “Dağlıq Qarabağ” deyilən bir anlayış, bir subyekt yoxdur, sadəcə, Azərbaycanın Qarabağ ərazisi və orada milli azlıq kimi yaşayan ermənilər var, biz də onlara vətəndaşlıq verməyə və digər vətəndaşlar kimi onlar üçün də eyni hüquqları  təmin etməyə hazırıq. Əsas nəticə budur. Ona görə də Rusiyanın danışıqları buna mane olmaq cəhdləri mənasızdır. Moskva ilə Vaşinqton arasında bu məsələdə də daim rəqabət olub və yenə də olacaq.

Onsuz da hələ Vaşinqtondakı danışıqlarla məsələ bitmir ki... Orada, dediyim kimi, sadəcə, hansısa bir çərçivə sazişi imzalana bilər. Baxaq, görək. Hər halda ABŞ-dakı görüş hələ davam edir. Və  yəqin ki, Birləşmiş Ştatlar, belə deyək, kiminsə yaxasından tutursa, hansısa nəticə əldə edəcəkdir...

Biz onu da görürük ki, Ermənistanda bəzi dairələr tərəfindən Blinkenin bəyanatına dair etirazlar var. Təbii ki, belə etirazları Rusiya da qızışdırır və onlardan istifadə edir.  Peskovun Vaşinqton danışıqları barədə son açıqlaması da bunu təsdiqləyir... Bunlar yeni oyunlar deyil. Həmişə belə olub. Brüsseldəki danışıqlar zamanı da belə proseslər baş verirdi... Mayın 3-də Şuşadakı tədbirdə cənab Prezident də məsələ barədə bir daha bəyanat verərək bildirdi ki, ermənilər sülh istəmirsə, özlərinə və bütün regiona zərər verəcəklər. Sözsüz ki, ölkə başçısı Amerikadakı danışıqlar barədə məruzələr əldə edir və onlara əsasən bəyanatlar verir. Digər tərəfdən, erməni mediasında da haray-həşir düşüb ki, Qarabağ əlimizdən getdi və s. Bu da onu göstərir ki,  Ermənistan yenə də son məqamda hansısa bəhanə tapıb danışıqlardan qaçacaq... 

– Bildiyiniz kimi, mayın 3-də Kremldə Putinin qərargahı olan bina PUA-larla vurulub. Yəni, deyəsən, Moskva sözün əsl mənasında  öz hayındadır...

– Bəli. Rusiya öz başının hayındadır. Bu da var.... Amma elə məqam yetişib ki, əslinə qalsa, son nəticə Ermənistandan asılıdır. Əgər Vaşinqtonda proses qeyd etdiyimiz bu əsaslarda getsə, mən şəxsən onu müsbət qiymətləndirirəm...

– Ermənistan daxilində də, təbii ki, Rusiyanın “5-ci kalon”u  erməniləri Vaşinqton prosesi əleyhinə qaldırmağa çalışacaq...

–   Bu, Ermənistan hakimiyyətinin problemidir. Öz cəmiyyətlərini özləri düzgün yola yönəltməlidirlər. Baxaq görək bu dalandan necə çıxacaqlar... Vaşinqton da İrəvana  deyir ki, səni himayə etməyimi istəyirsənsə, rusları öz ərazindən qov və Azərbaycan ilə də sülh bu əsaslarda bağlanmalıdır. Burada dediyim kimi, ermənilərin cavabı vacibdir...