ABŞ Rusiya qazını Bosniyada sıxışdırır: Alternatif kəmər çəkir

10:25 09.02.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ Rusiya qazından asılılığı azaltmaq üçün Bosniya və Herseqovinada yeni qaz boru kəməri tikməyi planlaşdırır.

Hafta.az yazır ki, Bosniya hökuməti ABŞ-da yerləşən AAFS İnfrastruktur və Enerji şirkətindən Southern Interconnection qaz boru kəməri layihəsi üçün niyyət məktubunu rəsmi olaraq qəbul edib. Layihə Bosniya və Herseqovinanı Xorvatiyanın Krk adasındakı LNG terminalına birləşdirəcək. Bu, hazırda Rusiya qazını daşıyan və ölkəyə qaz tədarükü üçün yeganə seçim olan TurkStream-ə alternativ marşrut yaradacaq.

Ukrayna kəşfiyyatı bildirir ki, bu addım Bosniya və Herseqovina üçün enerji təchizatının şaxələndirilməsi və Rusiyanın enerji nəhəngi Qazprom-un bölgədəki inhisarının zəiflədilməsi deməkdir. Təxminən 200 milyon dollara başa gəlməsi planlaşdırılan layihənin tikintisinə 2026-cı ildə başlanacağı gözlənilir.

Amerika şirkəti həmçinin Bosniya və Herseqovinada qazla işləyən elektrik stansiyasının tikintisini, Kladanj-Tuzla boru kəmərinin genişləndirilməsini, Sarayevo və Mostar hava limanlarının modernləşdirilməsini təklif edib.

Hesabatda xatırladılır ki, Rusiya Ukraynaya qarşı tammiqyaslı müharibəyə başlamazdan əvvəl 2021-ci ildə Avropa İttifaqı (Aİ) ölkələrinə təxminən 157 milyard kubmetr qaz ixrac edib ki, bu da Avropa qaz idxalının 45 faizini təşkil edir. Aİ Komissiyasının məlumatlarına görə, 2025-ci ilin sonuna qədər ittifaq daxilində Rusiya qazının payı 1 faizə düşüb. Həmçinin qeyd edilib ki, Rusiya qazının Ukrayna üzərindən Avropaya tranziti 2021-2024-cü illər ərzində əhəmiyyətli dərəcədə azalıb və 1 yanvar 2025-ci il tarixindən etibarən tamamilə dayandırılıb.

Aİ-nin 2027-ci ildən Rusiya qaz idxalını tamamilə dayandırmaq qərarı bu prosesdə əhəmiyyətli bir dönüş nöqtəsi hesab olunur.