ABŞ hökumətinin terrorçular siyahısında olan Əfqanıstan vətəndaşının on minlərlə mühacirin sığınacaq axtarmaq üçün axın etdiyi ABŞ - Meksika sərhədində saxlanıldığı bildirilir.
Hafta.az-ın “The New York Post”a istinadən yazdığına görə, yerli hakimiyyət sərhəd polisinin terrorçular siyahısında olan şəxsi mayın 10-da bir qrup mühacirlə sərhədi keçdikdən sonra saxladığını açıqlayıb.
San Dieqoda saxlanıldıqdan sonra barmaq izi alınan şübhəlinin FTB-nin terror siyahısında olduğu üzə çıxıb.
Qeyd edək ki, ötən oktyabr ayından bəri terrorçular siyahısında olan ən azı 69 nəfər ABŞ-a qeyri-qanuni yollarla girməyə cəhd edərkən yaxalanıb.
Saxlanılan şəxsin kimliyi və hansı cinayətə görə axtarıldığı açıqlanmayıb. FTB rəsmisi CBS-ə bildirib ki, saxlanma prosesi gizli saxlanılıb.
Hadisə ABŞ-ın 42-ci maddə kimi tanınan immiqrasiya qanununu dəyişməzdən əvvəl baş verib. Pandemiya səbəbiylə qüvvəyə minən 42-ci maddə sərhədi keçən immiqrantların sığınacaq üçün müraciət etmədən deportasiya edilməsini mümkünləşdirib. Cümə günü tənzimləmə ləğv edildikdən sonra on minlərlə immiqrant onlayn sığınacaq üçün müraciət edərək ABŞ-Meksika sərhədində gözləməyə başlayıb.
San Dieqo bölgəsi üçün yerli qanunverici orqanın Nəzarət Şurasının üzvü Cim Desmond, "Hərtərəfli immiqrasiya proqramının olmaması böyük izdihamın sərhəddən keçməsinə səbəb olur" deyib.
Meksika immiqrasiya agentliyinin məlumatına görə, ABŞ sərhədində gözləyən immiqrantların sayı 27 minə çatıb. ABŞ rəsmiləri isə bu rəqəmin 60 min civarında olduğunu bildirir.