Ukrayna ABŞ-dan Krım ərazisinə zərbələr endirmək üçün uzaq mənzilli silahlar verməsini xahiş edir, lakin Vaşinqton tədarükdən imtina edir. Hafta.az bildirir ki, bu barədə ABŞ rəsmiləri və Konqres nümayəndələrinə istinadən “The Wall Street Journal” məlumat yayıb.
Söhbət ATACMS (Army Tactical Missile System) raketlərindən getdiyi vurğulanır.
“Bizim onları bu silahlarla təmin etməməyimizin səbəbi Krıma endirilən zərbələrlə razılaşmamağımızdır”, - ABŞ Konqresinin nümayəndələrindən biri deyib.
Qeyd olunur ki, Ukrayna rəsmiləri ABŞ qanunvericilərini Krımda iddia edilən pilotsuz təyyarə bazasına zərbə endirmək üçün raketlərin zəruriliyinə inandırıblar. Bununla belə, ABŞ rəsmiləri hesab edirlər ki, Ukraynanın hazırda uzaqmənzilli raketlərə ehtiyacı yoxdur, çünki Rusiya onların çatdırılmasını eskalasiya kimi qəbul edə bilər.
“The Wall Street Journal”ın həmsöhbətlərindən birinin sözlərinə görə, ABŞ administrasiyası Ukraynanı ATACMS raketləri ilə təchiz etmək istəmir, eyni zamanda öz ehtiyatlarının tükənməsindən və ABŞ ordusunun döyüş hazırlığını zəiflətməkdən ehtiyatlanır.
Daha əvvəl ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini Laura Kuper bildirmişdi ki, Vaşinqton tərəfindən Kiyevə ötürülən HIMARS MLRS Silahlı Qüvvələrə Krımda hədəflərə zərbə endirməyə imkan verir.