Afrikada ən qanlı əməliyyat: 548 üsyançı öldürüldü

12:25 18.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Uqanda ordusunun Konqo Demokratik Respublikasının şimalında keçirdiyi əməliyyatlarda qiyamçı Demokratik Alyans Qüvvələrinin (ADF) 548 üzvünün öldürüldüyü bildirilib.

Hafta.az-ın yazdığına görə, əməliyyatın sözçüsü mayor Bilal Katamba ADF-ə qarşı əməliyyatların davam etdiyini bildirib. O, əməliyyatlarda 548 ADF üzvünün öldürüldüyünü, 50-nin əsir götürüldüyünü, 31-nin isə təslim olduğunu açıqlayıb.

Əməliyyatların birbaşa Uqanda ordusu tərəfindən həyata keçirildiyini bildirən Katamba, bu prosesdə həyatını itirən hərbçilərin olub-olmaması ilə bağlı məlumat verməyib.

Zorakılığın artdığı Konqo Demokratik Respublikasının Şimali Kivu və İturi əyalətlərində təhlükəsizliyə nəzarət etmək üçün 7 may 2021-ci ildə hərbi mühasirə elan edilib. Mühasirə çərçivəsində bölgədəki mülki məmurlar işdən çıxarılıb və onların yerinə hərbiçilər təyin edilib.

1990-cı illərin sonundan Uqanda və Konqo Demokratik Respublikasında fəaliyyətə başlayan ADF, Uqanda Milli Azadlıq Ordusu (NALU), Uqanda Müsəlman Azadlıq Ordusu və Təbliğ Camaatı kimi hərəkatların keçmiş üzvləri tərəfindən yaradılıb.

ADF-nin 2014-cü ildən bu yana həyata keçirdiyi hücumlarda minlərlə dinc sakinin öldüyü, yüz minlərlə insanın didərgin düşdüyü bildirilir.