Ağdama köç gələn ildən başlayacaq - Aqil Abbas

12:19 04.04.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

İşğaldan azad edilmiş ərazilərimizdə sürətli bərpa quruculuq işləri davam etdirilir. O cümlədən Acdamda. “Həftə içi”nə müsahibə verən millət vəkili Aqil Abbasla həm bu, həm də digər aktual məsələlərdən danışdıq.  

– Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması üçün danışıqlar hansı müstəvidə davam edir? Mövcud vəziyyətə diqqət çəksək, gözləntilərimiz nədir?

–     Azərbaycan sülhə hazırdır və təkliflərini verib. Ermənistan tərəfi isə regionda maraqlı olan güclərin təsiri ilə əsas hədəfdən yayındırılır. Avropa İttifaqı, Fransa mülki missiya və müxtəlif bəhanələrlə Ermənistana əsgər, silah-sursat göndərir, ölkəmizə qarşı qərəzli çıxışlar edir, işğalçı dövləti yenidən revanşizmə həvəsləndirir. Mülki missiya adı ilə sərhəddə durub bizim ərazilərə baxanlar bölgədə gərginlik yaratmaq istəyi ilə çabalayırlar. Eyni zamanda, sərhəddə hərbi təxribat yaradaraq, atəşkəsi pozaraq, bundan istifadə edib 5 apreldə keçirilən üçlü görüşdə Azərbaycana qarşı “Bizə güllə atırlar”, – deyə növbəti əsassız yalanlarını tirajlasınlar. Azərbaycan bizə qarşı yönələn sərhəd, diplomatik təxribatlara hələlik səbirlə yanaşır.

Görünən odur ki, Ermənistan ordusunun bölmələri Azərbaycanla sərhəd ərazilərində yenidən səngər qazmağa başlayıblar. Əslində, Paşinyan da istəyərdi ki, Azərbaycanla sülh müqaviləsi bağlasın, heç olmasa, Ermənistanın indiki mövcudluğunu qoruyub-saxlaya bilsin. NATO, ABŞ, Fransa kimi “böyük bacıları” buna ciddi maneə yaradırlar. Paşinyan həmin qüvvələrdən qorxur və onların şirin vədlərinə inanaraq verilən təlimatlarla hərəkət edir. Eyni zamanda, NATO Ukraynada Rusiyaya məğlub olduğu üçün, yeni müharibəyə Qafqazdan daxil olmaq istəyir, lakin buna nail ola bilməyəcək. 

Sülh danışıqları nə vaxta qədər davam edə bilər? İstər prezidentlər, istər xarici işlər nazirləri səviyyəsində danışıqlar aparılıb. Ermənistan tərəfi danışıqlarda bir-birini təkzib edən mövqelər sərgiləyir, eyni zamanda, üçtərəfli bəyanatın əsas bəndlərini yerinə yetirmək istəmir. Azərbaycan məcbur qalıb həmin bəyanatın bəzi bəndlərini, o cümlədən separatçıların ərazilərimizdən çıxarılması ilə bağlı müddəanı özü icra etdi. Hazırda gündəmdə Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistanın götürdüyü öhdəliyi icra etməsi məsələsi dayanır. Ermənistan Zəngəzur dəhlizinin açılması məsələsindən müharibə yaratmaq istəyir. Düşünürlər ki, Zəngəzur dəhlizini açmasalar, Azərbaycanı yenə də hərbə əl atmağa vadar edə biləcəklər. Bu məsələ proseslərin gedişindən asılı olacaq və Azərbaycan buna getməyəcək. 

 – Avropa və Qərbin regionla bağlı apardığı siyasətin bölgədə gərginlik yaratdığı, sülhün əldə olunmasına maneçilik törətdiyini söylədiniz. Məsələyə, həm də Ermənistanın yenidən silahlandırılması kontekstindən yanaşsaq, müharibə yenidən baş verə bilərmi?

– Biz müharibə istəmirik, amma savaş mümkündür. Əgər Ermənistan tərəfi dəfələrlə sərhədi pozarsa,  postlarımıza hücum edərsə, ilkin olaraq dörd kəndimizi geri qaytarmazsa, üstəlik, səngər qazıb, sərhədə ardıcıl qoşun yığmaqda davam edərsə, müharibənin ola biləcəyi ehtimalı çox yüksəkdir. Əvvəldə dediyim kimi, dövlətimiz müharibə tərəfdarı deyil. Məhəmməd peyğəmbərin (s.ə.s.) belə bir sözü var, deyir: “Savaş, sənə qarşı savaşanlarla savaş”. Türklərin də belə bir sözü: “Savaş istəyirsənsə, onu alacaqsan…”. 

– Aprelin 5-də Avropa İttifaqı, ABŞ, Ermənistanın Brüsseldə üçlü görüşünə toxundunuz və regionda erməniləri silahlandırdıqlarını, gərginlik yaratmaq cəhdlərini vurğuladınız. Əgər müharibə olarsa, beynəlxalq güclərin müdaxiləsi nə dərəcədə mümkündür?

–     Qərb, Avropa bölgəyə hərbi müdaxilə edə bilməz. NATO Ermənistana qoşun göndərəcək?! Əlbəttə ki, mümkün deyil. Hələ iki ildir ki,  Ukraynaya dəstək üçün hərbi qüvvə göndərmir.  Ermənistana Avropa İttifaqı, Fransa kimi mülki missiya göndərə bilərlər. Qoşun göndərsə, dünya ayağa qalxar. Bütün hallarda Azərbaycana münasibətdə ikiüzlü, ikilistandartlı, həyasız yanaşmaları görəndə bunlardan hər şeyi gözləmək mümkündür. Təbii ki, biz bütün tədbirlərimizi görürük.

– Qarabağdan öz xoşu ilə köçüb-gedən erməni azlığının hüquq müdafiəçisi kimi çıxış edən Avropanın bəzi dövlətləri, təsisatları bu məsələni ölkəmizə qarşı təsir mexanizmi kimi itiləyir. Necə hesab edirsiniz, azərbaycanlılarla ermənilərin birgə yaşayışı mümkündür?

–     Belə bəhanələrlə heç kəs Azərbaycana təsir göstərə bilməz. Vaxtilə Azərbaycan ərazilərində yaşamış ermənilər torpaqlarımızın uzunmüddətli işğalı başa çatandan sonra, özləri könüllü olaraq ərazilərimizi tərk ediblər. Ölkə başçısı bəyan edib ki, gedən ermənilər vətəndaşlığımızı, konstitusiyamızı qəbul edib sülh şəraitində yaşamaq istəyərlərsə, gəlib Qarabağda və ətraf rayonlarda köç sala bilərlər. Onu da qeyd edim ki, Ağdərədə, Xankəndidə, Əsgəranda evlərin hamısından silah-sursat aşkar edilib. Qarabağdan köçən ermənilər, az qala, bir ordunu təmin edə biləcək silah-sursat qoyub-gediblər.  Görünür, belə planlaşdırıblar ki, Ermənistandakı Qarabağ erməniləri geri gəlsələr, evlərdə saxladıqları silahları götürüb yenidən müharibəyə başlasınlar. Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları çox çevik və ayıq-sayıq işləyirlər.

O ki qaldı azərbaycanlılarla ermənilərin birgəyaşayışının nə dərəcə mümkün olmasına, bu mümkündür; amma bir halda: üzr istəməlidilər və dağıtdıqlarını gəlib bərpa etməlidirlər. Ondan sonra mümkündür. Münaqişə zamanı da Azərbaycanın digər bölgələrində ermənilər yaşayıb. Necə ki, əvvəllər yaşayıblar, bundan sonra da deyilən şərtlərlə yaşaya bilərlər. Mənim şəxsi fikrim budur ki, erməniləri Qarabağa buraxmaq lazım deyil. 

 – Ermənilərin Qarabağa geri qayıtması ilə İrəvandan deportasiya edilən azərbaycanlıların öz yurdlarına  qaytarılmasının paralel şəkildə aparılması məsələsi də tez-tez önə çəkilir. Buna fikriniz nədir?

–     Qərbi azərbaycanlıların öz dogma torpaqlarına qayıdışı, birinci növbədə, təhlükəsizliyin təmin edilməsindən sonra mümkün ola bilər. Əslində, bu prosesin paralel aparılması doğru olardı. Ermənistan və havadarları ermənilərin Qarabağa qayıtmasını istəyirsə, zəhmət çəkib eyni istəyi Ermənistandan məcburi qovulan azərbaycanlılar üçün də düşünsünlər.

  – İşğaldan azad edilən ərazilərin yeni idarəetmə modelində hansı məqamların olmasını istərdiniz?

– İşğaldan azad olunmuş ərazilər Qarabağ, Şərqi Zəngəzur iqtisadi zonalarına bölünüb. Hər bir ərazi üzrə Prezidentin xüsusi nümayəndəlikləri yaradılıb. Sonrakı dövrlərdə idarəetmə modelinin necə olacağı barədə dəqiq fikir bildirə bilmərəm.

– Yeni idarəetmə modelində bələdiyyələrə xüsusi səlahiyyətlərin verilməsi məsələsi öz əksini necə tapa bilər?

– Gərək əhali öz kəndinə, şəhərinə qayıtsın ki, orada bələdiyyələr də fəaliyyət gösətə bilsin. Hələ keçmiş köçkünlər tam olaraq öz yurdlarına geri qayıtmayıblar. Yalnız Laçına, Füzuliyə, Zəngilana Zabuxa, Suqovuşana, Talışa qayıdışlar olub. Gərək əhali azad olunmuş ərazilərdə tam yerləşsin ki, bələdiyyələri də formalaşdıra bilsinlər.

– Ağdamda bərpa-quruculuq işləri necə gedir və görülən işlər, yeniliklər nə yerdədir?

–     Mən Ağdam şəhərinə tez-tez gedirəm. Orada böyük bərpa-quruculuq işləri başlayıb. Cənab Prezidentin iradəsi ilə ilk olaraq sərhəd bölgələrdəki ərazilərin bərpa edilərək, əhalinin yerləşdirilməsi nəzərdə tutulub. Ordu arxasında xalqın nəfəsini hiss edəndə daha da güclü olur. Bununla yanaşı, digər işğaldan azad olunmuş ərazilərimizdə, o cümlədən Ağdamda da tikinti işləri sürətlə davam edir. Yaşayış üçün evlər, məktəblər, konfrans binaları, otellər hazırdır. Ağdamda tədbirlər keçirilir, qonaqlar qəbul olunur. Orada 7 fevral Prezident seçkiləri keçirildi və mən Ağdamda səs verdim…Yəni işlər uğurla irəliləyir.

Qeyd etməliyəm ki, işğaldan azad etdiyimiz ərazilərin yenidən tikilməsi, bərpası üçün xarici dövlətlərdən borc almırıq. Bütün işləri öz maliyyə gücümüzlə həyata keçiririk. Borc almaqla kimlərdənsə asılı vəziyyətə düşmək istəmirik. Bəzi türk dövlətlərinin məktəb və digərr məntəqələrin tikintisi ilə bağlı bizə dəstəyi olsa da, Qərb, Avropa dövlətlərindən ölkəmizə bərpa-quruculuqla bağlı humanitar yardım edilməyib. Azərbaycanın şəhər və kəndləri erməni işğalı nəticəsində dağıdılıb, talan edilsə də,  başqalarına qarşı humanist davranmağı seçirik. Biz Türkiyədə baş verən zəlzələdə zərərçəkən türk qardaşlarımıza evlər tikirik. Azərbaycan dövləti öz hesabına bu problemləri də həll etmək gücündədir.

Bütövlükdə işğaldan azad olunan ərazilərdə aparılan bərpa işləri tam olaraq 2040-cı ilə qədər başa çatmalıdır. Mənə elə gəlir ki, yaxşı işləsək və camaat öz yurduna köçürülməyə başlasa, bu vaxtı önə çəkə bilərik. Camaat öz torpağına köçəndən sonra, maldarlıq, pambıqçılıq, üzümçülüklə məşğul olub təsərrüfatını yaradacaq, həyat şəraitini yaxşılaşdıracaq. Sənaye obyektləri işləyəndən sonra bərpa daha sürətlə gedəcək.

Unutmayaq ki, sovet hökuməti kəndlərdə heç kimə ev tikməyib. Camaat kəndlərdə evini öz qazandığı pulla tikirdi. Ağdam işğal olunmasaydı, indi Azərbaycanın dövlət büdcəsi 34 milyard yox, 50 milyard olardı.  Ağdam dövlətə hər il 150 min ton üzüm, 100 min ton pambıq verirdi. 10-15 sənaye obyektləri, şərab zavodları var idi. Həmin müəssisələr yenidən tikiləndə, inkişaf, bərpa prosesi daha sürətlə gedəcək.

– Bu sürətlə Ağdamı paytaxt kimi görmək istəyənlər də var… 

–     Bizim paytaxtımız Bakıdır. Ağdam isə mərkəzi şəhər statusunda nəzərdə tutulur. Bunun üçün Ağdamda 100 min əhalinin yaşaması planlaşdırılır. İnanıram ki, Ağdamın əhali sayı bu  həddi keçəcək.

İşğaldan əvvəl Ağdam şəhərində 60 min əhali yaşayırdı. Yəqin ki, indi şəhər əhalisi 89 min olub. Kənardan da gələnlər olacaq.  Ağdama hər zaman kənardan gəlib işləyənlər, yaşayanlar olub. Beləcə, Ağdam böyüyəcək, inkişaf edəcək.

– Ağdama ilk köç nə zaman olacaq? İlkin olaraq kimlər köçürüləcək?

– Gələn ildən Ağdama köç başlayacaq. İlkin olaraq köçürülən insanlar yataqxanalarda, inzibati binalarda, zirzəmilərdə  yaşayanlar olacaq. Düzdür, Qobu və digər ətraf kəndlərdə salınan şəhərciklərdən də köçürülmələr olub. Bu günə qədər əsasən yaşayış yeri ağır olanların köçürülməsinə üstünlük verilib.

– Qarabağın bərpa prosesində öz evini tikmək istəyən keçmiş məcburi köçkünlərə müraciət ediləcəyi deyilirdi. Gələn il Ağdama köç başlayacaq. Bununla bağlı kimlərə müraciət edilib?

–     Torpaqlar işğaldan azad olunandan sonra bununla bağlı ilk müraciəti mən etmişdim. Ağdam camaatına müraciət etmişdim ki, kimin ev tikməyə imkanı  varsa, öz evini, hətta qonşunun da evini tiksin. O zaman mənə bəlkə də 500-600 adam zəng etdi ki, hazırıq. Ağdamlılar fərasətli adamlardır, pul xərcləməyi də bilirlər, qazanmağı da.

İndi Ağdam başqa cür tikilir. Hərə gedib özünə bir ev tiksə, şəhərdə fərqli mənzərə yarana bilər. İndi Ağdam şəhər tipində qurulur. Əvvəllər Ağdam kənd-şəhər idi. Füzuli də onun kimi hesab olunurdu. Ona görə də hər kəs gedib öz bildiyi kimi evlər tikə bilməz. Gələcəkdə insanlara öz şəxsi evlərini tikmələri üçün kənar yerlərdə imkan yaradılacaq. Şəhərə insan nəfəsi dəyəndən sonra, yəqin ki, bunlar da olacaq. Ağdamın kəndləri tikilir. Şübhəsiz, ailələr böyüdükcə insanlar kənarlarda aldıqları torpaq sahələrində öz övladlarına evlər tikəcəklər. Beləcə kəndlər böyüyəcək.

– Qarabağda yaşayış məntəqələrinin sayının azaldılacağı müzakirə edilir. Bu proses Ağdamda da yaşanacaqmı? Ağdamlılar bu qərarı necə qarşılayırlar?

– Ağdamda yaşayış məntəqələri azaldılmayacaq. Ağdamda 5–10 min əhalisi olan kəndlər var. Təkcə Qərvənd kəndində 10 mindən çox insan yaşayır. Ona görə də həmin kəndləri birləşdirmək mümkün deyil. Deyək ki, Qubadlıda, Kəlbəcərdə gedib dağın başında beş nəfər özünə ev tikib, başqa bir yerdə 20 nəfər bir kənd salıbsa, onları, təbii ki, birəşdirmək olar.

– Bir müddət əvvəl “İmarət” stadionuna “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanovun,  ya da Milli Qəhrəman Allahverdi Bağırovun adının verilməsi müzakirə olunurdu. Bu məsələ ilə bağlı yekun qərar varmı?

  Bu məsələni çox müzakirə edirlər. Əvvəla, Ağdamda tarixi əhəmiyyəti olan “İmarət” kompleksi futbol oynamaq üçün stadion olmayıb. “İmarət” konsertlər, şənliklər üçün nəzərdə tutulan məkandır. Kompleks Pənahəli xanın sarayı, türbələr və Qarabağ atları parkından ibarət olacaq.

İndi “İmarət” adında 15 min nəfərlik stadion tikilir. Həmin ərazi Ağdamın Əhmədavar kəndi istiqamətindədir. Belə fikirlər var ki, ora Qurban Qurbanovun adı verilsin.

Allahverdi Bağırov “Qarabağ” futbol  komandasının oyunçusu, kapitanı, məşqçisi, sonra sponsoru olub.  Müharibə zamanı, hətta gəlib komanda heyəti ilə görüşüb qayıdıb. Şəhiddir, Ağdamın Milli Qəhrəmanıdır. Allahverdi Bağırov təkcə Ağdamda deyil, Qarabağda bir əfsanədir. Təbii ki, “İmarət” stadionu Allahverdi Bağırovun adını daşıya bilər.

Qurban Qurbanova gəlincə, onun adı Uşaq Futbol Akademiyasına verilə bilər. Adamlar Qurban Qurbanova heykəl qoymağa hazırdır. Yəni bütün hallarda hər kəsin haqqı özünə verilməlidir…

Oxunma sayı 196