Ağdamın Sırxavənd kəndində qanunsuz 172 erməni məskunlaşıb - FOTO

18:25 05.10.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Sovet  dövründə belə, demək olar ki, bir nəfər erməninin yaşamadığı Sırxavənd kəndində 1992-ci il işğalından sonra qanunsuz məskunlaşmış ermənilərin sayı artaraq hazırda 172-yə çatıb.

Hafta.az xəbər verir ki, Xankəndindəki separatçı nəşrlərin yazdığına görə, 44 günlük savaşdan sonra “Nor-Kaznçi”(Yeni Qazançı) adlandırılmış  Sırxavəndə 2-si Qubadlıdan, 1-i Ağdam rayonunun Əliağalı kəndindən, 1-i Şuşa rayonunun Daşaltı kəndindən olmaqla 4 erməni ailəsi yerləşdirilib...

Kəndin sosial-iqtisadi durumu acınacaqlıdır. Ermənilərin əksəriyyəti işsizdir. Qaz yoxdur. İctimai  binalar bərbad durumdadır. Nə klub var, nə də tibb məntəqəsi. 4 aydır ki, suvarma suyu ilə bağlı problemlər var. Müharibədən sonra Sırxavəndin 9 hektar əkin sahəsi  Azərbaycan ordusunun nəzarətinə keçib...

Zəruri arayış: 

Sırxavənd Azərbaycan Respublikasının Ağdam rayonunun Sırxavənd kənd inzibati ərazi dairəsində kənddir.

Bu kənd 1992-ci ilədək keçmiş Ağdərə rayonunun(sovet dövründə Mardakert) inzibati tabeçiliyində olub.

Ulubab və Ballıqaya silsilə yüksəkliklərinin əhatəsində yerləşən Sırxavənd kəndi Xaçın çayının sol sahilində salınmışdı. Bura Aranla dağlıq ərazinin, Qırxqızla Murov dağlarının kəsişdiyi yerdir. Kənd strateji cəhətdən çox əhəmiyyətli yerdə yerləşir. 60-cı illərin əvvəllərində çəkilmiş Ağdərə-Xankəndi dağ yolu (keçmişdə qocalar bu yola “daşnak yolu” deyirdilər) Sırxavəndin üstündən keçir. Sırxavənd Ağdərə və Ağdamdan 30 km, Xankəndindən 40 km məsafədədir. Qazançı, Çıldıran, Ballıqaya, Dovşanlı, Seyidbəyli kimi ermənilərin kompakt yaşadığı kəndlərinin əhatəsində yerləşib...

Qarabağın bu qədim yurdu 20-ci əsrdə dörd dəfə düşmənin hücumuna məruz qalmış və yerlə yeksan edilərək daşı-daş üstə qalmamışdı. 1991-ci ilin aprel ayında keçmiş Dağlıq Qarabağda münaqişə ilə əlaqədar o zamankı respublika hökumətinin qərarı ilə Sırxavənd ərazi icraiyyə komitəsi yaradıldı. Məqsəd Ağdərə rayonundakı 12 azərbaycanlı kəndinə idarəetmə mərkəzi yaratmaq idi. Sırxavənd bu günlər əsl mərkəzə çevrildi. Ərazi polis bölməsi, kənd təsərrüfatı idarəsi, təhsil şöbəsi, maddi-texniki təchizat bazası, avtomobil bazası, iki yol təmir tikinti idarəsi və s. idarə, müəssisələr yaradıldı və fəaliyyətə başladı. 1991-ci ilin dekabrında rəsmi olaraq kəndin özünümüdafiə batalyonu yaradıldı.

Ağdərənin Sırxavənd kəndi 1992-ci il martın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Həmin gün Sırxavənd daxil olmaqla Ağdərənin azərbaycanlılar yaşayan kəndləri - Bəşirlər, Qaraşlar, Baş Güneypəyə, Orta Güney, Xatınbəyli və başqa türk yurdları erməni silahlı qüvvələrinin total hücumu nəticəsində düşmən əlinə keçib. 1992-ci il iyunun 3-də Sırxavənd şəhid batalyon komandiri Milli Qəhrəman Şirin Mirzəyevin rəhbərliyi altında həyata keçirilən əməliyyatla azad edilsə də, cəmi 3 gün sonra yenidən işğal olunub. Müharibədə 19 şəhid verən kəndin özünümüdafiə batalyonunun onlarla üzvü yaralanıb. 4 sırxavəndli müharibədəki igidliklərinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. İki nəfər bu fəxri ada ölümündən sonra layiq görülüb.

Sırxavənd  işğal edilənədək Ağdərənin azərbaycanlılar yaşayan ən böyük kəndi idi, onun 2 minə yaxın əhalisi vardı. Burada 250-dən çox ev var idi. Əslində 1923-cü ildən - DQMV-nin yarandığı ilk gündən, gözdən, könüldən kənarda qalmış bu kəndlər, xüsusilə 50-ci illərin əvvəllərində burada yaşayan azərbaycanlılar düşünülmüş gizli miqrasiyaya məruz qalmışlar. On illiklər ərzində azərbaycan kəndlərinin sosial-iqtisadi və mədəni inkişafı üçün heç bir iş görülməmiş, yeni iş yerləri açılmamış, mütəxəssislərə qsədən iş verilməmiş və bunu nəticəsində minlərlə azərbaycanlı dolanışıq çətinliyi ucbatından rayondan baş götürüb getməyə məcbur edilmişdir. Təkcə bir faktı qeyd edək ki, qonşu erməni kəndlərinin hamısında xəstəxana, poçt, klub olduğu halda 12 azərbaycanlı kəndinin hüç birində bu obyektlər olmamışdır. Sırxavənddə işğala qədər 250-yə yaxın Azərbaycan türk ailəsi yaşayırdı. Həmin dövrdə respublikanın müxtəlif şəhər və rayonlarında 270-ə yaxın əslən Sırxavəndli olan ailə möcvud idi. Sırxavənddən (Ağdərə rayonu ləğv edildiyindən kənd Ağdamın ərazisi sayılır) məcburi köçkünlər ölkənin müxtəlif rayon və şəhərlərində məskunlaşıb. Nisbətən sıx məskunlaşma Bərdə rayonundadır.

Hazırda Sırxavənd 10 noyabr üçtərəfli razılaşmasına əsasən rəsmən Rusiyanın sülhməramlı sayılan kontingentinin nəzarətindədir.  Bəzi məlumatlara görə, kənddə işğalçı erməni hərbçiləri də fəaliyyət göstərir.  Halbuki, Ağdam rayonu azad edildiyindən onun bütün inzibati ərazisi erməni silahlı birləşmələrindən boşaldılmalıydı.  2021-ci ilin aprelində Azərbaycan ordusu Sırxavəndi dinc yolla nəzarətə götürməyə cəhd etsə də, Rusiya hərbçiləri buna imkan verməyib...

Oxunma sayı 4217
Gündəm rubrikasından digər xəbərlər