Ağrı dağındakı buzlaqlar 50 ilə əriyəcək

12:40 22.07.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin damı kimi tanınan 5137 metr hündürlüyündəki Ağrı dağının zirvəsində yerləşən kəllə buzlaqı qlobal istiləşmə səbəbindən hər il bir az daha əriyir.

Hafta.az-ın yazdığına görə, Ağrı İbrahim Çeçen Universitetinin (AİÇÜ) Coğrafiya fakültəsinin professoru Alpərən Kayserili bildirib ki, apardıqları təhlillər nəticəsində buzlaqların son 37 ildə təxminən 41 faiz azaldığı aşkarlanıb.

Professor Dr. Alpərən Kayserili, xüsusilə 1987-ci ildən sonra hər ilin avqust ayından etibarən Ağrı dağının peyk şəkillərini təhlil əsasında analiz etdiklərini bildirib. Kayserili bildirdi ki, peyk görüntülərinə görə, Ağrı dağında bir vaxtlar təxminən 8042 kvadratkilometr ərazini əhatə edən buzlaqın sahəsi hazırda 4095 kvadratkilometrə enib. “Bu, son 37 ildə buzlaqın səthinin təxminən 3047 kvadratkilometr və ya 41 faiz kiçildiyini göstərir. Bizim qiymətləndirmələrimizə görə, buzlaqların əhəmiyyətli dərəcədə geri çəkildiyini aşkar etmişik. Bu azalma qlobal iqlim dəyişikliyinin regiondakı təsirlərini açıq şəkildə ortaya qoyur”, - o bildirib.

Professor Kayserili buzlaq sərhədinin əvvəlki illərdə daha aşağı hündürlükdə yerləşdiyini qeyd edərək, “1975-ci ildə Fatma Girik və Hakan Balamirin rol aldığı “Ağrı dağının əfsanəsi” filminin kadrlarına görə, buzlaqlar yay aylarında təxminən 3500 metrədək enirdi, lakin bu gün təxminən 4000 metrdən başlayır ki, bu da qlobal istiləşmənin Ağrı dağına təsirini açıq şəkildə nümayiş etdirir.

Qlobal istiləşmə və temperatur artımı bu sürətlə davam edərsə, buzlaqların çoxunun yox olacağını vurğulayan professor Kayserili, "1987-2024-cü illər arasında illik orta buzlaq itkisinə görə, 0,0938 kvadratkilometr buzlaq sahəsi itirilib. Temperaturlar bu sürətlə davam edərsə, növbəti 50 il ərzində Ağrıdakı buzlaqlar böyük ölçüdə yox olacaq” deyib.