Azərbaycanda ağsaqqala, ağbirçəyə hörmət, ehtiram, kiçiyə diqqət, qayğı milli mentalitetimizin ən qabarıq və incə nüanslarındandır. Ailə dəyərlərinin yüksəkdə tutulması, rolu və əhəmiyyəti bütün sahələr üzrə -sosial, ictimai, siyasi, mədəni həyatımızda özünü zaman-zaman biruzə verib. Bu mənada Azərbaycan Ağsaqqallar Şurasının Milli Məclisdən başlayan işləri, ölkəmizin bütün rayon və kəndlərinə, eləcə də ölkədən kənarda yaşayan azərbaycanlıların həyat və fəaliyyətinin düzgün istiqamətləndirilməsindəki rolu və göstərdiyi dəstək birmənalı olaraq diqqətlə izlənir.
Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev “Həftə içi”nə müsahibəsində maraqlı məqamlara diqqət çəkib.
“Bizim dərdimiz budur ki...”
- Eldar müəllim, hazırda Ağsaqqallar Şurası hansı işlərlə məşğuldur? İstərdim ki, bu barədə fikirlərinizi bildirəsiniz...
- Azərbaycan Ağsaqqallar Şurasının ayrı-ayrı rayonlarda şöbələri var. Hazırda həmin şöbələr üzrə təşkilati işlər həyata keçirir, sədrlər və idarə heyətinə seçkilər keçiririk. Qeyd edim ki, Şura özünün Nizamnaməsini Ədliyyə Nazirliyinə təqdim edəndən sonra, nümunəvi əsasnamə hazırlayaraq rayon şöbələrinə tədim edib. Şuranın rayon şöbələrində keçirilən toplantılarda bu əsasnamələr təsiq olunur. Hazırda pandemiya ilə əlaqədar olaraq adamların toplanmasında məhdudiyyətlər var, üzvlərimizi tam şəkildə bir araya gətirə bilmirik. Müəyyən nümayəndə çağıra bilirik ki, onlar da tədbirdə maska və məsafə saxlanılmaqla iştirak edirlər. Deyə bilərəm ki, son toplantılarımız Lerik, Masallı, Mingəçevir, Tovuzda, ondan qabaq Ağstafa, Qazax, Oğuzda keçirilib. Bakıda yalnız Binəqədi rayonunda seçki keçirmişik. Biz rayonlarla işi qurtarandan sonra, Bakıda işimizi başlayacağıq. Bir də işğaldan azad olunmuş rayonlar üzrə nəzərdə tutulan tədbirlərimizi saxlamışıq. Gözləyirik, keçmiş qaçqınlar öz yurdlarına köçsünlər yerbə-yer olsular ki, onların da Ağsaqqallar Şurası seçilsin. Hesab edirəm ki, hazırda rayon şöbələri üzrə Ağsaqqallar Şurasına seçkilər çox normal gedir və bu işləri icra başçıları ilə əlaqəli şəkildə aparırıq. Düzdür, seçkilər məsləhətləşmələr şəklində aparılir. Azərbaycan Ağsaqqallar Şurası olaraq bütün Azərbaycanla bağlı, hətta xaricdə olan azərbaycanlı soydaşlarımızla da əlaqələr qururuq.
“Yaxşı alimdir, amma ağsaqqallıq edə bilmir”
- Deyərlər ki, allahsız yerdə otur, böyüksüz yerdə oturma. İnsanlarımız buna nə dərəcədə əməl edirlər?
- Çox rayonlarda, kəndlərdə olmuşuq, elə yaşımıza görə də çox hadisələrə şahidlik etmişik.
Allahdan qorxduğumuza görə, deyirik: “Allahsız yerdə oturma”. Deyirik ki, nə Allahsız yerdə otur, nə də böyüksüz. Allahsız da yaşamaq qeyri-mümkündür, çünkü O Yaradandır. Bizdə ağsaqqala çox böyük hörmət və ehtiram göstərilib. Şəxsən mən Bakı kəndlərindənəm, köküm də bura bağlıdır. Ona görə də uşaqlıqdan atamızın, babamızın yanında kimin necə oturmasını, durmasını, danışmasını görmüşük. Ailələr arasında bir münaqişə olarsa, həmişə ağsaqqalın gedib orada sözünü deməsi ilə məsələnin qurtardığını görmüşük. Ən çətin məsələdə “Filankəs gəlib, qurban olasan ona” deməklə məsələ bitib.
Həmişə görmüşəm ki, atam heç vaxt dayımın yanında papaqsız oturmayıb. Hələ 5-6 yaşlarında uşaq idim. Bir dəfə qapımız döyüldü. Qaçıb baxdım ki, dayım gəlib. Dedim, papa, dayım gəlib. Dedi, qaç papağımı gətir, qoyum başıma, dayının yanında ayıb olar. Demək istəyirəm ki, bu ənənələri görə-görə gəlmişik. İstər rayonda olsun, istər kənddə olsun, əlbəttə ki, asaqqalın sözü keçməlidir. Ağsaqqal, ağsaqqaldır. O da var ki, ağsaqqal nə yaşla, nə də başla deyi. Bəlkə o, yaxşı qocaman alimdir, yaxşı siyasətçidir, amma ağsaqqallıq edə bilmir.
“Parlamentdə də böyük-kiçiklik var”
- Eldar müəllim, siz Milli Məclisin deputatısınız və orada da Ağsaqqallar Şurasının üzvləri var. Siyasi davranış, düşüncə ilə bağlı Şuranın sözü deputatlar arasında necə keçərlidir? Ümumiyyətlə, sizin fəaliyyətiniz Milli Məclisin işinə nə dərəcədə öz təsirini göstərə bilir?
- Son vaxtlar Milli Məclisə savadlı, bacarıqlı 30-33 nəfər gənc deputat qrupu gəlib. Əksəriyyəti istedadlı cavanlardır. Mən Milli Məclisdə, həm də Hesablama Komissiyasının sədriyəm. Bəzən o gəncləri şəxsən dəvət edib söhbət edirəm. Biz onlara yol göstəririk ki, düzgün oturun, diqqətli danışın. Populist çıxışlar çox zaman bizim zərərimizə işləyə bilər. Deputatın ağzından çıxan kəlmə artıq ictimaiyyətindir. O mənada gənclərin düzgün istiqamət götürmələri üçün məsləhətlər veririk. Mən həm də Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının nümayəndə heyətinin rəhbəriyəm. Bu dəfə üç nəfər gənci nümayəndə heyətində yerləşdirdik. İndi pandemiya vaxtı olmasına baxmayaraq, onlayın görüşlər keçiririk. Bu onlayn toplantılarında o gəncləri, hətta öz masamızda oturduram. Onlara çıxış verirəm ki, təcrübə toplasınlar. Sabah xaricə gedəndə sözlərini düzgün deyə bilsinlər. Sabah ağzımızdan bir söz çıxaranda bizə deməsinlər ki, Azərbaycanın millət vəkillərinə bax, danışığını bilmir, ya davranışını bilmir. Yəni o şeyləri də nəzərə alırıq. Parlamentdə də böyük-kiçiklik var. Milli Məclisə, bayaq dediyim kimi, savadlı uşaqlar gəlib. Bir qədər parlamentin havasını götürməyəndə, çalışırıq ki, onları istiqamətləndirək. Başa düşürük ki, insanın da düşdüyü mühitə öyrənməsi üçün vaxt lazımdır. Məsələnin ən pis tərəfi budur ki, yeni deputatların gəlişi pandemiya vaxtına düşdü. Hərəkətlilik azdır. Məsələn, mən çox məmnuniyyətlə gözləyirəm ki, pandemiya qurtarsın və beynəlxalq tədbirlərə qatılıb ermənilərə sözümüzü deyək.
Məlumdur ki, erməni cəlladları Füzulidə 1 yaşlı Zəhranı, nənəsini öz həyətlərində güllələmişdilər. Vaxtilə ermənilər bizim qarşımızda oturanda, mən bunun hesabını onlardan soruşdum. Dedim, bu körpə uşağın nə günahı var idi?! Bu sual o tədbirdə hamının boğazını qurutmuşdu. Orada dedim ki, əgər bu uşağın günahı varsa deyin mənə, heç kəs cavab vermədi. Dedim, o uşağın tək günahı odur ki, o, azərbaycanlıdır. Ermənilər başladılar ki, “eta ne mi”, bunu edən Qarabağ erməniləridir-filan. Dedim ki, Qarabağ ermənilərinə də siz dəstək verirsiniz. Ermənilərin vəhşiliyi hər bir beynəlxalq toplantıda ifşa olunmalıdır.
“Çılğın deputatlar da var, nə gəldi danışır”
- Heç olubmu ki, Milli Məclisdə hansısa deputatı kənara çəkib demisiniz ki, belə olmaz...
- Bəli... İntizam Komissiyasında belə şeylər çox olub. İndi hamısını açıb demək olmur. Çılğın deputatlar da var, nə gəldi danışır. Sahibə xanım bir-ikisini cəzalandırdı. Bəzən belə də olur ki, insanın ağzından siyasi səhvlər çıxır. Diqqətli olmalıyıq. Belə bir misal da var, deyir, dil insanın həm dostudur, həm düşməni. Sözü deməzdən əvvəl fikirləşmək lazımdır.
- Ağsaqqalın da işi o barışı yaratmaqdır. Bu mənada sizin işinizin məsuliyyəti və çətinliyi nədədir?
- Əlbəttə, elədir. Ailədə də bir şey olanda, hamı ağsaqqala üz tutur. Məsələn, ailələr var ki, təzə evləniblər, tərəflər arasında qırğındır. Ağsaqqalı çağırırlar, tərəflərə öz məsləhətlərini verir və bununla da məsələ bitir. Mentalitetimizdə də var ki, ağbirçəyə, ağsaqqala hörmətlə yanaşırlar.
- Ağsaqqallar Şurasının hazırda nə qədər üzü var?
- İndi Şuraya həm idarə heyəti, həm də sədrlər seçilir. Dəqiq məlumat bundan sonra bilinəcək. Köhnə siyahı var, amma rəhmətə gedənləri, çıxanları, başqa ölkəyə gedənləri var. Baxıram ki, müxtəlif rayonlar üzrə itkilərimiz var. Köhnə siyahıya əsasən, ən azı, 300-400 üzvümüz var idi. Söhbət çoxluqdan getmir, əsas keyfiyyətli işin ortaya qoyulmasıdır. Faktiki olaraq hər qəsəbədə 1- 2 nəfər ağsaqqal olur, ən böyük rayonlarda da 10-18 qəsəbə var. Məsələn, Sabunçu rayonunun özündə 10 qəsəbə var. Orta hesabla götürəndə bu, kifayət qədər üzvümüzün olması deməkdir.
- Üzvləriniz hansı təkliflərlə, hansı məsələlərlə bağlı sizə müraciət edirlər?
- Çox müraciətlər olur. Məsələn, o gün Şuranın ofisinə gəlməzdən qabaq Əmək və Əhalinin Sosal Müdafiəsi naziri Sahil Babayevlə telefonla danışdım. Məndə bir məktub var. 85 yaşlı ağsaqqal yazıb ki, 3 aydır təqaüd almır. Bu barədə nazirlə danışdım, məlumat verdim. Həmin adama kömək olunacaq. Həmin ağsaqqalın özünə də zəng elədim. Bir az da zəngimdən təəccübləndilər.
Yaxud beynəlxalqdərəcəli idmançı, keçmiş hakim, hazırda təqaüddə olan Cavanşir Qurbanov var. O müəllim ev məsələsi ilə bağlı bizə müraciət eləmişdi. Mən də bu barədə hörmətli Hikmət Hacızadə ilə danışdım, onun da problemlərinin həllinə çalışırıq.
- Təkcə yaşlı insanlara dəstək olursunuz? Ümumiyyətlə, pandemiya şəraitində və Vətən müharibəsindən sonra hansı işləri görə bilirsiniz?
- Xeyr, köməyə ehtiyacı olan bütün insanlara yardım edirik. Məsələn, Novruz bayramında 122 şəhid və qazi ailələrinə müxtəlif adda bayram sovqatları, ərzaqlar apardıq, 12 qoyun kəsib payladıq. Bir-bir evlərinə getdik. Adi vətəndaşlar arasında 3 xəstəyə baş çəkdik. Müharibədə sağlığını itirən insanlar bizim Vətəni azad ediblər. Biz onlara nə qədər etsək də azdır. Otuz ildir mən bu torpaqların azad olunacağı günü gözləyirdim. Düzdür, müharibədə birbaşa iştirak etmirdik, ancaq ərzaq təminatında əlimizdən gələni əsirgəmirik. Mən vaxtilə Xankəndidə də olmuşam, gedib-gəlirdik, oradakı insanlara, əsgərlərə dəstək verirdik. O vaxt uduzmuş dövlət idik. Torpaqlarımız işğal olunmuşdu. Bu gün isə torpaqlarımızı azad edən o insanlara daha yüksək ruhla dəstək vermək lazımdır. Biz o dəstəyi imkan daxilində veririk.
- Bəllidir ki, insanlar məmurların bürokratik əngəlləri ilə üzləşdiyinə görə də əziyyt çəkirlər. Milli Məclisin deputatı olaraq insanların qarşılaşdığı problemlərin kökündən həlllinin qanunla tənzimlənməsi prosesində nə kimi addımlar atırsınız?
- Sözsüz ki, müraciətləri cavabsız qoymuruq. Hər bir müraciətə diqqətlə baxırıq. Bu gün şəxsən zəng edib həm nazirlə danışmışam, həm Prezidentin köməkçisi ilə danışmışam, həm müraciət edən ağsaqqalın evinə zəng edib özü ilə danışmışam - heç kəsə laqeyd yanaşmırıq. Mən məmurlara, deputatlara da həmişə deyirəm ki, siz vətəndaşları qəbul edin, onlara qulaq asın, kömək etməyə çalışın, alınmasa da cəhd edin. Əgər müraciət edibsə, deputat vətəndaşa diqqət ayırmalıdır. Biz baxmırıq hansı rayondan zəng edilib. Məsələn, mən Sabunçu rayonundan seçilmişəm, istəyir mənə Lənkərandan müraciət eləsinlər, istəyir Lerikdən; onları da dinləyir, əlimdən gələni etməyə çalışıram. Biz ictimai əsaslarla işləyirik. Şükür ki, özümüzün başqa iş yerlərimiz var, müxtəlif yerlərdən maaş alırıq. İmkan daxilində, əlbəttə ki, əl də tuturuq. Eləcə də “Yaşat” fonduna pul keçiririk, orduya pul köçürdük. Başa düşürük ki, pandemiya insanlara həm mənəvi, həm maddi çox pis təsir elədi. Ailələrdə itkilər oldu. Düzdür, dövlət tərəfindən rəhmətə gedənlərin ailələrinə, xəstəliyə yoluxanlara pul verilir, vaksinlər pulsz vurulur. Bir nəfər deyə bilməz ki, getdim, buna görə məndən pul istədilər. Düzdür, itkilər pulla əvəzlənmir. Yəni demək istəyirəm ki, dövlət də əlindən gələni edir. Bir şeyi də yaddan çıxarmaq lazım deyil ki, müharibədən yeni çıxmış dövlətik. Müharibəni udmaq üçün dövlətin maddi durumu da yaxşı olmaldır.
“Səfirimiz deyir, icazə verin, birinci nazirliklə danışım”
- Eldar müəllim, siz “Ağsaqqalar Şurası” deyəndə, Azərbaycanın adını xüsusi vurğuladız və dediniz ki, bu həm də xaricdə yaşayan azərbaycanlıların Şurasıdır. Bəs xaricdə yaşayan azərbaycanlılar sizə necə qoşulur? Bu çətin günümüzdə dünya azərbaycanlılarını ümumi işimiz naminə necə səfərbər edə bildiniz?
- Mən deyə bilmərəm ki, dünya azərbaycanlıları bu çətin günümüzdə bizə böyük dayaq oldular. Ermənilər xaricdə bir-birini daha çox tuturlar. Bizim böyük dərdimiz budur ki, dünya azərbaycanlıları ilə əlaqələrimiz qurulmur. Bizim ölkələrdə olan diasporalar zəifdir və bir-birləri ilə əlaqələri yoxdur. Bu yaxınlarda Milli Məclis, Xarici şlər Nazirliyi və Prezident Aparatının rəsmi nümayəndələrinin iştirakı ilə böyük bir onlayn toplantı oldu. Orada müəyyən müzakirələ keçirildi. Təklif oldu ki, bir koordinasiya mərkəzi yaradılsın. Mən də bu fikri əlavə etdim ki, həmin koordinasiya mərkəzinə bizim diaspor mərkəzindən də nümayəndələr qatılsın. Bunu əbəs yerə demirəm. Uzun müddətdir xarici ölkələrə gedib-gəlirəm, beynəlxalq təşkilatlarla əlaqədə oluram. Məsələ burasındadır ki, erməni diaspor təşkilatları hamısı orada birdir. Biz isə orada azərbaycanlıları bir yerə yığa bilmirik. 2-3 günlük xaricə səfərlər zamanı öz hesabımıza belə diaspora təşkilatları ilə görüşmək, “dəyirmi masa”lar keçirmək istəyəndə, oradakı səfirimiz deyir ki, cənab deputat, icazə verin, birinci nazirliklə danışım. O nazirliklə əlaqə saxlayıb danışana qədər bizim səfər vaxtımız bitir.
Nazirimiz Ceyhun müəllimə də müraciət elədim ki, səfirliklərimizə sadə məsələlərlə bağlı bir qədər müstəqillik verilsin. Əgər səfir burada Azərbaycanı təmsil edirsə, belə məsələlərdə müstəqil olmalıdır. Sonra görürsən ki, diasporalarımız, xaricdə yaşayan azərbaycanlılar bir-birləri ilə yola getmirlər. Türk diasporaları çox mehriban davranırlar. Bizimkilər isə deyir ki, “Əhməd Vəli” ilə danışmır, “Əli Əhmədlə”. Niyə, nəyi bölüşə bilmirsiz axı?..
- Xaricdə yaşayan, hətta Türkiyədə yaşayan azərbaycanlılardan belə narazılıqlar gəlir ki, ümumiyyətlə səfirlikllər azərbaycanlıların hər hansı bir problemi ilə bağllı onlara heç bir dəstək vermir, onlarla görüşmək istəmirlər. Soydaşlarımız deyirlər ki, səfirlikərin bu istiqamətdə işi qənaətbəxş deyil. Bu barədə nə deyərdiniz?
- Səfirliklər o dərəcədə də bərbad vəziyyətdə deyil, onları da başa düşmək lazımdır. İşləyirlər, amma bir qədər çəkinə-çəkinə. Mən bir dəfə Fransada Qarabağla bağlı kitab çıxarmaq istədim. Elmlər doktoruyam, professoram. O kitabı çıxarmaq üçün çox yerləri gəzdirdim, pul da təklif elədim. Apardılar, sonra pulumu da qaytardılar ki, biz bunu çıxara bilmərik. Dedim, biz bunu tək Azərbaycan adı ilə çıxarmırıq, burada bütöv dünya alimlərinin ermənilər haqqında dediyi faktlar və tarixi haqda danışılır. Qorxudan eləmədilər, dedilər çıxarsaq, ermənilər mətbəəni yandırarlar.
Siz görmüsünüz ki, bir erməni otursun xaricdə, öz dövləti haqqında nəsə pis söz desin? Xaricdə oturanlarımız öz dövlətimiz haqqında cürbəcür pis sözlər deyirlər. Xaricdə oturub boş-boş danışmaqla sən milləti niyə ayağa verirsən? Bu, millətdir, bu, dövlətdir, kiminsə əmlakı deyil. Ermənilər olmayan yerdən özlərinə dövlət yaradıblar. Bizim o boyda tariximiz var, onu təbliğ etmək əvəzinə, başqa lazımsız işlərlə məşğul olurlar.
Bu yaxınlarda Niderland Parlament qrupunun sədri ilə görüşdüm. Ona bildirdim ki, siz 44 günlük müharibədən sonra üç ayda Azərbaycan haqqında 13 dənə qərəzli qərar qəbul eləmisiniz. Ona bəzi sənədləri təqdim edib bildirdim ki, məgər Niderland Parlamentinin Azərbaycandan başqa dərdi yoxdur? Sənədlərə, üzümə baxır və bildirir ki, ermənilər deyiblər ki, guya onlar əsrlərboyu Azərbaycanda yaşayıblar, biz isə gəlməyik. Dedim, mən nəslimi 500 ildir tanıyıram. Kim mənə deyə bilər ki, bura sənin torpaqların deyil, mən gəlməyəm. Biz köklü-nəsilli buralıyıq və ermənilər Azərbaycan torpaqlarına köçürülüblər.
- Xarici ölkələrdə Azərbaycanın haqq işi ilə bağlı təbliğatımızı qurmaq üçün lobbiçilik siyasəti mühüm amil hesab olunur. Bu mübarizəyə haradan başlamalıyıq? Xaricdə vəziyyətin istədiyimiz hala gəlməsi üçün Ağsaqqallar Şurası olaraq bu prosesə təsir edə bilirsinizmi?
- Lobbiçiliyi qaldırmaq üçün təkcə mən yox, siz yox, hamılıqla işləməliyik. Lobbiyə kömək eləməliyik, lobbidən kömək almalıyıq. Azərbaycandan kənardakılara kömək eləməliyik, onlar da zamanı gələndə Azərbaycana kömək eləməlidirlər. Lazım olanda onlar küçələrə çıxmalı, düşmən qüvvələrə etiraz etməli, öz ölkəsinə dəstəyini verməlidir.
Bir dəfə rəhmətlik Heydər Əliyev bu barədə danışdı. Dedi, mən nə vaxt xaricə gedirəm, ermənilər yığılıb gəlir, əleyhimə çıxış edirlər. Ermənistanın prezidentləri bir yerə gedəndə orada bir nəfər azərbaycanlı çıxıb, ermənilər haqqında bir söz demir. Bu söz mənim yadımdan çıxmır. Ağsaqqalın dediyində böyük həqiqət var idi. Ermənistan işğalçı ola-ola onlar xaricdə yalançı şüarlarla, plakatlarla Azərbaycana etiraz edirlər. Sarkisyan, Köçəryan xarici ölkələrə gedib Qarabağa iddia edəndə bizimkilər çıxıb erməniyə etirazını bildirməyə tənbəllik edir. Bizim diasporanın, xaricdə yaşayan soydaşlarımızın təşkilatlanmasına ehtiyac var.