“Ailə-kəndli təsərrüfatlarının xarici bazarlara çıxışı üçün yeni modellərə ehtiyac var” – Ekspert

11:56 13.05.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan Respublikasında iqtisadi artımın prioritet istiqamətlərindən biri olan kənd təsərrüfatı məhsullarının istehsalı və ixracının genişləndirilməsidir ki, bu sahədə əmək ehtiyatlarının 36.3%-ə qədəri cəmlənib. Koronavirus epidemiyası iqtisadiyyatın bütün sahələrinə təsir etdiyi kimi, kənd təsərrüfatı sahəsinə də təsirsiz ötüşmür. Çünki iqtisadi fəal əhali sağlamlıq tədbirləri çərçivəsində maksimum əmək potensiallarını ortaya qoya bilməyib. May ayının 4-nə kimi rayonlarda və kəndlərdə ciddi karantin tədbirləri bunu deməyə əsas verir. Həyata keçirilən karantin tədbirləri Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan vətəndaşlarının sağlamlığı onların əmək fəaliyyətindən dəyərlidir”.

Bunu hafta.az-a açıqlamasında iqtisadçı ekspert Sənan Yahya deyib. Ekspertin sözlərinə görə, Azərbaycanda kənd təsərrüfatı istehsalçıları, əsasən, ailə təsərrüfatı və müəssisələrindən ibarətdir. Bu sahə dinamik inkişaf prosesindədir: “2000-2018-ci illərin statistik rəqəmlərini misal göstərmək istəyirəm. Ümumi kənd təsərrüfatı  sektoru 2000-ci illə 2018-ci ilin müqayisəsində  6.3 dəfə artıb. 2018-ci ildə istehsal olunan 7010,0 mln manatlıq məhsulun kənd təsərrüfatı müəssisələrində 660.9 mln manatı, ailə-kəndli  təsərrüfatlarında 6349.1 mln manatlıq məhsul istehsal olunub. Demək olar ki, ailə-kəndli təsərrüfatlarında olan istehsal müəssisələrin istehsalından 9 dəfə çoxdur. Ölkə üzrə istehsal olunan məhsulların əksəriyyəti fiziki şəxs statusu olan ailə təsərrüfatları tərəfindən istehsal olunmasının müsbət tərəfi var. Ərzaq bazarı çoxsaylı məhsul istehsalçıları tərəfindən tutulur ki, bu da bütövlükdə daxili bazarda yerli istehsal azad rəqabət şəraitində formalaşmasını özündə əks etdirir”.

Ekspert onu da əlavə edib ki, koronavirus epidemiyası onsuz da satış və ixrac problemləri olan ailə-kəndli təsərrüfatlarına mənfi təsir edir: “1-ci növbədə iaşə obyektlərinin fəaliyyətini dayandırması, 2-ci iş yerlərinin karantin rejimi ilə əlaqədar tam fəaliyyətlərinin bərpa olunmaması səbəbilə insanların gəlir mənbələrinin azalaraq, alıcılıq qabiliyyyətinə mənfi təsiri. 3-cü xarici bazarlarda yaradılan koronavirusla bağlı idxal qaydalarıdır”.

Sənan Yahya bildirib ki, Azərbaycanda kənd təsərrüfatı və ərzaq mallarının xarici ticarət dövriyyəsinin təhlili göstərir ki, bu sahəni inkişaf etdirmək üçün başqa sahələrlə müqayisədə potensial daha çoxdur: “Təbii coğrafi və iqlim faktorları bu potensialı formalaşdırmağa stimul verir. Lakin Azərbaycan Respublikasında bu potensial tam aşkarlanmayıb. Kənd təsərrüfatı məhsullarının idxal - ixrac dinamikasının saldosu bunu göstərir. 2018-ci ildə 688.3 milyon dollarlıq kənd təsərrüfatı və ərzaq malları ixrac edilib. Eyni zamanda 1562.3milyon dollarlıq kənd təsərrüfatı və ərzaq malları məhsul idxal olunub. -874.0 milyon dollar mənfi saldo yaranıb. Bu kənd təsərrüfatı sektorunda ixrac problemlərinin olduğunu təsdiq edən bir rəqəmdir. Eyni zamanda kənd təsərrüfatının inkişafı üçün daxili bazarın real potensialını təsdiq edən rəqəmlərdir. Apardığımız araşdırmalar göstərir ki, müəssisələr səviyyəsində ixrac problemləri çox kiçikdir. Lakin ailə-kəndli təsərrüfatlarının ixrac problemləri sadə müşahidələrlə  təsdiqlənir”.

İqtisadçının sözlərinə görə, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, bazarlarda məhsul təklifi daha çox böyük şirkətlər tərəfindən həyata keçirilir: “Bu halda, müəssisələrdə istehsalın təşkili ilə bağlı xərclər nisbətən aşağı düşür və son nəticədə istehsala çəkilən ümumi xərclərin aşağı düşməsinə gətirib çıxarır. Ümumi xərclər aşağı olduğu şəraitdə təbii ki, qiymət səviyyəsi digər müəssiələrlə müqayisədə aşağı olur. Nəticədə məhsulların ixracına müsbət təsir edir. Son on ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafı sahəsində həyata keçirilən mühüm islahatlardan biri “Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 16 aprel tarixində imzaladığı fərmana müvafiq olaraq, aqro-parkların yaradılması” layihəsidir. Aqroparkların hamısı tam istifadəyə verildikdən sonra əmək ehtiyatlarından səmərəli istifadə edilməklə, yüz milyonlarla manat dəyərində məhsullar istehsal olunacaq. Bu məhsullar isə həm idxal əvəzləyici, həm də ixracyönümlü olmaqla, ümumi daxili məhsulun artımına müsbət təsir göstərəcək. Azərbaycan Respublikasında kənd təsərrüfatı sahəsində rəqabətədavamlı məhsul istehsal edilməsi sahəsində aqro parkların yaradılması, ixracın stimullaşdırılması və subsidiyalaşma tədbirləri nəticəsində müsbət nəticələr əldə edilməkdədir. Kənd təsərrüfatı və ərzaq mallarının ixracı 2017-ci il ilə müqayisədə 2018-ci ildə ixrac 46.4 milyon dollar artıb. Ölkədə həyata keçirilən tədbirlərin gələcəkdə kənd təsərrüfatı sektorunda ixracın artırılması və rəqabətə davamlılığının təmin edilməsinə hesablanıb. 2018-ci ildə bitkiçilik məhsullarının ixracında rəqabətə davamlılıq əldə olunub. Sonda onu qeyd etmək istəyirəm ki, kənd təsərrüfatının inkişafı və regionların sosial iqtisadi inkişafı çərçivəsində ailə-kəndli təsərrüfatlarının gəlir vergisindən azad edilməsi, ixracına verilən dəstəklər, subsidiya təminatı məhsul istehsalını stimullaşdıran önəmli dövlət dəstəyidir. Düşünürük ki, bu tədbirlərlə paralel ailə-kəndli təsərrüfatlarını, xüsusilə xarici bazarlara çıxması istiqamətində yeni modellərin qurulmasına ehtiyac var. Ailə-kəndli təsərrüfatlarının gəlirləri artdıqca daha çox istehsala maraq göstərəcəklər”.