Son illər Albaniyada minlərlə qız uşağının doğulmasının qarşısı abortlar vasitəsilə alınıb. Oxşar vəziyyət Balkanların digər ölkələrində də yaşanır. Bu o deməkdir ki, kişilərin üstün dəyərlərə malik olduğu bir bölgədə qız uşaqları dünyaya gətirmək arzuolunmazdır.
Hafta.az-ın yazdığına görə, əsl adını açıqlamaq istəməyən, lakin təxəllüsündən istifadə edən Lina, “Ərim dördüncü övladımızın qız olacağını biləndə az qala məni öldürəcəkdi. Həyatımı riskə atmağa hazır idi. Bu uşağın dünyaya gəlməsinin qarşısını alınmalıydı” deyib.
Abort üçün lazım olan ay keçmişdi. Buna baxmayaraq, Lina özəl klinikaya müraciət edib və pis sanitar şəraitdə abort etdirib. Lina "Üç ildir ki, reproduktiv sistemimdə problemlər var və bu vəziyyət məndə də psixoloji problemlər yaradır" deyib.
Birləşmiş Millətlər Təşkilatı Əhali Fondunun (UNFPA) Tirana nümayəndəsi Manuela Bello AFP-yə deyib ki, Albaniya son on ildə bu olla 21 min qız uşağı itirib. Bello sözlərinə belə davam edib: “Valideynlər dölün qız olduğunu öyrəndikdə, müxtəlif səbəblərdən dünyaya gətirməkdənsə, abort etməyi seçirlər”.
BMT-nin Tirandakı ekspertlərinin fikrincə, ilk uşaqlarının qız olduğu ailələrdə qadın dölünün abort nisbəti dörddə birə bərabərdir.
2000-2020-ci illər arasında Albaniya kişi və qadın doğumları arasındakı fərqə görə dünyada dördüncü yerdə qərarlaşıb. Birləşmiş Millətlər Təşkilatının statistikasına görə, Albaniyada orta hesabla hər 100 qıza 111 oğlan uşağı düşür.
Lakin aparılan maarifləndirmə kampaniyaları sayəsində bu boşluq azalıb. Albaniya Statistika İnstitutunun dərc etdiyi "Kişilər və Qadınlar 2023" hesabatına əsasən, 2022-ci ildə 24688 doğulan uşaq arasında 100 qız uşağı ilə müqayisədə 107 oğlan doğulub.
Genderə görə seçilən abort modelinə sahib olan Hindistanda bu nisbət 2021-ci ildə 100-ə qarşı 108 idi.
London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin Demoqrafiya şöbəsinin professoru Arjan Gjonça qeyd edib ki, rəqəmlər hələ də hər 100 qıza təxminən 105 oğlan doğulduğu bioloji orta göstəricidən yüksəkdir.
1990-cı illərin əvvəllərində kommunizmin süqutu ərəfəsində Albaniyada abort qanuniləşdirilib. Hamiləliyin on ikinci həftəsinə qədər aborta icazə verilir. Sonrakı aylarda əgər abort müalicə məqsədi daşıyırsa, adətən yalnız dölün anomaliyası və ya ana üçün risk olduğu hallarda üç həkimin imzası ilə arayış təqdim edilməklə verilir.
2002-ci ildən bəri qanun prenatal seçimi qadağan edir. Bununla belə, Tirandakı mama və ginekoloq Dr. Rubina Musayu deyir: “Dölün cinsiyyətini aşkarlamağı asanlaşdıran yeni texnologiyaların çoxalması, dölün məhz qız olduğu üçün aborta müraciət edildiyini isbatlamağı çətinləşdirib”.
Hamiləliyin yeddinci həftəsində 90 faizə qədər etibarlılığı olan sadə qan testi dölün cinsi haqqında fikir vermək üçün kifayət etsə də, həkimlər bu analizi reseptsiz həyata keçirən özəl laboratoriyalara ciddi nəzarət edilməsini istəyirlər.
AFP-nin xəbərinə görə, UNFPA-nın Albaniyadakı ofisi ictimaiyyətlə yanaşı, hakimiyyətin də diqqətini cəlb etmək üçün aylar əvvəl maarifləndirmə kampaniyasına başlayıb. Bölgədəki ekspertlər bəzi Balkan ölkələrində dölün cinsinə görə abortların sosial baxımdan məcburi seçim olduğu qənaətindədirlər.
Tiranada yaşayan tədqiqatçı, jurnalist və qadın hüquqları müdafiəçisi Anela Hoxhanın fikrincə, bunun birinci səbəbi kişini “ailənin sütunu”, qız uşağını isə “yük və ya zəif cinsin nümayəndəsi” kimi görən ənənəvi mentalitetdir”.
UNFPA-nın Tirandakı ofisində AFP-yə müsahibə verən Maria (adını dəyişib) deyib: “Qayınanam və ərimin qohumları üçüncü uşağımın qız olacağını biləndə çox üzüldülər. Qayınanam hətta məni şəxsi evdə abort etdirməyi də təklif etdi”.
Lakin Maria nəhayət qızını dünyaya gətirmək qərarına gəlib və bu qərardan özünü xoşbəxt hiss edir.