“Müharibədən sonra ANAMA-ya iş üçün müraciət edənlərin sayı çox olub”.
Bunu hafta.az-a ANAMA-nın Təlim və keyfiyyətə təminat şöbəsinin baş mütəxəssisi Musa Məmmədov deyib. O bildirib ki, onlar müxəlif kateqoriyadan olan şəxslərdir: “Həmin şəxslərin bir çoxu müharibəyə getmək üçün könüllü müraciət etsələr də, çağırılmayıblar və burada işləməyi Vətən borcu kimi görürlər. Mütəmadi olaraq edilən müraciətləri dəyərləndirir, uyğun şəxslərlə iş görüşləri keçirir və qeydiyyata alırıq”.
O, ANAMA-da minaxtarma işi üçün seçim meyarlarını da açıqlayıb: “Həmin şəxslər 40 yaşa qədər, sağlam olmalı, hərbi xidmət keçməli, məhkumluğu olmamalıdır. Bunları təsdiqləyən sənəd və arayış tələb edilir. Sənədləri təqdim edənləri iş görüşünə dəvət edirik. Sınaqlar keçirilir və bundan sonra onlar işə dəvət olunur. Kurs müddətində onlara ümumilikdə minalarla necə işləmək lazım olduğu, təhlükəsiz şəkildə necə aşkarlamaq, xəsarət alanlara ilk tibbi yardım öyrədilir. Əlavə olaraq döyüşlər vaxtı müxtəlif partlamamış hərbi sursatlarla çirklənmiş ərazilər barədə məlumat verilir. Kursu müvəffəqiyyətlə bitirmiş şəxlər 3 aylıq müddətdə ANAMA-ya işə götürülür. Burada özünü doğruldanlar isə ANAMA-nın tamhüquqlu üzvü olurlar. Sınaq müddəti nisbətən az təhlükəli ərazilərdə aparılır. Kurs müddətində müdavimlər nəzəri və praktiki imtahanlara cəlb olunurlar”.
M.Məmmədov vətəndaşlara bir daha müraciət edib: “Vətəndaşlar təhlükəli ərazilərlə bağlı məlumatlara, xəbərdaqlıqlara ciddi yanaşsınlar. Təəssüf ki, müharibədən sonrakı dövrdə mülki şəxslərin mina qurbanı olduğunu eşidirik. Müharibənin bitməsindən bu günə qədər 29 nəfər mülki şəxs mina qurbanı olub, 44 nəfər isə müxtəlif xəsarətlər alıb. ANAMA təlim və təmizləmə prosesi ilə yanaşı, işğaldan azad olunmuş ərazilərdə öz xidməti vəzifəsi ilə əlaqədar işə cəlb olunan qurumların əməkdaşlarının maarifləndirmə işinə də cəlb olunub. Plan üzrə bu işlər mütəmadi həyata keçirilir. Təəssüf ki, daha iki vətəndaşın mina qurbanı olduğunu eşitdik. Araşdırmaya görə, onlar düşmənlərin tələ şəklində qurduğu minanın qurbanı olub. Bir daha qeyd edirəm ki, işğaldan azad olunmuş ərazilərdə təhlükəni dərk etmək lazımdır. Mütəxəssislərin təhlükəsizliyə zəmanət vermədiyi ərazilərə qətiyyən daxil olmaq olmaz. Təhlükə ilə rastlaşdıqda, heç bir müdaxilə etmədən xəbər verməlidirlər”.