AQTA “Rosselxoznadzor”la yeni saziş layihəsi üzərində iş aparır

17:48 01.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti tərəfindən (“Rosselxoznadzor”) idxal tələblərinə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) məlumat daxil olub.

Hafta.az-ın xəbərinə görə, bu barədə AQTA-nın İdxal və ixraca nəzarət şöbəsinin müdiri Orxan Mikayıl bildirib.

Onun sözlərinə görə, dəyişiklikdə Azərbaycanda istehsal olunan və Rusiyaya ixrac edilməsi nəzərdə tutulan aqrokimyəvi vasitələr və pestisidlərlə bağlı müvafiq məlumat öz əksini tapıb:

“Bu nəzarət artıq “Rosselxoznadzor”un səlahiyyətlərinə aid edilib. Federal Xidmətlə ötən gün keçirilən görüş zamanı bu prosedurun ikitərəfli şəkildə tənzimlənməsi üçün növbəti addımların atılması istiqamətində razılıq əldə edilib. Biz hazırda yeni saziş layihəsi üzərində danışıqlar aparırıq. Bu saziş layihəsi qüvvəyə mindikdən sonra ikitərəfli şəkildə bu prosesi icra edəcəyik. Söhbət ondan gedir ki, Azərbaycandan Rusiyaya ixrac edilməsi nəzərdə tutulan aqrokimyəvi vasitələr və pestisidlərin Rusiyada qeydiyyatda olması ilə bağlı məlumatlı olmalıyıq. AQTA tərəfindən qeydiyyatda olan məhsulların, pestisidlərin və aqrokimyəvi vasitələrin ixracına icazə veriləcək. Bununla yanaşı, AQTA tərəfindən həmin pestisidlər və aqrokimyəvi vasitələrdən nümunələrin götürülüb müvafiq analizlərə cəlb edilərək Rusiyanın tələbinə uyğun olaraq onların uyğunluğunun təyin edilməsi həyata keçiriləcək”.

Şöbə müdiri qeyd edib ki, bu qanun layihəsindəki digər məqam Azərbaycanda bitki və bitki məhsulu istehsalçılarının istifadə etdiyi pestisidlər və aqrokimyəvi vasitələrlə bağlıdır: “İstifadə edilən bu pestisidlər və aqrokimyəvi vasitələr mütləq şəkildə Azərbaycanda qeydiyyata alınmış və istifadəsinə icazə verilmiş pestisidlər və aqrokimyəvi vasitələr siyahısına daxil olmalıdır. Onların istifadə norması qanunvericiliyə uyğun olmalıdır. Saziş layihəsi təsdiq edildikdən sonra hər iki dövlət qarşılıqlı olaraq qeydiyyatda olan pestisidlərin və aqrokimyəvi vasitələr haqqında məlumatları bir-biri ilə paylaşacaq. Bunun əsasında da əməkdaşlıq aparılacaq. Hadisələri qabaqlamaq istəmirik. Bu qanun layihəsinin qüvvəyə minməsindən sonra yeni saziş layihəsi üzərində işlər gedir, bu da yekunlaşandan sonra daha ətraflı məlumat vermək mümkün olacaq”.