Azərbaycan hüquq-mühafizə orqanlarının əlinə düşən kimi onun yeri həbsxanadır...
Azərbaycanın sabiq baş diplomatı Tofiq Zülfüqarovla hafta.az üçün budəfəki söhbətimizdə iyunun 15-i səhər saatlarında Gorus-Xankəndi-Laçın yolunun Azərbaycan-Ermənistan sərhədindən keçən hissəsində, Həkəri çayının üzərindəki sərhəd-buraxılış məntəqəmizə silahlı hücumdan sonra keçmiş Dağlıq Qarabağ ətrafı və Ermənistanla sərhəddə yaranmış durum, həmin təxribatın nə məqsədlə törədilməsi və ondan hansı tərəflərin qazanması, həmçinin Avropanın nüfuzlu "EU Reporter" analitik portalının Putinin Qarabağdakı milyarder “desant”ı Ruben Vardanyanı yalnız Azərbaycan, Güney Qafqaz və Ukrayna üçün deyil, Avropa İttifaqı üçün də təhlükə adlandırması, eləcə də Azərbaycanın Vardanyanı zərərsizləşdirmək imkanları və s. haqda danışdıq.
– Məlum olduğu kimi, iyunun 15-i səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən “Laçın” sərhəd-buraxılış məntəqəsi snayperlər silahlardan atəşə tutulub və nəticədə sərhədçilərimizdən biri yaralanıb. Bundan sonra Azərbaycan həmin məntəqə vasitəsilə Xankəndinə və geri hərəkəti dayandırıb. Nəticədə, Ermənistan və Qarabağdakı revanşist, işğalçı, separatçı-terrorçu xislətli hayklar həmişəki adətlərinə uyğun olaraq, Azərbaycanın Qarabağdakı soydaşlarını tamamilə “blokadada” saxladıqları haqqında haray-həşir qaldırırlar. Bu olaydan sonra keçmiş Dağlıq Qarabağ ətrafı və Ermənistanla sərhəddə yaranmış durumu necə xarakterizə edərdiniz?
– İndiki vəziyyət, əgər onu hüquqi baxımdan da təhlil etsək, çox mürəkkəbdir. Birincisi, onu qeyd etmək lazımdır ki, biz Ermənistanla aramızdakı xəttə şərti sərhəd deyirik, amma əslinə qalsa, o, sərhəd yox, təmas xəttidir. Həm hüquqi, həm də praktik baxımdan da bu, hələ sərhəd deyil, təmas xəttidir və onun ətrafındakı şərait də real olaraq təmas xəttinin şəraitidir. Orada atəşkəsin pozulmasının formaca keçmiş Dağlıq Qarabağ daxilindəki erməni silahlıları ilə təmas xəttində pozulması ilə prinsipial fərqi yoxdur. Bu da Ermənistan tərəfindən əsası qoyulmuş 35 illik münaqişənin məntiqidir. Əslinə qalsa, indi həmin münaqişənin, daha doğrusu, deyilən müddətdə Ermənistanın ortaya qoyduğu mövqe nəticəsində, qondarma “Miatsum” layihəsi nəticəsində belə bir vəziyyət yaranıb. Həmin durum da ondan ibarətdir ki, Ermənistan bizə rəsmən ərazi iddiaları irəlü sürüb. Digər tərəfdən, öz sərhədlərini ləğv edib. Nəticədə, “Ermənistan” deyilən məkanın Azərbaycanla dəqiq sərhədləri bilinmir. Ermənilərin təqdim etdikləri sonuncu versiyaya görə, biz sərhədləri 1975-ci il xəritələrinə uyğun müəyyən etməliyik. Nəyə görə məhz 1975-ci il? Bəlkə Paşinyan həmin ildə doğulub, ona görə? Bilinmir...
– Ermənistanın, o cümlədən baş nazir Nikol Paşinyanın sərhədlərin keçmiş SSRİ Ordusu Baş Qərargahının 1975-ci ildə tərtib etdiyi xəritələr əsasında müəyyənləşdirilməsində israr etməsi məhz həmin xəritələrdə daha çox Ermənistan ərazisinin guya Azərbaycanın nəzarətində olması ilə əsaslandırılır...
– Bütün hallarda hazırda hüquqi baxımdan beynəlxalq ictimaiyyət üçün “Ermənistanın ərazi bütövlüyü” və “Azərbaycanın ərazi bütövlüyü” deyilən anlayış yoxdur. Bir cəhd olub ki, 1991-ci ildəki Alma-Ata deklarasiyasını əsas götürək, o da alınmır. Məlum səbəblərə görə... Ermənistan sənədlərdə bundan imtina edib. Şifahi olaraq həmin ildəki Azərbaycan sərhədlərini tanıyır, amma rəsmi olaraq imtina edir. Hazırda Azərbaycan o mövqeyə yaxındır ki, Azərbaycan və Ermənistan Sovet İttifaqını təşkil edərkən həmin ittifaqa hansı real xəritələrlə daxil olublarsa, bu gün də sərhədlərin delimitasiya və demarkasiya prosesində həmin xəritələr əsas götürülsün. Beləliklə, hüquqi baxımdan 1920-ci illə 1975-ci il arasında qalmışıq. Praktik baxımdan isə daha bərbad vəziyyət yaranıb. Paşinyan şifahi olaraq bəyan edir ki, mən keçmiş Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyıram. Bəs praktiki durum nədən ibarətdir? Ermənistan büdcəsindən Xankəndidəki separatçı rejim üçün pul ayrılır və orada Araikin, Qurgenin, dırnaqarası “nazir”lərin, “parlament” üzvlərinin, hərbçilərin, “polis”lərin və s. hamısının maaşları ödənilir. Deməli, belə çıxır ki, həmin şəxslər, o cümlədən Arayik, Qurgen faktiki olaraq Ermənistan hökumətinin məmurlarıdır. Belə bir vəziyyətdə də bizə təklif edirlər ki, gedin onlarla danışıqlar aparın. Deməli, işğal davam etdirilir. İndi bu vəziyyətdə danışıqlar nəyi göstərir? Onu göstərir ki, Ermənistan 2020-ci ilin 44 günlük müharibəsindən sonra həmin savaşdan öncəki siyasətini aparmaq niyyətindədir. Hansısa ölkə özünə qarşı belə bir mövqe ilə razılaşa bilər? Ələlxüsus da son müharibədə işğalçı Ermənistanı məğlub etmiş Azərbaycan kimi ölkə. Ona görə sülh danışıqlarının nəticəsi də sual altında qalmaqdadır.
– Azərbaycan, artıq iki il yarımdan çoxdur uzanan həmin sülh prosesində iştirakını niyə davam etdirir?
– Azəbaycan bilir ki, artıq Ermənistanın Rusiyanın dəstəyini almaq imkanı yoxdur, bu və ya digər şəkildə Qərbin himayəsi altına keçmək niyyətindədir. Bu halda ortaya sual çıxır: Qərb ölkələri Ermənistana lazımi şəkildə təsir etməlidir ki, o, öz siyasətini beynəlxalq qanunlara uyğun olaraq həyata keçirsin. Bəs Qərb, yəni Avropa, ABŞ buna nail ola biləcəkmi? Onlar buna nail olsa, Azərbaycan-Ermənistan arasında sülh sazişi imzalana və sülh yarana bilər. Yox, əgər nail ola bilməsələr, təbii ki, Azərbaycan tərəfi bu işğal faktı ilə razılaşa bilməz və razılaşmayacaq...
– İcazə verin, qayıdaq konkret Laçın sərhəd-buraxılış məntəqəsindəki son təxribata. Yaranmış durumda bir sıra şərhçilər iddia edirlər ki, Laçındakı sərhəd-buraxılış məntəqəsinə qarşı təxribatı Ermənistan tərəfi törədib. Bəs əgər nəticəsi Qarabağa gedib-gəldikləri yolun tam bağlanması oldusa, həmin təxribatın Ermənistana nə faydası? Rəsmi İrəvan, Paşinyan hökuməti bundan nə qazandı, hansı siyasi dividentləri əldə etdi? Bəlkə bu təxribat hansısa üçüncü tərəfin, məsələn, Rusiyanın təhriki ilə törədilib?..
– Hesab edirəm, bu, ermənilərin həmişəki təxribat taktikasıdır. Onlar bəzən özlərinə kiçik zərər vuran bir iş görməklə təxribat törədib, gələcək planlarını həyata keçirmələrinə şəraiti yetişdirə biləcək böhran mühiti yaratmağa çalışırlar. 1988-ci ildə Sumqayıtda özləri özlərinə qarşı qətliam aparmadılar?.. Yəni indiki halda diqqət edin: 2023-cü il aprelin 23-dən Laçındakı sərhəd-buraxılış məntəqəsi yaradılandan sonra ermənilər oradan rahat şəkildə keçib Qarabağdan Ermənistana gedib-gəlirdilər. Azərbaycan tərəfi də orada müvafiq çəkilişlər aparırdı, onlayn rejimdə gediş-gəlişi nümayiş etdirirdi. Bütün dünya da müşahidə edirdi ki, Azərbaycan öz sərhədində qanuni nəzarət-buraxılış məntəqəsi qurub və ermənilər də rahatca gedib-gəlirlər. Belə bir durumda ermənilər gördülər ki, artıq Laçında sərhəd-buraxılış məntəqəsinin yaradılmasına etirazlarına beynəlxalq ictimaiyyət ciddi reaksiya vermir və belə getsə, Azərbaycan bu yolla bütün Yuxarı Qarabağda da öz istəklərinə nail olacaq. Ona görə də sərhəd məntəqəmizə atəş açmaqla təxribat törətdilər ki, Azərbaycan tərəfi də buna qarşılıq olaraq Laçın yolundan keçidə tamamilə qadağa qoysun. Onlar da bunu bəhanə edərək haray-həşir qaldırdılar ki, görürsünüz, Azərbaycan indi Qarabağdakı erməniləri tamamilə blokadada saxlayıb. Bəs Azərbaycan-Ermənistan sərhədində hansı üçüncü tərəf maraqlıdır? Demək olar ki, münaqişənin uzanmasını istəyən bütün tərəflər. Rusiyadan İranadək, Fransayadək və s. və i.a...
– Bəs ABŞ, Avropa İttifaqı necə? Onlar da münaqişənin uzanmasını istəyir?
– Amerika da, Avropa İttifaqı da deyir ki, gedin Qarabağdakı ermənilərlə danışın. Biz kiminlə danışaq? Xankəndidəki Ermənistan məmurları ilə? Bilirsiniz, dəlixanada da biri deyir mən “Napoleon”am, o biri deyir “Lenin”əm, başqa biri deyir “Stalin”əm. Amma həmin dəlilərə maaş verilmir axı. Qarabağdakı Araik Arutyunyan deyir ki, mən “prezident”əm, Qurgen Nersisyan deyir ki, mən “dövlət naziri”yəm və Ermənistan, Paşinyanın başçılıq etdiyi hökumət faktiki olaraq onlara maaş verir. İndi, biz gedib İrəvandan maaş alan həmin “dəli”lərlə danışmalıyıq?.. Belə vəziyyətdə biz Qərbə də, Rusiyaya da konkret şəkildə deməliyik ki, bir baxın, görün, Azərbaycana kimlərlə danışıq aparmağı təklif edirsiniz.
- Avropanın nüfuzlu "EU Reporter" analitik portalı “Aİ üçün təhlükə: Putinin əlaltısı Cənubi Qafqazda müharibəyə hazırlaşır” başlıqlı məqaləsində 9 aydan çoxdur Azərbaycan ərazisində qanunsuz ictimai-siyasi və sosial-iqtisadi fəaliyyətlə məşğul olan Ruben Vardanyanın Qarabağdakı məkrli və təxribatçı fəaliyyəti və onun Azərbaycan, Güney Qafqaz, Ukrayna və Avropa İttifaqı üçün böyük təhlükə olmasından bəhs edib. Bundan hansı nəticələri çıxarmaq olar? Bəs görəsən, belə bir şəraitdə Azərbaycan dövləti Ruben Vardanyana qarşı hansı tədbirləri görməlidir?..
– Ruben Vardanyan haqqında bəhs edilən nəşrdə deyilənlər avropalıların rəyidir. Bir şeyi deyə bilərəm ki, Vardanyan Azərbaycan qanunlarını müxtəlif parametrlərdə dəfələrlə pozan, ölkəmizin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və konstitusion quruluşuna qarşı açıq çıxışlar və çağırışlar edən, əlindəki çirkli pullar hesabına Xankəndidə kütləvi separatçı mitinqlər təşkil edən, suveren ərazimizdə qanunsuz ictimai-siyasi və sosial-iqtisadi fəaliyyətlə məşğul olan bir əcnəbi vətəndaş olaraq Azərbaycan hüquq-mühafizə orqanlarının əlinə düşən kimi onun yeri həbsxanadır...
– Necə düşünürsüz, indiki vəziyyətdə artıq Ukrayna barəsində də sanksiya tətbiq etdiyi, arzuolunmaz şəxslər siyahısına salındığı Ruben Vardanyanı həbs etmək və ya heç olmasa, ərazimizdən kənarlaşdırmaq üçün Azərbaycan dövlətinin əlində hansısa real mexanizmlər, rıçaqlar varmı?..
– Bəlkə də Vardanyanı İnterpolla axtarışa vermək olar. Bu, bir az gülməli çıxar... O, hazırda Azərbaycanın öz suveren ərazisindədir, xaricdə deyil və xaricə çıxmaq şansı da yoxdur... Bu cinayətkar, sadəcə, birbaşa Azərbaycanın yox, Rusiyanın nəzarətində olan ərazimizdədir. Odur ki, bu və digər səbəblərdən bizə indi vaxt lazımdır ki, bir sıra mövzuları dünyaya çatdıraq, təbliğ edək, Ermənistanın siyasətini tam ifşa edək və bundan sonra həlledici zərbəni vuranda hamı desin ki, Azərbaycan tam haqlıdır. Bundan sonra Rubeni də, Araiki də, digərlərini də lazımi və qanuni formada cəzalandıra bilərik...