Azərbaycan ordusu sentyabrın 27-də başladığı, 30 ildir Ermənistanın işğalı altında inləyən torpaqlarımızı azadetmə əməliyyatlarında çox böyük uğurlar qazandı. Bu qısa vaxt ərzində dörd şəhər, bir o sayda qəsəbə və iki yüz civarında kəndimiz erməni terrorçuların işğalından qurtarıldı və üçrəngli bayrağımız indi bu vətən torpaqlarında dalğalanmaqdadır. Amma bu uğurumuza münasibət xarici dünyada eyni olmadı. Xüsusən də indiyədək dost dediklərimizin bəzilərindən səs çıxmadı, hansı ki, gözləmədiyimiz, ummadığımız bəzi ölkələrdən çox ciddi dəstək aldıq.
Prosesin davamı olaraq, bir-iki gün öncə Cenevrədə Azərbaycan və Ermənistanın XİN başçılarının görüşü keçirildi və sülh danışıqlarına dönmək razılaşdırıldı. Baxmayaraq ki, atəşkəsin davamlı olacağına inam yox idi, çünki daha öncə də iki dəfə imzalanan atəşkəs razılığını Ermənistan dəqiqələr sonra pozmuşdu. Bəs son məlum Cenevrə görüşünün nəticəsi nə olacaq, görüşdən uzunmüddətli nəsə gözləmək olarmı? Cenevrə danışıqları daha çox Azərbaycanın maraqlarına uyğun keçdi, yoxsa ermənilərin?
Suallara cavab tapmaq ümidi ilə, mövzuya bu dəfə maraqlı tərəfdən yanaşaraq, iranlı jurnalist Taha Kermani ilə söhbətləşdim. Gəlin müsahibəyə birlikdə göz gəzdirək, görək cənab Kermani nələr deyir.
- Cenevrədə 6-7 saat davam edən görüşün sonunda ortaya çıxan nəticə o oldu ki, tərəflər mülki insanları hədəf almamalıdır. Ancaq həmin qərardan sonra Ermənistan yenidən sazişi pozaraq Tərtərdə mülki yerlərə raket atəşi açdı. Umumiyyətlə, məncə Cenevrə görüşləri də daxil olmaqla, bütün bunlar Azərbaycanın ərazi bütövlüyünün bərpasına nəinki kömək göstərmir, əksinə, qərarların hamısı işğalın uzadılmasına xidmət edir - Ermənistanın xeyrinədir. Cenevrə görüşlərini də bu çərçivədə dəyərləndirirəm.
- Qarabağ ərazisində Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatları dünyada birmənalı qarşılanmadı. Türkiyə, Pakistan, Ukrayna, Əfqanıstan və sair kimi ölkələr açıq aşkar Azərbaycana dəstək bildirsələr də, Yunanıstan, Kipr, Fransa və sair Ermənistanı müdafiə etdi. Ən pisi isə o oldu ki, ilk başda bəzi ölkələr imkan daxilində səssiz və ya bitərəf qaldı, işğalçını adı ilə çağırmadılar. Bu ölkələrdən İran, Qazaxıstan və digər türk dövlətləri, ərəb ölkələrini misal çəkə bilərəm. Niyə bu ölkələr qəti şəkildə Ermənistandan qoşunlarını Azərbaycan ərazisindən çıxarmağı tələb etmədilər?
- Bilirsiniz, təəssüf ki, ölkələr Qarabağ məsələsi ilə bağlı hüquq və ədalət naminə deyil, bəlkə də öz marağlarını əsas götürərək münasibət bildirirlər. Hardasa 30 il heç bir hüquq və insanlıq məntiqinə uyğun olmayan işğala göz yummaqla işqalçını dəstəkləyən ölkələrin münasibətini başa düşmək elə də çətin deyil. Burada hər ölkənin məsələyə baxışı və səbəbləri ayrı-ayrı araşdırılmalıdır, amma aşağı-yuxarı hamısının qayğısı hüquq və insani dəyərlər yox, öz marağlarına görədir, o cümlədən İranın da.
- Yeri gəlmişkən, Güney Azərbaycan türklərinin həmrəyliyini necə dəyərləndirirsiniz, Qarabağda gedən müharibəyə, torpaqlarımız işğaldan qurtarılmasına Arazın güneyində yaşayan Azərbaycan türklərinin fikir və görüşlərini sizin dilinizdən eşidib öyrənmək istərdik...
- Qarabağ münaqişəsi bütün türk dünyası üçün son dərəcə həssas mövzudur. Ancaq İran türkəri, xususilə Güney Azərbaycan əhalisi üçün bu bir neçə yönlü məsələdir. Birincisi, Azərbaycan müstəqilliyini bərpa edən gündən bəri Arazın güneyi üçün ilham qaynağı olub. Yəni Bakının gündən-günə inkişaf edərək güclənməsi Təbrizə dərin təsirini göstərib ki, bu da güneylilərin özünə inamını möhkəmləndirib. Tehran hakimiyyəti bu məsələni 1990-cı illərdən əsas problem kimi görüb, quzeydə güclü Azərbaycan dövlətini özünə təhdid qəbul edib. Buna görə də, Qarabağ işğalının uzun illər davam eləməsi və Azərbaycan dövlətinin münaqişəni bu illərdə həll edə bilməməsini Güneydəki azərbaycanlıların qürurunu əzib, ümidlərini qırmaq üçün bənzərsiz fürsət olaraq dəyərləndirib. Təbii olaraq bu gün Qarabağ torpaqlarının azadlığa qovuşması və xüsusilə, Azərbaycanın həm savaş, həm də diplomatiya meydanında gücünün ortaya qoyulması İran türkləri üçün bənzərsiz özünəinam və ilham qaynağına dönüb. Xüsusilə də İranın indiki vəziyətində, hansı ki, millətin hakimiyyətdən narazılığı çox böyükdür və get-gedə də artır, bu hadisə türklər üçün tarixi məsələyə çevrilib. Rahatlıqla demək olar ki, bu gün uzun illərin milli oyanışı Qarabağın azadlığı ilə öz bəhrəsini Güneydə verir. Orada 7-dən 70-ə Qarabağ məsələsi ümumi millətin birinci gündəmidir, Azərbaycançılıq şüurunun güclənməsinə səbəb olub. İranı qorxudan da məhz budur. Çünki qazanılan bu milli ruh və Güney Azərbaycanın Tehrandan ayrılıb Bakıya yaxınlaşması İslam Cumhuriyyətinin qorxulu röyasına dönüb. İran bunun müharibədən sonrakı təsirindən dərin narahatdır.
- Azərbaycan prezidenti müsahibələrdə də dedi ki, son vaxtlar da Ermənistana silah və hərbi texnika daşınır. Maraqlıdır, Azərbaycan, Türkiyə və Gürcüstan ərazisi və səması bağlıdır, amma İran bu daşımalara qadağa qoymur. Mövqeyi də belədir ki, ölkələr arasında müqaviləyə əsasən daşınır yüklər. Sizcə İranın silah-sursat daşımalarına yasaq qoyması doğrudanmı mümkün deyildi? Burada bir qərəz hiss olunmurmu?
- Məsələ çox aydındır: Ermənistanın faktiki istər yürüstü ərazidən, istərsə də səmadan tək çıxış yolu İrandır. İran, günümüzün şərtlərini nəzərdə alarsaq, bu məsələni gizlətmək imkanına sahib deyil və ona görə də həqiqəti yayındırmağa çalışacaq. Üstəlik, Ermənistanın hərbi gücü ortadadır. Əgər ora yeni silah-sursat partiyası gedirsə, heç şübhəsiz ki, İran ərazisindən geçir və bu da birmənalı şəkildə İranın Ermənistana yardımı sayıla bilər. Bu müstəvidə İran fərqli açıqlamalarla gerçəkliyin təsirlərini azaltmaya çalışır. Məsələn, Azərbaycanda müsahibə verən İran Xarici işlər nazirinin muavini Abbas Əraqçi savaşdan sonra Ermənistanla sərhədi bağladıqlarını iddia etdi. Halbuki həmin tarixdə İranın Ankaradakı səfiri Məhəmməd Fərazmənd Ermənistan sərhədinin açıq olduğunu və iki ölkə arasında ticari əlaqələrin dəvam etdiyini dilə gətirmişdi. Müharibənin ilk günlərində İran ərazisindən keçməklə Ermənistana gedən “KAMaz” markalı TIR-lar da qalmaqala səbəb olmuşdu. Öncə rəsmi şəxslər İran ərazisindən Ermənistana bir yükün getmədiyini bildirdilər, daha sonra xüsuysilə Güney Azərbaycanda etirazların başlaması və görüntülərin sosial mediada paylaşılmasından sonra “Bu yüklər Ermənistanla Rusiya arasında bağlanmış ticari anlaşma əsasında sadəcə İran ərazisndən tranzit olaraq keçib” dedilər. Həmin maşın karvanının hərbi məqsədli yük daşıdığını bütün dünya bilir. Demək istədiyim budur ki, İranda şəffaf sistem olmadığından, üstəlik Ermənistanın İrandan başqa yolu olmadığı üçün, İrəvan silah-sursat ehtiyacını tam şəkildə İran ərazisindən təmin edir və bu danılmaz faktdır.
- Ərəb-islam dünyasının mövqeyi bizi sözün əsl mənasında heyrətləndirdi. Başda Səudiyyə Ərəbistanı, Misir olmaqla, heç bir ərəb ölkəsi, İslamiyyətin ən böyük dövləti – İndoneziya açıq şəkildə Ermənistanı ordusunu Azərbaycandan çıxarmağa səsləmədi. Amma müsəlman ölkələrinin susqunluğu qarşısında, İsrail ilk başdan Azərbaycanın yanındadır və çox ciddi mənəvi dəstək verir. Nəticəsi də budur ki, Azərbaycanda kimdən soruşsanız dostlarımız hansı ölkələrdir, mütləq İsrailin adını çəkəcək. Bu barədə nə düşünürsünüz?
- Beynəlxalq siyasət rəqabət dünyasıdır. Hər zaman boşluqları dolduran fərqli ölkələr var. Qarabağ münaqişəsində də vəziyyət eynidir. Unutmaq olmaz ki, Qarabağ son dərəcə istirateji yerdə yerləşir. İsrailin Azərbaycanla dostluğu reallıqdır, İran da bu gerçəklikdən öz iddialarına haqq qazandırmaq üçün maksimum yararlanmağa və Ermənistana etdiyi yardımı haqlı göstərməyə çalışır. Unutmamaq lazımdır ki, Azərbaycan zəngin nəft və qaz qaynaqları olduğu üçün də adlarını çəkdiyiniz ərəb ölkələrinin hamısı ilə rəqibdir. Habelə, Türkiyənin Azərbaycanla əla münasibətləri də Ankara ilə problemi və ya rəqabəti olan ölkələrin aldıqları qərara güclü təsir edir. Ancaq dostluqlar və düşmənçiliklər əbədi deyil. Azərbaycan iradəsini ortaya qoyub, güc dəngəsini öz xeyrinə dəyişdikcə, müxtəlif ölkələr də yavaş-yavaş güclüyə yanaşmağa başlayacaqlar. Şübhəsiz ki, çətin günün dostluğu da, düşmənçiliyi də unudulmaz və Azərbaycan yəqin ki, Qarabağ məsələsini həll edəndən sonra bu məsələyə diqqət yetirəcək, xarici əlaqələrinə müəyyən dəyişikliklər edəcək.
- Ermənilər ilk başdan olduğu kimi, indi də Rusiyanı müharibəyə cəlb etməyə çalışır, amma alınmır. Necə bilirsiniz, Rusiya əsgərinin Azərbaycan torpaqlarında əməliyyata qoşulması necə nəticə verə bilər?
- Bu məsələ bölgədə əməliyyatların başladığı ilk gündən bəri hər iki tərəfin diqqətində olub. Dediyiniz kimi, Ermənistan cəbhədə çarəsiz qaldıqca bu vasitəyə əl atır, ancaq Azərbaycan son dərəcə dəqiq idarəetməylə, məsələn, ermənilərə bəhanə verəcək addım atmır - öz tərazisindən kənara hücum eləmir. Bəlkə də bu ehtimal heç vaxt sıfıra bərabər deyil, amma müharibədən öncəki Ermənistan - Rusiyə və Azərbaycan - Rusiyə münasibətlərinə də baxmaq lazımdır. Paşinyan müharibədən öncə də Rusiyadan uzaqlaşmağa başlamışdı. Eyni zamanda, o, hakimiyyətə ciddi iddialarla gəlsə də, son dərəcə uğursuz nəticə ortaya qoyub. Qısası, hamıya bəllidir ki, Ermənistanın xeyri gedib, zərəri qalıb. Artıq tədricən Azərbaycanın siyasi meydanda da mövqeyi güclənir. Rəsmi Bakı məntiqli idarəçiliklə buradək balansı gözəl bir şəkildə qoruya bilib və meydanda uğurlarını davam etdirib və bundan sonra da əgər gözlənilməz hadisə baş verməsə, daha böyük qələbələri olacaq.
- Azərbaycan tərəfi qeyd edir ki, daha Qarabağda referendum keçirilməyəcək, ermənilərə ancaq mədəni muxtariyyət verə bilərik. Hansı ki, uzun illərdir Azərbaycan Qarabağ ermənilərinə ən yüksək statusda muxtariyyət verəcəyini deyirdi, sadəcə ermənilər razılaşmırdı. Bu mövzuya dair görüşlərinizi bildirin lütfən...
- Bu müstəvidə iddialara deyil, görülüb ölçülə bilən rellığa baxmaq lazimdır. Ermənistan hakimiyyəti bu məsələdə istinad edilə biləcək bir mövqedə deyil. Bir milyona yaxın Qarabağ köçkünü bu iddianın bir başqa sübutudur. Halbu ki, Azərbaycanda praktik mənada fərqli etniklər bir yerdə, əminamanlıq içində yaşayır. Bunu təkcə Azərbaycanda yox, məsələn, Gürcüstanda da görmək olur. Orada da ermənilər və azərbaycanlılar bir yerdə qayğısız yaşayırlar. Prezident İlham Əliyev də dəfələrlə deyib ki, Qarabağda yaşayacaq etnik azlıqlar Azərbaycan vətəndaşı olaraq bütün haqlara sahib olacaqlar. Ağıl və məntiq hökm edir ki, Ermənistanın bu məsələdə qara geçmişi və etibarsız iddiaları yox, Azərbaycanın indiki müsbət təcrübəsi əsas alınsın. Əlbəttə, Azərbaycan bu prosesin şəffaflağını təmin edəcəklərini və bunun üçün bütün imkanları səfərbər edəcəyini də bildirib. Bütün bunların həyata geçməsinin birinci şərti geçmiş 30 ilin uğursuz təcrübəsi, yəni işğalın sonlandırılmasıdır ki, bu işə də artıq başlanılıb.
- Nəhayət, Qarabağda gedən hərbi-siyasi proseslərin sonunu necə görürsünüz?
- Qarabağ məsələsinin çözümə qovuşmasının birinci vacib şərti işğal prosesinin başa çatmasıdır ki, bu iş gedir və son dərəcə önəmlidir. Bura qədər Azərbaycan meydanda qalib olduğunu da göstərib. Siyasət dünyasında da, Azərbaycan bütün təzyiqlərə rəğmən meydanda öz haqq işinə davam edə bilməsi üçün lazımi tarazlıqları qurmağı bacarıb. Bundan sonra da, əgər fövqəladə bir sürpriz olmasa, Azərbaycan torpaqlarını işğaldan azad etmə əməliyyatlarını uğurla başa çatdıracaq. Ancaq aydın məsələdir ki, Ermənistan siyasi dəstək axtarışına davam etməkdədir. Əgər, yenə deyirəm, qeyri-adi bir sürpriz olmasa, haqq yerini tapacaq və Qarabağ əzəli ana vətən topraqlarına qovuşacaq.