Aşqabadda 14 ölkənin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb

12:26 09.10.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün Türkmənistanın paytaxtı Aşqabad şəhərində “Qüdrətli dövlətin yeni intibah dövründə səhiyyə, təhsil və idman” adlı elmi konfrans və sərginin açılışı olub.

Hafta.az-ın yazdığına görə, konfransda Çin, İtaliya, Rusiya, ABŞ, İngiltərə, Rumıniya, Sinqapur, Yaponiya, Cənubi Koreya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan da daxil olmaqla 14 ölkədən ali təhsil müəssisələrinin rektorları, professor və akademiklər iştirak ediblər. Qətər və Belarusdan da beynəlxalq əməkdaşlıq üzrə ekspertlərin də qatıldığı tədbirdə ümumilikdə xarici universitetlərdən 79-dan çox nümayəndənin iştirakı gözlənilir.

Konfrans Türkmənistan Səhiyyə və Əczaçılıq Sənayesi Nazirliyinin əsas qurumlarının və Aşqabadın ali təhsil müəssisələrinin iştirakı ilə 19 hissədən ibarət olacaq. Konfrans türkmən, ingilis və rus dillərində keçiriləcək və oktyabrın 10-dək davam edəcək.

Sərgidə Türkmənistanın tibb, təhsil və idman sahələrində əldə etdiyi nailiyyətlər, eləcə də xarici şirkətlərin bu sahələr üzrə müasir inkişafları nümayiş etdiriləcək. Bundan əlavə, paytaxt sakinləri və qonaqlara təhsil və idman sahəsində dünyanın aparıcı şirkətlərinin ən son texnologiyaları təqdim olunacaq.

Sərgi və konfrans məhsulların təşviqi, biznesin inkişafı, bazar araşdırmaları, eləcə də ölkənin müxtəlif regionlarından və xaricdən olan ekspertlərlə görüşlər üçün əla fürsət olacaq.