Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanın səsini dondurmaq təşəbbüsü yeni dünya düzənində dəyişməyən reallıqları ortaya qoyur. Qərbin, Avropanın digər dövlətlərə özünün oyunçağı kimi yanaşması bir çox güclərin hələ də dünyanı cəngəllik qanunları ilə idarə etmək istəyənlərin ehtirasından irəli gəldiyi bir daha ortaya çıxır. Belə bir şəraitdə Azərbaycan kimi dövlətlərin qərəzlə hədəfə alınması hansı məsələləri ortaya qoyur? Bu istiqamətdə “Həftə içi”nə müsahibə verən Milli Məclisin deputatı Asim Mollazadə mühüm məqamlara diqqət çəkib.
– AŞPA -nın Azərbaycana qarşı qərəzli təşəbbüslə çıxış etməsi nə ilə bağlıdır?
– Avropa Şurası Parlament Assambleyasının Azərbaycanın səsini dondurmaq təşəbbüsü qəbulolunmazdır. Avropanın bir sıra solçu partiyaları tərəfindən bizə qarşı qərəzli oyun başlanılıb. Səbəbləri aydındır və biz bunu Azərbaycanın öz torpaqlarını işğaldan azad edərək haqqını qoruyub bərpa etməsindən sonra daha açıq şəkildə görməkdəyik. Avropanın islamafob və türkafob qrupları hər zaman bir hədəf axtarıb, “böyük qardaşlıq” adı ilə “hücum planları” qurub, onlara necə yaşamağı öyrətmək istəyirlər. Bu, Avropanın neokonolializm düşüncəsində olan nümayəndələrinin dəyişməyən təfəkkürünün absurd, aqressiv yanaşmaları, öz müstəqilliyini qazanan, haqqını tanıyan, azad olmaq istəyən ölkələrə qarşı qısqanc hərəkətləridir.
– Ölkəmizi hədəfə almaqla nəyə nail olmağa çalışırlar? Bu, Azərbaycana, həm də Avropa Şurasının özünə hansı təsirləri özündə ehtiva edəcək?
– Bunun Azərbaycana heç bir ciddi təsiri olmayacaq. Məğlub olmuş siyasətçilər öz daxili maraqları üçün bu cür oyunlar qurublar. Sadəcə olaraq, Avropa Şurası belə hərəkətlərlə yenə də öz simasını itirir, öz dəyərlərini unudub tamamilə fərqli siyasi oyunlara qarışır. AŞPA-nın dəfələrlə öz dəyərlərinə zidd addımlar atması çox təəssüf hissi doğurmaqla yanaşı, həmin təşkilata qarşı inamın, etibarın itirilməsinə gətirib çıxarıb. Düşünürəm ki, nəticədə bu təşkilat tamamilə əhəmiyyətini və bununla paralel bir çox üzvlərini də itirəcək.
Eyni zamanda bu, ilk növbədə, Fransanın apardığı oyunlarla bağlıdır. Fransa bütün Avropa təşkiatlarında ölkəmizə qarşı təzyiqlərini davam etdirir. Hətta buna görə üzv ölkələrinin təmsilçilərini Avropa Birliyində olan maliyyələrinin kəsilməsi ilə şantaj edir. Təəssüflə qeyd etmək lazımdır ki, bir çox hallarda belə oyunlar erməni diasporasının maliyyəsi ilə korrupsiyaya qurşanmış siyasətçilər tərəfindən icra edilir. Digər ölkələr də bu prosesdə öz oyunlarını oynayırlar.
Onlar bu addımları ilə bizi köləyə çevrilməyin astanasına sürükləmək istəyirlər. İstəyirər ki, onlar nə desə, nə əmr versələr onlara boyun əyək. Əsrlərboyu öz müstəmləkələrində belə siyasət aparırlar. Əlcəzair xalqı azadlıq mübarizəsinə başlayanda 2 milyon insanı necə qırdıqları faktdır. Bir çox xalqlar bu qanlı imperiyaların siyasətinin qurbanları olublar. Bu, indi də davam edir.
Təbii ki, bu təşəbbüs, yaxud hansısa qətnamənin qəbul olunması bizə hər hansı ciddi təsir göstərməyəcək, sadəcə olaraq təşkilatın öz simasını itirməsini sürətləndirəcək.
– Ermənistan üzərindən qurulan bu oyunlarda bu dövlətin rolu nədir?
– Burada söhbət Ermənistandan getmir. Ermənistan əhalisi müharibələrdən, revanşist iddialardan, hərbi cinayətkarların oyunlarından bezib. Onlar 30 ildir zəngin ölkələrdə yaşayan erməni diasporasının alovlandırdığı müharibənin qurbanlarına çevriliblər. Revanşist qüvvələr erməniləri bir qurbanlıq kimi görürlər. Həmin qüvvələr hansısa faciələr, yenidən genosid törədib, yenidən dünyaya qışqırıq salıb maliyyə toplamağın marağındadırlar. Bu maliyyəni korrupsiyaya qurşanmış Avropa siyasətçiləri də gözləyir.
Yəni burada Ermənistan yox, zəngin ölkələrdə kök salan erməni diasporasının, lobbisinin maliyyəsi dayanır. Erməni maliyyəsi ilə qurulan bu oyunların arxasında, təbii ki, yenidən, hansısa formada Azərbaycanın ərazilərini işğal etmək iddiası var.
Məsələn, artıq böyük xaotik siyasət aparan Fransanın Makron hakimiyyəti, demək olar ki, gələcək seçkiləri Radikal Millətçi Partiyasına – Lepenə uduzur. Ona görə də Lependən daha faşist görünmək üçün hərəkətlər edir. Nəticədə daxili siyasətində məğlub olan Makron hökuməti maliyyə dəstəyi, səs qazanmaq üçün erməni diasporasını prosesə cəlb edir. Budur, Fransanın hazırkı oyunbazlıqlarının səbəbi və təbii ki, neokonolializm təfəkküründə olmaları. Fransa, xüsusən böyük olmayan ölkələrə özlərinin gələcək koloniyaları kimi baxır. Onlar yeni müstəmləkə olaraq artıq Ermənistanı görürlər. Düşünürlər ki, Rusiya bölgədən çıxarsa, Ermənistanı qazanacaqlar. Orta Şərqdə məğlub olduqdan sonra yeni bir müstəmləkə axtarırlar.
Bütün hallarda heç nəyə nail ola bilməyəcəklər. Bütün bunlara baxmayaraq, Azərbaycan öz yolunu gedəcək. Azərbaycan bu təzyiqlərin müqabilində daha da güclü olcaq.
– Vaxtilə Qarabağ probleminin ədalətli həllinə olan ümidlərə görə Avropa Şurasına üzv olan Azərbaycan əslində Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı bu qurum tərəfindən atılan hansı tədbirlərin şahidi olmuşdu? Avropa Şurası Azərbaycan həqiqətlərini müdafiə etmək üçün nə etdi?
– Hər il Avropa Şurasının fəaliyyətində mənfi istiqamətdə dəyişikliklər gedir. O zamanlar Avropa Şurasında işğalla bağlı bir neçə bəyanatlar verilmişdi. Onların icrası ilə bağlı bir addım belə atılmadı. Ən azı, bu illər ərzində biz həmin qurumların Ermənistana açıq dəstəyinin qarşısını ala bildik. İndi Avropa Şurasının tərkibi, üzvləri dəyişib, Avropa Parlamentinə seçim olacaq və nəticədə, çox güman ki, iki – radikal sağ və solçu qüvvələr orada təmsil olunacaqlar. Avropa ölkələrində real olaraq bu istiqamətdə çox ciddi inkişaf gedir. Bu vəziyyətlə Avropa özünün 1930-cu illərinə qayıdır. İndi Makron isə 1940-cı illər siyasətinə qayıdıb. Bu, özlüyündə Avropada hansı problemlərin mövcudluğunu göstərir.
– AŞPA bu qərarı qəbul edəcəyi təqdirdə, Azərbaycan hansı addımı atmalıdır?
– Avropa Şurasının bu hərəkətləri qəbuledilməzdir. Düşünürəm ki, Azərbaycan buna çox sərt cavab verməlidir. Fransaya qarşı sanksiyaların tətbiqi ilə bağlı Milli Məclisin Beynəlxalq münasibətlər komitəsində bəyanat verilib. Proseslər hadisələrin gedişindən asılı olacaq. Biz isə ağıllı davranıb, Avropanın bu cür oyunlarına qatılmaq istəmirik.
Eləcə də bizə qarşı səslənən iddialarda Azərbaycanda insan hüquqlarının pozulması və müdafiəsi, Avropa missiyasının Laçın sərhəd-buraxılış məntəqəsinə buraxılmaması, erməniəsilli sakinlərə qarşı Azərbaycanda zorakılığın tətbiq edilməsi və bir sıra fərqli bəhanələr uydurulur. Əslində isə onlar heç öz ölkələri daxilində proseslərə nəzarət edə bilmirlər. Fransada yəhudilər qaçırılır, müsəlmanlara qarşı zorakılıq tətbiq edilir, məscidlər yandırılır, rasizm çox ağır həddə çatıb. Ağla sığmayan bir qərar verilib: Korsikada parlamentdə yerli nümayəndələr öz dilində danışa bilməz. Bu hansı haqqa, hüquqa, insan haqlarının qorunması, müdafiəsinə, Avropanın hansı dəyərinə söykənir, istinad olunur?! Təbii ki, absurd qərardır və heç bir müzakirəyə açıq deyil. Biz Avropa Parlamentində bu məsələləri qaldırsaq da, bunların üstü tez ört-basdır edilir, göz yumulur. Digər bir tərəfdən, AŞPA-da Almaniya nümayəndə heyətinin təsdiq olunmaması məsələsi də var. Bunu Almaniya siyasi partiyaları qaldırıblar. İddia olunur ki, Berlində seçkilərdə çox böyük saxtakarlıqlar olub. Ona görə də tələb edirlər ki, Almaniyanın nümayəndə heyəti təsdiq olunmasın. Almaniya nümayəndə heyəti isə Azərbaycana hücum edir. Bu hücumda iştirak edən şəxs isə dəfələrlə “Qazprom” vasitəsi ilə “Şlabe” futbol klubundan pulları alıb öz siyasətinə xərcləməkdə ittiham olunur. Yəni, absurd yanaşmalar var. Bir sözlə, bu gün Avropa Azərbaycan üçün nəinki AŞPA-da səsinin dondurulması, bu qurumun özü belə heç bir əhəmiyyət kəsb etmir.
– Qarşıda Azərbaycana qarşı törədilən beynəlxalq cinayətlərlə bağlı maddi-mənəvi təzminat istənilməsi prosesi var. Avropa Şurasında Azərbaycanın haqsız günahlandırılması ilə bağlı qurulan siyasət, səsimizin, sözümüzün Beynəlxalq Məhkəmələrdə eşidilməsinə qarşı yönələn oyun ola bilərmi?
– Təbii ki, Avropa platformaları Azərbacanla bağlı həqiqətlərin ortaya çıxarılmasında maraqlı görünmür. Bununla yanaşı, həmin böyük ölkələr təbiətin qorunmasından danışır, eyni zamanda, uzun illər Azərbaycanın çaylarının, sularının zəhərlənməsi məsləsində səslərini çıxarmırlar. Yəni həmin ölkələr Azərbaycanla bağlı bu məsələdə də ikiüzlü, qeyri-səmimidirlər. Biz Avropanın bu ölkələri ilə hansı oyunlara qatılıb-qatılmayacağımızı ciddi düşünməliyik.
Bütün hallarda Azərbaycan ona vurulan zərəri, faciələri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün əlindən gələni etməlidir. Biz bütün məhkəmələrə müraciət etməliyik. Hətta, müsbət cavab almasaq belə, öz haqqlarımızı tələb etmək üçün mübarizəni davam etməliyik.
– Azərbaycanla bağlı beynəlxalq müstəvidə baş verən bu cür haqsızlıqların fonunda Ermənistanla sülh müqaviləsinin imzalanmasında hansı əngəllər yarana bilər?
– Təbii ki, bu, sülh müqaviləsinin bağlanmasına qarşı bir maneədir. Onu da nəzərdən qaçırmayaq ki, Azərbaycan son müqaviləsini Ermənistanla imzalayıb. Azərbaycan regionda münasibətləri saxta vasitəçi siyasətçilərlə yox, Ermənistanla tənzimləyir. Ermənistanın dövlət kimi xilası Azərbaycana qarşı iddialarına son qoymaq, sülh sazişi imzalamaq, kommunikasiyaları açmasından keçir. Azərbaycan bölgəni sabitlik, sülhün bərqərar olduğu məkana çevirmək üçün bütün ölkələrlə tərəfdaşlığa nail olmaq istəyir.