Rusiyanın "Sputnik V" peyvəndi "köhnə qitə"ni parçalayır
Hazırda dünyada koronavirusa qarşı hazırlanan peyvəndlərin əldə edilməsi ilə bağlı əsl müharibə başlayıb bənzətməsini işlətsək yanılmarıq. Sirr deyil ki, hələ keçən ilin sonlarından vaksin hazırlığına dair ekspertlər səviyyəsində çox müsbət proqnozlar verilirdi. Xüsusilə də Avropa şirkətləri sözügedən istiqamətdə qısa zaman kəsiyində vaksinə olan tələbatın ödəniləcəyini açıqlamışdı, artıq peyvəndlər də hazırdır. 2021-ci ilin ikinci ayını yaşamağımıza baxmayaraq, dünya üzrə peyvənd istehsalı və vaksinləmə prosesi olduqca ləng gedir. Belə bir şəraitdə isə sürətlə yayılan koronavirus özünün yeni ştammları ilə hər gün minlərlə can alır, milyonlarla insan isə yoluxur. İqtisadi cəhətdən zəif inkişaf edən dövlətlərdə isə vəziyyət daha acınacaqlı hal alıb. Pulun yoxdursa, vaksin də yoxdur.
Məsələnin digər tərəfi isə peyvənd istehsalı ilə bağlı yanaşmanın siyasiləşdirilməsidir. Koronavirus ümumbəşəri problem olsa da, siyasi konfrantasiyada olan tərəflər, xüsusilə də peyvənd istehsal edən ölkələr arasındakı siyasi qarşıdurmalardan ən çox əziyyəti milyonlarla insanlar çəkir.
Bunun əyani nümunəsini Avropa və Rusiya qarşıdurmasında görürük.
“Express” qəzetinin jurnalisti Tim Maknaltinin qənaətincə, Rusiya istehsalı olan "Sputnik V" Avropa Birliyini parçalamaq ərəfəsindədir, artıq belə bir təhdid formalaşıb:
"Avropa ölkələrində peyvəndləmə prosesi çox ləng gedir. “AstraZeneca” və “Pfizer” şirkətləri yetərli sayda peyvənd istehsalını çatdıra bilmir. İtaliya, artıq EMA-nın qərarını gözləmədən Rusiya peyvəndinin tətbiqinə razılıq verəcəyi ilə bağlı təhdidini ortaya qoyub. Romada hesab edirlər ki, "Sputnik V" vaksinasiya proqramını sürətləndirməyə imkan verəcək. Həm də Avropa Birliyinin koronavirusa qarşı mübarizə üçün alternativ mənbələrin tapılması ilə bağlı gördüyü işlər fonunda rus vaksininin tətbiqi "bürokratik qaydalardan yan keçməklə vaxta qənaət" imkanı da yaradacaq".
Qeyd edək ki, rus vaksininə maraq tək İtaliyada deyil. Avstriya və Almaniya kanslerləri Sebastyan Kurts və Angela Merkel də "Sputnik V"yə maraq göstərirlər. AB üzvü olan Macarıstan belə müstəqil şəkildə bu vaksini almağa başlayıb. Çexiyanın da məlum istiqamətdə planlarının olduğu açıqlanıb.
Rusiya vaksininə qarşı açıq şəkildə çıxış edən ölkə isə Litvadır. Müvafiq razılıq olacağı təqdirdə belə, Litva "Sputnik V" sifariş etməyəcəyini bəyan edib.
Portuqaliyanın Público nəşrinin də məsələyə yanaşması maraqlıdır. Nəşr Angela Merkel və Avropa Birliyinin rəhbərlərindən olan Jozeff Borrelin məsələyə münasibətini əsas tutaraq bildirir ki, artıq khnə qitənin qapıları rus vaksini üçün aralanıb.
"Əgər vaksinin keyfiyyəti yüksəkdirsə, nə üçün o qəbul edilməsin? Tək səbəb onun rus istehsalı olmasıdır?" - Avropa Şurasının xarici məsələlər üzrə estoniyalı analitiki Kadri Liik bu qənaətdədir. Onun sözlərinə görə, Rusiya rəhbərliyinin siyasi mövqeyinə görə "Sputnik V"dən imtina ağılsızlıq olardı. "Bununla belə, Borrelin Moskvadan vaksin istəməsi doğru yanaşma deyildi", - Liik deyib.
"Genişlənən Avropa" proqramının sədr müavini Coanna Xosanın sözlərinə görə isə, Borrel son səfəri ilə Rusiyanın etimad göstərilə biləxək tərəfdaş olmadığını anlayıb. Bu səbəbdən AB Moskvaya qarşı daha sərt yanaşma tərzi ortaya qoymalıdır:
"Rusiya tələsik və siyasi amillər səbəbindən tez bir zamanda öz vaksinini istehsal edərək onun imicinə zərər verib. Moskva hesab edirdi ki, bu rəqabətdir və mütləq qələbə qazanmalıdır, lakin əksi ilə üzləşdi. Elmi dairələr Moskvanın belə yanaşmasını tənqid etdilər. Görünən odur ki, artıq onların rus vaksini barədə daha dolğun məlumatları var və "Sputnik V"yə müsbət yanaşırlar".
Ekspert vurğulayır ki, Rusiya vaksindən geosiyasi alət kimi istifadə etməyə çalışaraq özünün uğurunu Avropanın məbluiyyəti kimi göstərməyə səy edəcək.
“Delfi” agentliyi isə Litvanın rus vaksinindən imtinasəna xüsusi yer ayırır. Ölkənin baş naziri İnqrida Şimonitə istinadən bildirilir ki, Litva əhalisi yalnız trans-Atlantik məkana daxil olan ölkələrdə istehsal edilən peyvəndlərlə vaksinasiya ediləcək. Onun sözlərinə görə, Rusiya vaksindən siyasi məqsədlər üçün istifadə edəcək: Rusiyanın özündə peyvənd qıtlığı yarandığı bir vaxtda yaşananların növbəti geosiyasi oyun olduğunu söyləyə bilərəm. Be məndə heç bir şübhə doğurmür".
Göründüyü kimi, artıq məsələ yenə də Rusiya və Qərbin siyasi dairələrinin peyvəndləmə prosesinə nə dərəcədə səmimi şəkildə siyasi maraqlardan kənar yanaşma ortaya qoya biləcəyinə bağlıdır. Bir məqam yenə də unudulur. Bəşəriyyət tək Avropa və inkişaf etmiş Qərb dövlətləri və ya Rusiyadan ibarət deyil. Dünyada peyvəndə ehtiyac duyan milyardlarla insan məhz iqtisadi cəhətdən daha az inkişaf etmiş dövlətlərdə yaşayır. Burada xüsusi olaraq qeyd etmək yerinə düşər ki, Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının fəaliyyətdə olan sədri kimi koronavirusa qarşı mübarizə ilə bağlı BMT-nin xüsusi sessiyasının çağırılması təşəbbüsü, ortaya qoyduğu siyasi iradə əhalisinin və ərazisinin kiçik olmasına baxmayaraq, rəsmi Bakının bir çoxlarından fərqli olaraq ümumbəşəri problemlərlə humanizm baxımından vahid yanaşma tərəfdarı olduğunu göstərir.